Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SSRİ-nı dağıdanlardan biri ilə söhbət
Tarix: 19-11-2016 | Saat: 10:41
Bölmə:M / Karusel / Siyasət / Araşdırma | çapa göndər

SSRİ-nı dağıdanlardan biri ilə söhbət
Dünən işə gələndə SSRİ-ni dağıdanlardan biri ilə yol yoldaşı oldum, xeyli söhbət etdik. Yox, söhbət Mixail Qorbaçovdan, Leonid Kravçukdan və Stansilav Şuşkeviçdən getmir.

Düzdür, SSRİ-nin dağıdılmasında ən çox bu adamların adı hallanır, amma mənim yol yoldaşım bir eloğludur, hazırda eyni məhəllədə yaşayırıq. Fəhlə adamdır, yük avtomobillərindən yük boşaldır, ya da yükləyir. Onunla vaxtaşırı yol yoldaşı oluruq.

Dünən səhər də salamlaşıb yola rəvan olduq.

Hava çox soyuq olduğuna görə söhbət binalara istiliyin verilməsi üzərindən başladı. Qonşum dedi ki, bunlar sovet vaxtı tikilən binalardır, divar panelləri künclərdə əyri-üyrüdür, ha təmir edirsən, yenə divarlar nəmlənir. Dedim, elə olmağına elədir, amma möhkəm binalardır, o vaxt zəlzələ olanda yaxşı tab gətirdi, görünür, bu binaları tikənlər sement-filan işlədiblər.

Belə deyəndə həmsöhbətim qımışdı və dedi: “Mən sovet vaxtı tikinti trestinin beton zavodunda betonqarışdıran olmuşam”.

Zarafatla dedim ki, sizin vaxtınızda indiki kimi olmazdı, yəqin ki, daha keyfiyyətli iş görərdiniz. Eloğlu güldü və söhbətə başladı: “Vallah, biz indikilərdən də betər idik. 250 kilo vurmalı olduğumuz halda 100 kilo sement vururduq. Bir sex rəisimiz vardı, gəlirdi, dururdu, başımın üstündə, deyirdi, 100-lük düyməni bas. Deyirdim, qorxuram, bizi tutacaqlar. Deyirdi, sənin işin yoxdur, bas. Basmayanda, düyməni özü basırdı. Bir dəfə lap az vurmuşduq, plitələr də yaxşı qurumamışdı, kran qarmağına ilişdirib paneli qaldırmaq istəyəndə qarmaq çıxdı, beton ovulub töküldü. Günahı atdıq istixananın gecə işləməməsinin üstünə, birtəhər aradan çıxdıq”.

“Yəqin ki, işlətmədiyiniz sementi satırdınız” - bu mənim özümə də olduqca sadəlövh görünən sualım idi. Eloğlu təsdiqlədi: “Hə, mühəndislər, sex rəisləri satırdılar. Mənə də bahalı pivə, yaxşı yemək-içmək alırdılar, hərdən 3-5 manat da verirdilər. Təkcə sementi satmırdıq ki... Daş da satırdıq, armatur da, üzlük daşlar da. Əlimizə nə keçsə... Kimin imkanı vardısa, hamı satırdı, dartıb-dağıdırdılar”.

Eloğlunun sözlərindən aydın oldu ki, sovet vaxtı tikintidə olan pul və mənimsəmə halları, yəni “yeyinti” heç bir sahədə olmayıb. Tikinti trestlərinin rəisləri milyonçu sayılırmışlar və rayonların ən nüfuzlu adamları olurmuş və yeyinti işlərinə birbaşa özləri baxırmış. Ona görə də bəzən iki ilə təhvil verilməli olan obyekt 5-6 ilə belə başa gəlmirmiş. Hər dəfə tikintiyə ayrılan pulları basıb yeyirmişlər, sonra yeni büdcə ayrılırmış, o da yeyilirmiş, axırda layihə rəhbərini dəyişdirir, yığdıqlarının da çoxunu əlindən alırmışlar.

“1987-dən sonra kiçik müəssisə yaratmaq dəb oldu. Mənim də kiçik müəssisəm vardı. Gedirdik, iri müəssisələrə, mühasiblərlə anlaşırdıq, hesabımıza pul köçürtdürürdük, sonra nağdlaşdırıb bölürdük. Elə olurdu ki, bankda sovxoz- kolxozların, məktəblərin, xəstəxanaların kassirləri oturub gözləyirdilər, amma biz pul çıxarırdıq. Hətta ayda 3 dəfə pul çıxardığımız olurdu ”, - eloğlu söhbət etməkdəydi.

Arada onu keçmişə xiffət hissi basmarlayıb altına aldı, kövrəlmiş şəkildə dedi: “Hayıf, gözəl dövlət idi SSRİ. Bəy kefində dolanırdıq. Hələ mən fəhlə adam idim, amma qaçqın düşəndə sarı bazar kulokları olurdu ha, onunla dolu pul gətirmişdim Bakıya. Ağlım olmadı, iki banderolu ilə ”Nərimanov"da üçotaqlı ev ala bilərdim, almadım ki, qayıdıb iş görəcəm. Sonra gördüm xərclənir, qurtarır, indiki evimi aldım. Allah Qorbaçovun evini yıxsın, gül kimi dövləti dağıtdı, qoydu bizi yaman günə".

Sağollaşıb ayrılmağımıza bir az qalmış dedim ki, eloğlu, Allah Qorbaçovun evini yıxmağına yıxsın, etirazım yoxdur, amma SSRİ-ni təkcə o yıxmadı axı. Sovet fəhləsi bu fikrimlə razılaşdı:

“Hə, biri də Yeltsin idi”. Amma mən razılaşmadım, gülə-gülə dedim ki, yox, biri də sən olmusan. “Sementi, daşı, qumu, armaturu sata-sata, bank maxinasiyaları edə-edə, hər cür fırıldağa əl ata-ata SSRİ-ni dağıtdınız, indi oturub vaysınırsınız”, - dedim.

Eloğlu etiraz etmədi, SSRİ-ni dağıdanlardan biri olmasıyla razılaşdı. Bəlkə də bu, dissidentliyin bir növüdür. Adam dolayısı ilə ölkəmizə müstəqillik qazandırıb.

Musavat.com


Xəbəri paylaş

1 0158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___