Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir: "Səhiyyəmiz bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır"
Tarix: 08-10-2016 | Saat: 09:15
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər

Nazir: "Səhiyyəmiz bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır"

"Bu gün Azərbaycanı bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan ölkə kimi tanıyırlar. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Vətənimiz hər sahədə inkişaf edir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir və bu məsələ 2016-cı ildə də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub".
"Xəbəraz.az " AZƏRTAC-a istinadən bildirir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Səhiyyə naziri bildirib: "Maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur edir. Əksər ölkələr bunu məhz sosial sahələr hesabına edirlər. Azərbaycanda isə, əksinə, səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə 2016-cı ildə əlavə olaraq 83 milyon manat ayrılıb. İndi həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedir.

Ənənəvi olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarının - Gəncə şəhəri 1 nömrəli Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanalarının açılışında dövlətimizin başçısı şəxsən iştirak edib. Hazırda daha 8 rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Onlardan üçünün - Neftçala, Masallı, Zərdab xəstəxanalarının bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

On il əvvəl, cənab Prezident, Siz qarşıya belə bir məqsəd qoymuşdunuz ki, insanlar tibbi yardımı məhz yaşadığı yerdə ala bilsin, hər bir müayinə və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən xilas olsun. Artıq bu, reallıqdır. Qısa vaxt ərzində bir neçə xəstəxananın da tikintisi başa çatdıqdan sonra əminliklə deyə bilərik ki, Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir".

O.Şirəliyev qeyd edib ki, ölkə səhiyyəsinin inkişafında, insanların sağlamlığının qorunmasında dövlət proqramları da mühüm rol oynayır: "Ümumiyyətlə, bu proqramlar səhiyyənin ən ağır, həyati əhəmiyyət daşıyan problemlərinin həllinə yönəlib. Nəticə olaraq, bu gün deyə bilərik ki, dövlət tərəfindən bu proqramlara ayrılan vəsait həm minlərlə insanın müalicəsini, həm də səhiyyənin müxtəlif sahələrinin inkişafını təmin edib.

Belə ki, vaxtilə ölkəmizdəki yeganə dövlət dializ mərkəzində cəmi 431 xəstə müalicə alırdı, 800 nəfər xəstə növbə gözləyirdi. Bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə alır. Mərkəzlərdən üçü məhz bu il istifadəyə verilib, daha biri də ilin sonunadək açılacaq.

Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi nəticəsində, diabetin ağır formaları, fəsadları dəfələrlə azalıb. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb. Qeyd etmək lazımdır ki, təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstələrin dərman təminatını da dövlət öz üzərinə götürüb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi bu gün həmin xəstələrin müalicəsini tam həcmdə həyata keçirir, onları lazımi dərman və qan preparatları ilə təmin edir".

Səhiyyə naziri əlavə edib ki, artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub: "Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. 35 uşağa sümük iliyi köçürülüb və ilin sonunadək daha 15 nəfərin əməliyyat olunması planlaşdırılır. Əlamətdar haldır ki, ilkin olaraq ilik transplantasiyası xarici mütəxəssislərin köməyi ilə edilirdisə, indi artıq öz mütəxəssislərimiz tərəfindən aparılır.

İrsi qan xəstəliklərinin qarşısını almaq məqsədilə nikaha daxil olanların tibbi müayinəsi də böyük əhəmiyyət daşıyır. Bu ilin 9 ayı ərzində 113 min nəfər müayinədən keçib, 3587 talassemiya daşıyıcısı aşkarlanıb. Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə yanaşı, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün "ASAN xidmət" mərkəzlərində həyata keçirilib. Bu müayinələr həm xəstəliklərin vaxtında aşkarlanmasına, həm də insanların düşünülmüş qərar qəbul etməsinə xidmət edir. Əlbəttə ki, ən vacibi irsi qan xəstəliklərinin yayılmasının qabağının alınması, sağlam körpələrin doğulmasıdır.

Yeri gəlmişkən, hazırda Azərbaycanda yeni diridoğulma meyarlarına uyğun olaraq, vaxtından xeyli tez, ekstremal az çəki ilə doğulan körpələrin də xilası istiqamətində ciddi işlər görülür. Doqquz ay ərzində 1000 qramdan az çəkili 102 körpəni xilas etmək mümkün olub".

O.Şirəliyev deyib ki, ölkənin epidemioloji vəziyyəti təkcə səhiyyənin deyil, həm də ümumi inkişafın göstəricilərindən biridir: "Bu il region ölkələrində epidemioloji gərginliyə baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik təmin olunub. Belə ki, qış aylarında, demək olar ki, bütün qonşu ölkələrdə H1N1 virusu epidemiyası nəticəsində yüzlərlə ölüm hadisəsi qeydə alınmışdı. Azərbaycanın həmin ölkələrlə nəqliyyat əlaqələri kəsilməsə də, gömrük və sərhəd xidmətləri ilə birgə görülən xüsusi tədbirlər, ciddi nəzarət sayəsində epidemiyanın ölkəmizə keçməsinin qarşısı alındı.

Digər yoluxucu xəstəliklərlə bağlı da tam sabitlik qeydə alınıb. Əgər bir müddət əvvəl il ərzində Azərbaycanda on minlərlə qızılca, məxmərək, epidemik parotit hadisəsi baş verirdisə, bu gün həmin xəstəliklər ləğv edilib və ya eliminasiya səviyyəsinə çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu ölkəmizin bu nailiyyətini yüksək qiymətləndirib, bu münasibətlə ünvanladığı müraciətdə səhiyyəyə ayırdığı diqqət və qayğıya görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Möhtərəm cənab Prezident!

Siz hər dəfə ictimaiyyətlə, sadə insanlarla görüşəndə onlara öz sağlamlığına qarşı diqqətli olmağı, heç olmasa ildə bir dəfə tibbi müayinələrdən keçməyi məsləhət görürsünüz. Bu tövsiyəniz son illər artıq ənənəyə çevrilib. Elə bu il də ölkənin bütün şəhər və rayonları üzrə 5 milyon 373 min nəfər səhiyyə müəssisələrində tam müayinə olunub. Müxtəlif xəstəliklər aşkarlanan 650 mindən çox insan ambulator, 42 min 800 nəfər stasionar müalicəyə cəlb edilib. Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi öz müsbət nəticələrini göstərəcək.

Səhiyyənin inkişafının mühüm şərtlərindən biri də yüksəkixtisaslı kadr hazırlığıdır. Son illər tibb təhsilində rezidentura pilləsinin tətbiqi, həkimlərin sertifikasiyası, mərkəzləşdirilmiş işəqəbul imtahanları, mütəxəssislərin tanınmış xarici klinikalarda hazırlıq keçmək imkanı və digər tədbirlər həkim kadrlarının hazırlığı sisteminə mahiyyətcə yeni yanaşma formalaşdırıb. Nəticədə, vaxtilə ölkəmizdə əlçatmaz olan müasir diaqnostik tədqiqatlar, mürəkkəb kardiocərrahiyyə, invaziv, transplantasiya, süni oynaq əməliyyatları bizim tibb mərkəzlərində, yerli mütəxəssislər tərəfindən həyata keçirilir".

Səhiyyə naziri qeyd edib ki, Azərbaycan səhiyyəsi bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır: "Bunu xarici mütəxəssislər də qeyd edirlər. Belə ki, ölkəmizdə bu ilin ən mühüm idman hadisəsi - altı yüz minə yaxın tamaşaçısı olan "Formula-1" yarışlarının hazırlıq mərhələsində təşkilatçılar qarşıya çox ciddi tələblər, o cümlədən tibb xidmətinin təşkili ilə bağlı şərtlər qoymuşdular. Bunlar nəinki idmançıların ilkin tibbi yardımının təşkili, ümumiyyətlə, müasir tibb infrastrukturunun olmasını tələb edirdi. Yalnız tibb müəssisələrinin təchizatını, personalın səviyyəsini, tibbi yardımın təşkili vəziyyətini öyrənəndən sonra yarışda tibb xidmətinin təşkilini Azərbaycana həvalə etdilər.

Səhiyyəmizin son illərdə tərəqqisini müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın tanınmış "The Legatum Institute" tədqiqat mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb.

Sevindirici haldır ki, bu il ölkəmizin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir. Ölkəmizə xarici qonaqların, turistlərin axınını nəzərə alsaq, JCI sertifikatlı səhiyyə müəssisələrinin olması beynəlxalq sığorta şirkətləri üçün çox vacib amildir.

Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendum xalqın dövlətlə birliyini bir daha göstərdi, bütün Azərbaycan xalqının, o cümlədən səhiyyə ictimaiyyətinin iradəsini ifadə etdi. Ümumxalq səsverməsində iştirak edən səhiyyə işçiləri ölkəmizdə sabitliyə, əmin-amanlığa və inkişafa səs verdilər. Sizin diqqət və qayğınızı həmişə öz üzərində hiss edən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər.

Diqqətinizə görə minnətdaram".


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___