Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vəfa müəllim 7 rayonun qayıtması haqda – Yeni suallar
Tarix: 02-05-2016 | Saat: 15:33
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Vəfa müəllim 7 rayonun qayıtması haqda – Yeni suallar

Bu gün Azərbaycanın məşhur siyasi xadimlərindən olan Vəfa Quluzadənin ölümündən bir il keçir. Azərbaycanın xarici siyasətinin formalaşmasında rol alan bu şəxsin bir zamanlar söylədiyi fikirlər indi də öz aktuallığını qoruyub saxlayır.

Vəfa Quluzadə dövlət müşaviri kimi Qarabağ danışıqlarında iştirak etdiyi üçün bu yöndən mərhum siyasi xadimin şərhləri hər zaman diqqətçəkici olurdu.

Qarabağ müzakirələrinin son günlər daha ciddi aparıldığını nəzərə alaraq, Vəfa Quluzadənin bununla bağlı müxtəlif müsahibələrində və açıqlamalarındakı fikirlərini müsahibə formasında yenidən təqdim edir.

Hazırladığımız müsahibədə yeni dövrə aid qoyduğumuz suallara Vəfa müəllimin vaxtilə verdiyi cavablar əksini tapıb. Və müsahibə hazırlanarkən, bir məqam xüsusilə özünü göstərdi: tarix təkrar olunur və hər yeni situasiyada dövlətlərin dəyişməz siyasəti köhnə yanaşmanı aktuallaşdırır.


- Vəfa müəllim, Rusiya vaxtaşırı olaraq Jirinovskinin simasında yenidən erməniləri müdafiə edir. Ötən gün isə Jirinovski “Qarabağda Rusiya bayrağı dalğalanmayınca sülh olmayacaq” fikrini dövriyyəyə buraxdı. Maraqlıdır, Rusiya niyə hələ də belə simalardan istifadə edir?

- Jirinovski o vaxt Qarabağda Rusiyanın hərbi bazasının yerləşdirilməsi təklifini dilə gətirmişdi. Onun fikrincə, Dağlıq Qarabağ nə bizim, nə ermənilərin, yalnız Rusiyanın olmalıdır. Rusiya Qarabağı onsuz da erməni adı ilə işğal edib. Rusiya istəyir ki, Azərbaycan diz çöküb Qarabağı onlara bağışladığını desin. Lakin Azərbaycan heç vaxt bunu etməyəcək. Ona görə də Jirinovskinin bəyanatları olduqca başsız çıxışlardır. Jirinovski kimi adamın gəlib yüksək vəzifə tutması (Jirinovski Dumanın vitse-spikeridir – red.) Rusiya dövlətinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir. Sovet dövrü Rusiyanın ən güclü dövrü idi. SSRİ zamanında Jirinovski kimi adamlar küçə süpürürdü. Sovet dövründə siyasi iqtidar var idi. Siyasi iqtidar Kommunist Partiyası, Siyasi Büro idi və güc strukturları ona tabe idi. İndi isə Rusiyada hərc-mərclikdir. Burada siyasi hakimiyyət yoxdur. Rusiyanı güc strukturları idarə edir və Jirinovski də onların bir nümayəndəsidir. O, KQB-nin adamıdır və hər zaman da belə qalıb. Bir ölkədə ciddi siyasi hakimiyyəti yalnız güc strukturları idarə edirsə, deməli, onun vəziyyəti olduqca pisdir.

- Dördgünlük müharibədən sonra Ermənistanda Sərkisyan əleyhdarlarının sayı artıb. Bəzi ekspertlər Moskvanın Sərkisyandan canını qurtaracağını deyirlər. Siz necə fikirləşirsiniz, Sərkisyanın hakimiyyətdən getməsi Qarabağda irəliləyişə səbəb ola bilərmi?

- Qarabağ Moskvanın günahıdır. Moskva Sərksiyanın cəmiyyət arasında hörmətdən düşdüyünü və bunun Rusiyanın avtoritetinə ziyan vuracağını görüb onu dəyişirsə, bunun bizə bir xeyri olmayacaq. Üstəlik, Qarabağ konflikti üçün də heç bir xeyirli şeyi bu dəyişiklikdən gözləmək gərək deyil. Əgər Ermənistan müxalifəti Moskvanın iştirakı olmadan xalqı ayağa qaldırıb Sərkisyanı devirsə, o zaman Qarabağda irəliləyiş olacaq. Həmin vaxt ermənilər öz talelərini əllərinə alıb, onu həll etməyə çalışacaq. Müharibə şəraitində Ermənistan çökür və inkişafı üçün müsbət heç bir şey yoxdur. Bu, tam aydındır.

- Son günlər bir çox politoloqlar işğal altında olan 7 rayonun Azərbaycana qaytarılması məsələsi ilə bağlı mövqe sərgiləyirlər. Bu, nə dərəcədə reallığa yaxındır?

- Rusiya 20 ildir ki, bizi aldadır. Hər dəfə Ermənistanla sülhə imkan yarananda, Rusiya bunu pozur. Sözün düzü, Rusiyanın bizimlə bağlı strategiyasının dəyişməsinə inanmıram. Kremlin öz siyasətini dəyişməsinə böhran, sanksiyalar və sairə təsir edə bilər. Amma qəti nəsə söyləmək olmaz. İnanmıram ki, Rusiya Azərbaycana 7 rayonu qaytarsın. Moskva Bakıya 7 rayonu yalnız Azərbaycanın Qarabağdan imtina edib onu Ermənistana vermək qərarına gələndən sonra hansısa don geyindirib qaytara bilər. Bununla da Azərbaycan öz müstəqilliyindən imtina edib İrəvanın gününə düşər. Yəni Azərbaycan öz taleyini Rusiyaya verir, o isə bizdən istədiyi kimi istifadə edir. Bax, bu cür Rusiya-Azərbaycan əlaqələrinin tam əleyhinəyəm. Bilmirəm, bu mümkündür, ya yox. Arzu edərdim ki, mümkün olmasın.

- Son proseslərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun aktivliyi müşahidə edilir. O, bir ay ərzində artıq iki dəfə İrəvanda olub…

- Lavrovun İrəvana getməsi də bir oyundur. Onlar, sadəcə, Sərkisyanı Moskvaya dəvət edib deyə də bilərdilər ki, Qarabağda 1-2 rayonumuzu boşaltsınlar. Amma bunu etməklə bizim suverenliyimizi əlimizdən ala bilməzlər. Tutaq ki, iki rayon boşaldı. Bəs ondan sonra nə olacaq? Rusiya bu məsələnin həllindən sonra yenidən öz qoşunlarını Azərbaycana qaytarmaq istəyir. 1994-cü ildə Budapeşt sammitindən sonra Rusiya çalışırdı ki, BMT rus qoşunlarının Qarabağa yerləşdirməsi üçün onlara mandat versin. İndi Lavrov deyəcək ki, gəlin, sizin rayonları boşaldaq, amma ora rus qoşunları sülhməramlı kimi gətirilsin. Biz də o sülhməramlıların nə olduğunu artıq Abxaziyada, Osetiyada görmüşük. Buna isə iqtidar heç vaxt razı olmamalıdır.

- Vəfa müəllim, Dördgünlük müharibə aprelin 5-də Rusiyanın birbaşa müdaxiləsi ilə sona çatdı və tərəflər Moskvada atəşkəsə əməl etmək barədə razılığa gəldilər. Amma Rusiyanın bu məsələdə aktivliyinə baxmayaraq, ermənilər cəbhədə hələ də təxribatlarla məşğuldur. Buna səbəb nədir? Yəni İrəvan Moskvanın iradəsinə qarşı çıxır?

- Dəfələrlə demişəm, cəbhə xətti Moskvadan idarə edilir. Buna heç bir şübhəniz olmasın ki, cəbhədə atılan hər bir güllənin əmri Rusiyadan gəlir. Moskva desə ki, dayan, onda ermənilər sakitləşəcəklər. Bir dəfə Moskvasız 1999-cu ildə böyük hay-küy qalxmışdı ki, Ermənistanla Azərbaycan artıq Qarabağı həll ediblər. Onda atəşkəs xəttində atışmanın dayandırılması, snayperlərin fəaliyyətsizliyi haqqında qərar qəbul etmişdik. Ermənilər də buna razılıq vermişdilər. Bir adamın başından tük əskik olmurdu. Rusiya Ermənistanın parlamentini gülləbaran edib İrəvanı cəzalandırdı və yenidən bu hadisələr başladı.

- Bəs Ermənistanla Azərbaycan ikitərəfli qaydada, hər bir üçüncü qüvvə olmadan həll etmək iqtidarında deyillərmi?

- Əgər iş Azərbaycanla Ermənistana qalsaydı, biz burada həqiqətən böyük nailiyyətlər əldə etmişdik. Məsələn, 1999-cu ildə Heydər Əliyevlə Köçəryanın arasında danışıqlar oldu. Bu danışıqların pərdə arxasında Ermənistanın güclü şəxsiyyətləri Vazgen Sərkisyan, Karen Dəmirçiyan dayanmışdı. Biz o razılığa gəlmişdik ki, Rusiyadan soruşmadan bu sülhü əldə edək. Müqaviləni İstanbul sammitində imzalayacaqdıq. Ozü də onlar bizə zəmanət vermişdilər ki, biz bütün qoşunları bir əmrlə eyni anda işğal olunmuş 7 rayondan çəkirik. Heç bir müşahidəçi və sülhməramlı qoşun ora yeridilməməli idi. Yəni ermənilər bizim sözümüzə inanıb bura sülhməramlı qoşun yeridilməməsinə razılıq vermişdilər. Yəni biz bir-birimizə inanırdıq. Qarabağ məsələsi isə başqa idi. Biz ermənilərə Qarabağda güzəştə gedirdik. Sülh 1999-cu ildə əldə olunacaqdı. Parlamentdə Ermənistanın iki ən güclü şəxsiyyəti, həm də Rusiyanın adamları olan Karen Dəmirçiyanla Vazgen Sərkisyan güllələndi. Onları güllələməklə Moskva Ermənistanın sülh məsələsində mövqeyinə zərbə vurdu. Çünki onlar olanda Ermənistan müstəqil siyasət yürütməyi bacarırdı, müstəqil qərar verə bilirdi. Vazgen Sərkisyan, Karen Dəmirçiyan və Ermənistan prezidenti buna imza qoyanda etibar edə bilirdilər ki, Moskva bununla hesablaşacaq. Parlament gülləbaranından sonra ermənilərin sülhə inamı sındı. Ermənilər başa düşdülər ki, onlar Moskvadan ayrı müstəqil surətdə addım ata bilməzlər. Bu hadisələri ört-basdır edirlər. Bu hadisələr haqqında məndən başqa heç kim danışmır. Ermənistanda da bunun ardınca düşmürlər. Soruşmurlar ki, niyə parlamentdə seçmə adamları güllələyiblər? Hamı bilir bunun arxasında kim dayanıb, amma danışmır. Çünki qorxurlar. Başqaları da sakit durur. Çünki hesab edirlər ki, onu eşələməklə Rusiyanı qıcıqlandırarlar.

- İndiki zamanda Rusiya Qarabağa sülhməramlılarını yerləşdirməkdə israr edə bilərmi?

- Heç kəs bilmir ki, sülhməramlıları regiona hansı qərar əsasında gətirə bilərlər. 1994-cü ildə Budapeşt sammiti oldu. Burada belə bir qərar qəbul olundu ki, regiona gətiriləcək sülhməramlı qüvvələr Rusiyadan ibarət ola bilməz. Budapeşt sammitində Rusiya tələb etdi ki, BMT ona mandat versin və Rusiya BMT-nin mavi dəbilqələrini geyinib bu regiona girsin. O zaman buna biz də etiraz etdik. ABŞ-ın o zamankı Dövlət katibi Kristofer burada böyük iş gördü. Qərar belə oldu ki, sülhməramlı qüvvələrin tərkibində Rusiyanın sayı 30%-dən artıq olmasın. Bunların qalanları isə amerikalılar, avropalılar, hətta türklərdən ibarət olmalıdır. Çox təəssüf ki, bunu heç kim bilmir. Bu qərar böyük nailiyyət oldu. Rusiya və ermənilər bu qərarın adını çəkmir.


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___