Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Əfqan qaçqınlar Bakıya axışacaq?

Əfqan qaçqınlar Bakıya axışacaq?


23-08-2021, 11:00. Yazar: Xeberaz


"Taliban" hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkəni tərk edən əfqanların sayı fasiləsiz artır. Onların əksəriyyəti 2001-ci ildən, ABŞ Əfqanıstanı işğal edəndən sonra yeni administrasiya ilə çalışmış insanlardır.
Əfqanıstandan qaçmağa çalışanlar qonşu ölkələrə üz tutur, ən şanslıları isə Türkiyəyə və ya Avropa Birliyi ölkələrinə, habelə ABŞ-a yönəlirlər.
Əfqanıstandan miqrant axınından qorunmaq üçün Türkiyə hazırda İranla sərhəd boyunca beton divar inşa edir.
Tacikistan, Özbəkistan, İran, Pakistan isə əfqan qaçqınların ilk dalğasını qəbul etmək məcburiyyətində qalıblar.
Belə situasiyada əfqan mühacirlərin, daha doğrusu, miqrantların qonşu İrandan Azərbaycana keçməyə çalışmaları, yaxud da sonradan Avropa Birliyinə və ya Şimali Amerikaya yollanmaq üçün Orta Asiya ölkələrindən Bakıya üz tuta biləcəkləri istisna deyil.
Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycan əfqan miqrantların son ünvanları qismində nəzərdən keçirilə bilməz, çünki bəhs etdiyimiz kimi, onlar Qərb ölkələrinə can atırlar.

Hazırda əfqan miqrantların total əksəriyyəti İranda yığışdıqları üçün, hər şeyə rəğmən, bu şəxslərin bir qisminin İranın şimalına doğru hərəkət edərək sərhədi keçməyə və Azərbaycandan tranzit ərazi qismində yararlanaraq Qərbə üz tuta biləcəkləri tamamən nəzərdən çıxarılası ehtimal da deyil.
Türkiyə son illərdə İraq, Suriya və Əfqanıstandan qanunsuz miqrasiya axınlarının qarşısını almaq üçün ciddi, sərt addımlar atmağa başladığından əfqan miqrantlar Avropa Birliyi ölkələrinə çatmaq üçün alternativ marşrutları nəzərdən keçirirlər.
Onlar hələlik optimal istiqamət qismində Fars Körfəzi və Mərkəzi Asiya ölkələrini nəzərdən keçirsələr də, seçim variasiyalarının genişlənməsi də mümkündür.
Əfqanıstandan miqrant axınının Suriya və ya İraqdakı təki kütləvi, Şimali Afrikadan Avropaya yönələn "sel" təki olacağını da düşünmürəm. Tam əksinə, iraqlılardan, suriyalılardan və afrikalı ərəblərdən fərqli olaraq, əfqanlar doğma məkanlarına, torpaqlarına, kiçik ərazilərinə ifrat bağlı insanlardır.
Kabildəki Həmid Kərzay beynəlxalq aeroportundakı basabas, xaos heç bir halda Əfqanıstanı on minlərlə, yüz minlərlə insanın tərk edəcəyi anlamına gəlmir.
Məhz bu səbəbdən Azərbaycana yönələcək əfqan miqrantların sayı 2500 nəfərdən artıq çətin ki, olsun.
İrana gəldikdə isə, Tehran artıq əfqan miqrantların dördüncü dalğasını qəbul edir. 1979-cu ildə sabiq Sovetlər Birliyi Əfqanıstana qoşun yeridəndə ilk dalğa, Kabildəki Nəcibulla hakimiyyəti devriləndə ikinci, "Taliban" ilk dəfə hakimiyyəti ələ alanda - üçüncü, indisə dördüncü dalğa miqrasiya İrana üz tutub.

Hazırda İranda təxminən 650 minə yaxın əfqan miqrant məskunlaşıb.
Onların çox az qisminin Qərbə, Avropa Birliyi ölkələrinə və Şimali Amerikaya yönəlmək imkanları var.
Bakıya gəldikdə isə, paytaxtımızda azsaylı əfqan miqrantları var. Onların da Azərbaycanda daimi qalmaq niyyəti yoxdur.
Amma istənilən halda Əfqanıstandan mümkün miqrant dalğasına, hipotetik "köç"ə hazır olmalı, bütün variantları nəzərdən keçirməli və fəaliyyət invariasiyalarını hazırlamalıyıq.

Geri dön