Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Cavid Qurbanov doğru deyir...”
Tarix: 26-05-2016 | Saat: 20:12
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər

 “Cavid Qurbanov doğru deyir...”
Vahid Əhmədov: “DHL kimi nəhəng beynəlxalq daşımaçılıq şirkətləri ilə razılaşmaların büdcəmizə böyük gəlirlər verəcəyi şübhəsizdir”
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, deputat Cavid Qurbanov “Yeni Müsavat”a son müsahibəsində Azərbaycanın iqtisadiyyatı üçün ciddi əhəmiyyət daşıyan bir hadisə barədə açıqlama vermişdi.

Cavid Qurbanov bildirmişdi ki, bugünlərdə İstanbulda görüşlər keçirib, həmin görüşlərdən biri də Almaniyanın nəhəng beynəlxalq daşımaçılıq şirkəti olan DHL-in Çin üzrə rəhbərləri Stiven Hank və Kərəm İnanc ilə olub, həmin şəxslərlə protokol imzalanıb: “İlkin razılaşmaya əsasən DHL tranzit yükləri Azərbaycan üzərindən daşıyacaq. Bakıdan keçməklə Avropaya, Asiyaya, Rusiyaya və başqa yerlərə yüklər daşınsın. Bizim əsas məqsədimiz odur ki, Bakını bir mərkəzə çevirək, bütün yüklər Bakıya toplansın və burdan paylansın”.

Qeyd edək ki, Almaniyanın beynəlxalq daşımaçılıq şirkəti DHL-in illik dövriyyəsi milyardlarla dollarla ölçülür. Bəs belə bir şirkətin Çin üzrə nümayəndəliyinin rəhbərləri ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin əldə etdiyi rəsmi razılaşmaların gələcəkdə Azərbaycan üçün əhəmiyyəti nədən ibarət ola bilər?

Baş nazirin sabiq birinci müavini, deputat Vahid Əhmədov bu mövzunu “Yeni Müsavat”a şərh edib. Bildirib ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə rəisi təyin olunandan elə də uzun müddət keçməyib. Ancaq qısa zaman ərzində bu sahədə çox böyük işlər görülüb: “Cənab prezidentin dəstəyi ilə Cavid Qurbanov Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər gətirəcək bu sahəni inkişaf etdirməkdədir. Birincisi, fikir verdinizsə, Astara üzərindən körpünün tikilməsi və İrana dəmir yolunun çəkilməsi ilə əlaqədar böyük işlər görülür.

Hətta bu yaxınlarda biz Milli Məclisdə qanuna dəyişiklik elədik ki, oradan Azərbaycana, Azərbaycandan oraya gedən avtomobil yüklərindən üç il müddətində vergi tutulmasın. Bu da Cavid Qurbanovun təşəbbüsü idi. Bilirsiniz ki, Ələtdə böyük bir liman tikildi. Azərbaycan elə bir nöqtədə yerləşir ki, Avropa ilə Asiyanı birləşdirir və Çinin də buradan yükləri gedir. Son hadisələrdən sonra Ukraynanın yüklərinin Azərbaycan vasitəsilə daşınması, Türkiyə-Rusiya arasında münasibətlərin gərginləşməsi nəticəsində Türkiyədən böyük yük maşınlarının Azərbaycan ərazisindən buraxılması və digər hadisələr onu göstərir ki, Azərbaycanın yükdaşımalar üçün ən uğurlu mərkəz olmasına maraq çoxalıb. Digər tərəfdən, Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir və dəmir yolu sahəsində dirçəliş də bu islahatların tərkib hissəsidir. Bu islahatların iqtisadi nəticələrini ola bilsin ki, indi hiss etmirik. Ancaq bir ildən, il yarımdan sonra cəmiyyətimiz öz həyatında bu islahatların nəticələrini hiss etməyə başlayacaq”.

V.Əhmədov deyib ki, nəqliyyat, daşıma şirkətlərinin də Azərbaycana marağı çox böyükdür: “Böyük İpək yolu Çini Avropa ilə birləşdirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu ilin payızında istifadəyə verilməlidir. Bu cür dəmir yolu xətləri DHL kimi nəhəng daşımaçılıq şirkətlərini cəlb edir. Belə bir nəhəng beynəlxalq daşımaçılıq şirkətinin Çindən daşımaları Azərbaycan üzərindən həyata keçirməsinin ölkəmizin büdcəsinə böyük gəlirlər verəcəyi şübhəsizdir. Həmin şirkətlə protokol imzalanmasının böyük əhəmiyyəti var. Çin dünya iqtisadi nəhənglərindəndir və faktiki olaraq dünyadakı bütün dövlətlərə öz məhsullarını ixrac edir. Bəzi dövlətlərdən məhsullar idxal edir. Bu ölkənin daşımaları həddən artıq böyükdür. Çinlə Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri yüksək səviyyədədir. Azərbaycanın özünə idxal olunan Çin mallarının da daşınmasında həmin şirkətin xidmətindən istifadə edilə bilər. Bu da iqtisadi baxımdan Azərbaycanın xeyrinə olar. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi olması gündəmdədir. Burada əsas yerlərdən birini təbii ki, dəmir yolu nəqliyyatı tutacaq. Dövlət başçısı tərəfindən bu işə çox ciddi dəstək var. Açığını deyim ki, Cavid Qurbanov bu işlərin həyata keçirilməsi üçün çox uğurlu bir kadrdır. Az bir müddətdə xeyli uğurlu işləri həyata keçirməsi göz önündədir. Cavid Qurbanov doğru deyir, Azərbaycan tranzit nəqliyyat mərkəzinə çevriləcək. Ələt limanının istifadəyə verilməsi, orada xüsusi iqtisadi zonanın yaradılması barədə prezidentin fərmanı, İranla dəmir yolunun açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və digər layihələrin gerçəkləşməsi Azərbaycanı tranzit mərkəzə çevirəcək”.

Deputat onu da vurğuladı ki, Azərbaycanın tranzit mərkəzə çevrilməsinin gətirəcəyi gəlirlər, ölkəmizin neftdən asılılığını aradan qaldırmaqda ciddi rol oynaya bilər: “Neftdən asılılığı aradan qaldırmaq üçün müəyyən proqramlar həyata keçirilir. Nəqliyyat daşımaları da proqramın bir hissəsidir. Nəqliyyat elə bir sahədir ki, orada gəlirlər yüksək olur. Bu sahəyə biz əvvəllər elə də böyük önəm verməmişik. Son vaxtlar çox ciddi önəm verilməyə başlanıb. Nəhəng şirkətlərlə imzalanan protokollar, yuxarıda qeyd etdiyim həyata keçirilən işlər də bu sahəyə önəm verilməsinin göstəricisidir. Biz artıq neftsiz dövlət büdcəsi formalaşan ölkəyə çevrilmək iqtidarındayıq”.


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___