Ana Sayfa > Karusel / Gündəm > Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir


7-03-2023, 11:41. Yazar: Xeberaz

Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

Ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi də tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.

Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.

İnama görə, bu çərşənbədə oyanan yel, külək suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Qədim inanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Yeli əsdirəni söyməzlər.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 21-də, Od çərşənbəsi isə 28 fevralda qeyd olunub.

İlaxır çərşənbə - Torpaq çərşənbəsi 14 martda qeyd olunacaq.

Azərbaycana yaz fəsli 21 martda Bakı vaxtı ilə saat 01:24-də daxil olacaq.



Geri dön