Ana Sayfa > Karusel / Gündəm / M2 > "Azərbaycanda ilk "Audi"ni mən sürmüşəm" - Flora Kərimova

"Azərbaycanda ilk "Audi"ni mən sürmüşəm" - Flora Kərimova


27-05-2022, 12:40. Yazar: Xeberaz


"Anam mənə o vaxt avtomobil aldı, mən də sükan arxasında oturub sürdüm. 2 gündən sonra qəzaya düşdüm. Düz ay yarım onun əziyyətini çəkdim, nəfəs ala bilmirdim. Çox sürətlə sürürdüm, hər dəfə də yol polisləri məni saxlayıb deyirdi ki, Flora xanım, bizə niyə qıyırsınız? Qorxurdular ki, mənə bir şey olar. Mənə ərkəsöyün yanaşdılar, ərkəsöyünlük etməyə icazə verdilər. Mən də elədim, ta ki, özüm utanmayana qədər. Gördüm ki, daha ağını çıxarmışam, onda özümü yavaş-yavaş yığışdırdım. Maşınların qənimi olmuşdum. Xəstəlikdən sonra mən avtomobil idarə etmirəm, Yaqutum sürür".

Xəbəraz.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. O daha sonra əlavə edib.

"İlk avtomobil sürən qadın olmuşam, amma heç kim mənə bir dəfə də olsun sataşmayıb. Bu mənə qəribə gəlirdi. O zaman da çılğın cavanlarımız var idi, gözləyirdilər ki, mən də gəlib çatım onlara, amma tanıdıqları üçün baxırdılar. Heç bir söz deməyiblər, cavan idim, sataşmağa imkanları da var idi. İndi avtomobil idarə edə bilmərəm, yadırğamışam. Maşını park etməkdən heç xoşum gəlməzdi, sanki cəhənnəmə gedib-gəlirdim. İndi Yaquta park üçün xüsusi yer verirlər. Özü də deyir ki, xala darıxma, indi taparam. Sürücüm də, böyük qızım da, danlayanım da Yaqutdur. Oğlum məni Yaquta tapşırıb, mən də ərkəsöyünlük edirəm. İndi şəhərdə maşın çoxdur, yaxşı ki, vaxtında avtomobil idarə etməkdən imtina etmişəm. Buna görə bir yeyib, beş paylayıram (gülür)" deyə xalq artisti bildirib.

Flora Kərimova bildirib ki, heç vaxt idarə etdiyi avtomobillərlə öyünməyib.

"İlk audi markalı maşını mən sürmüşəm, oğlum Almaniyadan yollamışdı. Bunu bilsəydim fors edərdim. Bir müddət əvvəl dedilər ki, ilk audini sən sürmüsən, daha hara fors edim? Elə avtomobillər var ki. Fors etməyə gecikdim (gülür). Heç vaxt nəyisə göstərməyə, nəyimləsə öyünməyə çalışmamışam. Camaatın xətrinə dəyib, onları qıcıqlandırmaq istəmirəm. İndi kreditə o qədər bahalı maşınlar alırlar ki. Hərdən xahiş edirlər ki, bağınızda çəkiliş edək. Xoşlamıram, amma bəzi hallarda buna məcbur edirlər. Tamaşaçılarımdan 100 dəfə üzr istəyib, çəkilişə başlamışıq. Bu Allahdan gələn qabiliyyətdir, bu ya var, ya da yox. Xasiyyət Allahdan gəlir" deyə xalq artisti bildirib.

Xalq artisti yeni mahnılar yazdırdığını, onları tezliklə təqdim edəcəyini də bildirib.

"Bir neçə yeni mahnı yazdırmışam, onların da forsunun vaxtı gəlib çatacaq. Hamısını təqdim edəcəyəm" deyə xalq artisti bildirib.


Geri dön