Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Abbas: "Şiəliyi yıxıb sürüyənlərə bir xatırlatma"
Tarix: 29-09-2016 | Saat: 11:14
Bölmə:M / Karusel / Gündəm / İbadət | çapa göndər

Aqil Abbas: "Şiəliyi yıxıb sürüyənlərə bir xatırlatma"

"Xəbəraz.az " adalet.az-a istinadən Aqil Abbasın yazısını təqdim edir:

Son zamanlar bir para ziyalı qılınclarını çəkib düşüblər şiəliyin üstünə. Əslində əsas hədəf Şah İsmayıldır, bu barədə yaxın nömrələrin birində fikrimi bildirəcəm.
İndi şiəliyi az qala islamın düşməni elan edənlərə bir balaca xatırlatma.
Məhərrəmlik başlayanda Bakıda qeyri-müsəlmanlar, yəni nə ruslar, nə ermənilər, nə də yəhudilər toy eləmirdilər. Toy etsəydilər də onlara kimsə güldən ağır bir söz deməyəcəkdi, amma etmirdilər. Niyə? Yaşadıqları şəhərdəki insanların adət-ənənələrinə, inanclarına hörmət əlaməti olaraq. Qeyri-müsəlmanlar şiələrin inanclarına hörmət edirdilər. Bildiyiniz kimi də Bakının 90 faizi şiədir. İndi müsəlman qardaşlarımız niyə bu şiəliyi topa tuturlar, bu insanların inanclarına hörmət etmirlər, başa düşmürəm.
Bəlkə, dünyanın sonuncu peyğəmbərinin övladlarını, sevimli kürəkənini (həm də əmisi oğlunu, özü də onu boya-başa çatdıran əmisinin oğlunu), nəvələrini, nəticələrini bu şiələr qırıblar, diyarbədiyar ediblər?
Sizin ayrı işiniz-gücünüz yoxdur, ayrı bir probleminiz yoxdur, inancları niyə qarşı-qarşıya qoyursunuz? Əvvəllər bunu Avropa ölkələri edirdi, müsəlmanları bir-birinə qırdırırdı, indi sizə nə düşüb bu missiyanı öz üzərinizə götürmüsünüz?
Mən yazmışam, yenə yazıram. Həzrəti Əlini nə qədər sevirəmsə, həzrəti Əbubəkrə, həzrəti Ömərə, həzrəti Osmana da bir o qədər sevgim və hörmətim var. Siz niyə həzrəti Əliyə bu qədər düşmənçilik edirsiniz və onun nəslinə və onu sevənlərə də düşmənçilik edirsiniz, nifrət edirsiniz? Mən "Tarixi-Nadir"i də oxumuşam, Yunus Oğuzun "Nadir şah" əsərini də, yenə sizi başa düşə bilmirəm.
İki qəribə hadisəni də xatırladım, bəsdir. Ağdam əhalisi şiədir, yalnız bir kəndindən başqa: Xıdırlı. Bu kənddən də çox böyük ziyalılar çıxıb, bəziləri də xaricdə təhsil alıb.
Fransada tibb təhsili almış bir bəy dönüb vətənə, çıxıb kəndin təpəsinə, camaat da yığışıb başına. Aşura günüymüş.
Bəy camaatdan soruşur:
- Aşağıdan, Şellidən ağlaşma səsi gəlir. Orada kim ölüb?
- Bəy, heç kim ölməyib ey, Aşuradır, imamlara yas saxlayırlar.
Bəy deyir:
- Hə, hə, başa düşdüm.
Sonra yenə soruşur:
- Yaxşı, bu Əhmədavar tərəfdə də ağlaşmadır, orada kim ölüb?
- Bəy, orada da heç kim ölməyib, imamlara yas saxlayırlar.
Bəy yenə deyir:
- Hə, hə, başa düşdüm.
Yenə soruşur:
- Bəs bu Qiyaslı tərəfdən də ağlaşma səsi gəlir, orada kim ölüb?
Camaat yenə deyir:
- Bəy, alim adamsınız, dedik axı, orda da imamlara yas saxlayırlar.
Bəy üzünü tutur dağın döşündəki Xoramurd kəndinə:
- Bəs oradan niyə ağlaşma səsi gəlmir?
Camaat:
- Bəy, onlar niyə ağlasın ki, onlar ermənidir axı.
Bəy istehza ilə deyir:
- Bəs siz niyə ağlamırsınız, siz də ermənisiz?
O gündən sonra Xıdırlı camaatı da Məhərrəmlik keçirməyə başlayıb.
Bir dəfə 1 Mayla Aşura günü eyni günə düşmüşdü. Qarabağda məscid kimi fəaliyyət göstərən yalnız Ağdam məscidiydi. Aşura günü Qarabağın bütün bölgələrindən - Kəlbəcərindən, Laçınından, hətta Qubadlıdan tutmuş, Füzulisi, Ağcabədisi, Şuşası, Tərtəri, Ağdərəsi... hamı axışırdı Ağdama. Yollar bağlanırdı, çünki məscidin ətrafında, bəlkə, əlli minə yaxın insan olurdu. Kimi ehsan verirdi, ehsana gücü çatmayan şərbət paylayırdı, yuxanın arasında halva paylayırdı, Qasım otağı bəzədilirdi, nə isə...
1 Mayda axı həm də nümayiş olurdu. Lenin heykəlinin önündən kolxozlar, kəndlər, məktəblər, ictimai təşkilatlar əllərində politbüro üzvlərinin şəkilləri, bayraqlar, şuarlara "ura" deyə-deyə keçərdilər. Mən də orta məktəbdə oxuyurdum və oradan "ura" deyə-deyə keçənlərin arasında mən də olurdum.
Bəli, vəziyyət ağırdı, həm nümayiş, həm də Aşura. Sadıq Murtuzayev rayon Partiya Komitəsinin birinci katibiydi. Ağdamın inkişafında müstəsna xidmətləri olmuş çox görkəmli bir ziyalı.
Çağırır Ağdamın axundunu yanına ki, sabah 1 Maydır, bilirsən, nümayiş var, nümayiş də saat 10-da başlayır. Sən tədbiri keçirt günortadan sonraya.
Axund:
- Sadıq müəllim, mənim əlimdə televiziya yox, qəzet yox, özünüz də bilirsiniz ki, bura Qarabağın hər yerindən gəlirlər. Mən onlara necə çatdırım ki, siz saat on birdən-on ikidən sonra gəlin Ağdama. Mən neyləsəm, camaat saat ondan məscidin önünə yığışmağa başlayacaq. Sizin əlinizdə imkanlar var, bəlkə, siz nümayişi bir saat önə çəkin, qarışıqlıq düşməsin.
Sadıq müəllim bir qədər fikrə gedib deyir:
- Düz deyirsən, biz bir saat önə çəkərik, çalışarıq nümayiş tez də bitsin.
Elə də oldu. Hər katibin işi deyildi e bu.
Biz də ayın 1-də "ura"mızı çığırdıq, sonra da sinif yoldaşlarıyla birlikdə getdik məscidin qabağına, şərbət içməyə.
Bir də belə bir bayatı oxuyardıq, xorla:
İmam gəlir atında,
Qızıl çalma başında.
İmamı harda saxlayaq?
Ürəyimizin başında.
Mən dini mövzulardan uzaq adamam. Amma bəzi adamlara nələrisə xatırlatmaq məcburiyyətində qaldım. İmamı ürəyinin başında saxlamaq istəyənlərlə və saxlayanlarla düşmənçiliyinizi necə başa düşək?!


Xəbəri paylaş

9268 dəfə oxunub.

Digər xəbərlər
3-03-2016, 10:13 3 mart TARIXDƏ BU GÜN

bütün xəbərlər
____ Instagram ___