Ana Sayfa > Karusel / Hadisə > Bakıda mahnı üstündə düşən dava cinayətlə nəticələndi - Ana söyüşü...

Bakıda mahnı üstündə düşən dava cinayətlə nəticələndi - Ana söyüşü...


23-11-2022, 11:58. Yazar: Xeberaz



CİNAYƏT İŞİ

Qısa arayış...

2019-cu il martın 9-da Binəqədi-Xırdalan şosesində, vətəndaş Qiyas Niyazova məxsus fərdi evdə qətl hadisəsi baş verir. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunur. Otaqdan üzərində bıçaq xəsarəti ilə 1994-cü il təvəllüdlü Şəhriyar Allahverdizadənin meyiti aşkar edilir. Axtarış zamanı onun cibində bıçaq tapılır.

Bərdədə doğulan, Binəqədi rayonunda kirayədə yaşayan 1994-cü il təvəllüdlü Cavid Həmidli Abşeron rayon Polis İdarəsinə gələrək könüllü təslim olur. O, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.

Hadisə baş verən ərazi

İstintaqla müəyyən edilib ki, martın 9-u gecə saat 2 radələrində Cavid Həmidli, onunla eyni otaqda kirayədə yaşayan Səbuhi Şirinov və tanışı İbrahim Qasımzadə ilə birlikdə yemək yeyiblər. Bu zaman həmin evin digər otağında kirayədə qalan Şəhriyar Allahverdizadə və Elgiz Seyidov yüksək səslə musiqi dinləyərək, onların istirahətini pozublar. Cavid və otaq yoldaşları əsəbləşərək, onların otağına yaxınlaşıblar. Səbuhi Şirinov Elgiz Seyidovu çağıraraq, onları narahat etdiklərini bildirib və musiqinin səsini azaltmasını xahiş edib. Sərxoş vəziyyətdə olan Elgiz Seyidov musiqinin səsini azaldacaqlarını söyləyəndə, Şəhriyar Allahverdizadə otaqdan çıxaraq "Sən kimsən ki, bizə deyirsən səsi azalt ?" deyib. Bunu özünə qarşı hörmətsizlik kimi qəbul edən Cavid Həmidli Şəhriyar Allahverdizadənin üzünə yumruqla vuraraq, onu yerə yıxıb. Ardınca da mübahisəyə müdaxilə etmək istəyən Elgiz Seyidovun da sinəsinə bir dəfə zərbə vurub. Daha sonra Cavid öz otaqlarına girib, yastığın altına qoyduğu qatlanan bıçağı götürüb. Geri qayıdıb, müqavimət göstərmək və aktiv hərəkətlər etmək imkanı olmayan Şəhriyar Allahverdizadənin döş qəfəsinə bıçaqla bir dəfə zərbə vuraraq, onu öldürüb.

İttiham aktı

İş üzrə dindirilmiş Cavid Həmidli bildirib ki, hərbi xidmətdən Bərdəyə qayıtdıqdan bir müddət sonra işləmək məqsədilə Bakı şəhərinə gəlib. Paytaxtda müxtəlif yerlərdə fəhlə işləyib:

"Binəqədi qəsəbəsində Qiyas Niyazova məxsus fərdi evdə kirayədə yaşayırdım. Evin həyətində ayrı-ayrılıqda 4 otaq vardı. Pünhan Xəlilov və Səbuhi Şirinovla birlikdə qalırdım. Fəhlə işlədiyimdən hər gün evə gecə saat 1-2 radələrində gəlirdim. Martın 9-da işdən gələndə Pünhan artıq yatmışdı. Onun İbrahim adlı tanışına 20 manat borcum olduğundan, İbrahim pulunu almaq üçün otağımıza gəldi. Yemək yeyəndən sonra, yorğun olduğumdan yatmaq istədim. Musiqi səsini azaltmaları üçün, sonradan adlarını bildiyim Elgiz və Şəhriyarın yaşadıqları otağa yaxınlaşıb qapını döydüm. Qapını açan Elgizdən mahnının səsini azaltmasını xahiş edəndə, qonşum mənə səsi azaldacağını dedi. Bu zaman Şəhriyar otaqdan çıxaraq musiqinin səsini azaltmayacağını bildirərək, məni söydü. Bu səbəbdən aramızda mübahisə yarandı. Şəhriyar əlini belinə aparıb bıçaq çıxardanda çənəsinə yumruqla vurdum. Sonra mənə yaxınlaşan Elgizə də zərbə endirdim. Şəhriyar Elgizi ayağa qaldıranda, ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdi. Valideylərimi itirdiyimdən Şəhriyarın söyüşləri mənə çox pis təsir etdi. Yaşadığım otağa keçib yastığın altından bıçağımı götürdüm. Qarşıma çıxan Elgizin sinəsindən təpiklə vuraraq, onu yerə yıxdım. Şəhriyar əlində bıçaqla üstümə gələndə onun qoluna xəsarət yetirmək istədim. Amma bıçaq Şəhriyarın ürəyinə dəydi. Sonra evdən çıxıb getdim. Yolda təsadüfən rastlaşdığım uzaq qohumum Çəmən Hüseynova kirayədə qaldığım evdə qonşularımla dalaşdığımı danışdım. Ondan ora gedib, vəziyyəti öyrənməsini xahiş etdim. Az sonra Çəmənə zəng edəndə qohumum mənə Şəhriyarın öldüyünü dedi. Çəmən yanıma qayıtdıqda, pulumu, telefonumu və saatımı ona verdim. Taksi ilə Abşeron rayon Polis İdarəsinə getdim".

Zərərçəkmiş Elgiz Seyidov ifadəsində göstərib ki, Şəhriyar Allahverdizadə ilə birlikdə "Yol Xətt" MMC-də işləyib:

"Martın 8-də Şəhriyar nişanlısı ilə görüşmək üçün evdən çıxdı. Axşam qayıdandan sonra dostumla təxminən 12-13 şüşə pivə içdik. İçki qəbul edərkən yüksək səslə musiqiyə qulaq asırdıq. Gecə saat 2 radələrində yaşadığımız otağın qapısı döyüldü. Qapını açanda tanımadığım 3 nəfərin gəldiyini gördüm. Cavid adlı şəxs "bir həyətdə qaldıqlarını" söyləyərək, mahnının səsini biraz azaltmağımızı xahiş etdi. Arxamca qapıya çıxan Şəhriyar Cavidlə kobud danışdıqda, yaranan narazılığın qarşısını almaq üçün həmin şəxslərə getməklərini və musiqinin səsini azaldacağımı bildirdim. Həmin an Cavid yumruqla birinci Şəhriyarı, sonra isə məni vurdu. İkinci dəfə Cavid mənə, pilləkənin yanında dayananda zərbə endirdi. Şəhriyar məni ayıldaraq, ayağa qaldırdı və qaldığımız otağa apardı. Sonra qəflətən dostum yerə yıxıldı. Otaqlardan birində yaşayan yaşlı qadın və kişi həyətə çıxdılar. Şəhriyarı otağa aparanda onun sinəsindən qan axdığını gördük.

Zərərçəkmiş şəxsin hüquqi varisi Vahid Allahverdiyev ifadəsində göstərib ki, martın 9-u səhər saat 10-da oğlunun nişanlısı zəng edərək, Şəhriyarın kirayədə qaldığı ünvanda bıçaqlandığını xəbər verib:

"Oğlumun meyitini götürmək üçün Mingəçevirdən Bakıya gəldim. Dəfn mərasimindən sonra məlum oldu ki, Şəhriyar aralarında yaranan mübahisə zamanı Cavid adlı şəxs tərəfindən öldürülüb".

Məhkəmə iclasında Cavid Həmidli ittiham üzrə özünü təqsirli bilib. O cavan olmasını, cinayəti Şəhriyar Allahverdizadənin onun validyenlərini təhqir etməsi nəticəsində törətdiyini bildirərək, məhkəmədə barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Vahid Allahverdiyev təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən işin bütün hallarını tam araşdırmayıb, ziddiyyətli məqamları nəzərə olmayıb və nəticədə kobud səhvə yol verib. İstintaq orqanı Cavid Həmidliyə qarşı əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə daha ağır ittiham irəli sürüb.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir. O, 120.1-ci, 221.1-ci (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulmuş sanksiya həddində cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cavid Həmidli 11 il müddətinə azadlıqdan məhrum olunub.


Məqaləyə dair fotomateriallar:



Geri dön