Ana Sayfa > Karusel / Şou-Biznes / Müsahibə > “Heydər Əliyev qolbağını biləyimə bağlayıb dedi ki...”

“Heydər Əliyev qolbağını biləyimə bağlayıb dedi ki...”


24-03-2015, 16:00. Yazar: Xeberaz
“Heydər Əliyev qolbağını biləyimə bağlayıb dedi ki...”

Xeberaz.az istinadən Axar.az-a xəbər verir ki, Xalq artisti Gülyaz Məmmədovadan müsahibə aldığım gün o, Azərbaycan Filarmoniyasında çıxış üçün hazırlaşırdı. Duet ortağı Ehtiram Hüseynovla “Qarabağ şikəstəsi”ni məşq edən müğənni müsahibə vermək üçün ifadan öncə bizə zaman ayırdı.

On istedadlı uşaq

- Ailədə on uşağıq. Anam qəhrəman anadır. Onun da çox gözəl səsi var. Üstəlik, bacılarım da musiqi duyumlu insanlardı. Böyük bacım Kinayət Maestro Niyazinin şəxsi istəyi əsasında Asəf Zeynallıya qəbul olub. Lakin ailə həyatı qurduğu üçün sənətdən uzaqlaşıb. Hərdən deyirəm ki, indi o, xalq artisti idi bəlkə də, “Şöhrət ordeni” ilə də təltif edilərdi, biz də onun kölgəsində gəzərdik.

- Məşhur “Əhməd haradadır” filmi yadıma düşdü. Sizi şəxsən tanımasaydım, ürək ağrısı ilə dinləyərdim bütün söylədiklərinizi, amma əməkdar artist və xalq artisti adına çoxdan layiq görülmüsünüz!

- Elədir, amma Kinayətin səsi daha gözəl idi. Nəslimiz də maşallah, böyükdür; əmim qızı, dayılarım, Elman qardaşım - hamısının yaradıcılığa meyli böyükdür.

Elə bil uşaq oyuncaqdır

- Gülyaz xanım, bəzən çoxuşaqlı ailələrdə müşahidə edirəm ki, ana bir övladını qucağına alır, digərlərinə isə heç məhəl də qoymur. Maraqlıdır, bu uşağın çox olmasından irəli gəlir, yoxsa valideyn diqqətsizliyindən?

- Əlbəttə ki, burada valideynin xasiyyəti əsas rol oynayır. Mən sualı tam anladım. Və nə üçün ünvanlandırdığınızı da bilirəm. Biz ailədə on uşaq olmağımıza baxmayaraq, hər birimizin səliqə- sahmanı, dərsə davamiyyəti, geyim-keçimi nümunəvi idi. Bütün bunlar anamın və ailədə bizdən yaşca böyük bacılarımın köməyi sayəsində olub. Özümüz-özümüzə qarşı da hədsiz mehriban və qayğıkeş idik. Mənə elə gəlir ki, biz on yox, iyirmi uşaq olsaydıq belə, yenə də əvvəlki kimi mehriban və səmimi olacaqdıq!

Bəzi ailələrdə və elə valideynlər var ki, uşaqların çoxluğundan onlar övladlarına yetərincə diqqət yetirmir, onlara saymaz yanaşırlar. Allah eləməsin uşaq öləndə, ya da tələf olanda, bu cür kifayətlənir: “Eybi yox, yenisi doğular!”. Elə bil uşaq oyuncaqdır!

Heydər Əliyev qolbağı qoluma bağladı

- Bayaq fəxri adınızla bağlı danışdıq. Siz və bacınız Gülyanaq xanım bir zamanlar mərhum liderimiz Heydər Əliyevin şəxsi diqqəti sayəsində fəxri ad və təqaüdlə təmin edildiniz. Amma mənə çox maraqlı gələn bir hadisə var: dövlət tədbirlərinin birində qolbağınızın açılıb yerə düşməsi və Heydər Əliyevin şəxsən o qolbağı qolunuza yenidən bağlaması məqamı.

- İnanın ki, həyatımda baş verən ən kövrək və ən sevincli anımdan birini xatırlatdınız mənə. Deməli, dövlət tədbirlərindən biri idi. Bildiyiniz kimi, mərhum liderimiz hər dəfə konsert sonrası keçərdi pərdə arxasına və sənətkarlarla, musiqiçilərlə görüşərdi. Bu onun böyük ürəyindən xəbər verirdi. Təsəvvür edin ki, həmin o yaddaqalan hadisə günü də mən gördüm ki, Heydər Əliyev düz mənə tərəf gəlir , tez geri çəkildim. O gəldi və bizə çatanda, əyilərək yerdən qolbağı götürdü.

Fikir verin, necə diqqətli insan idi. O qədər insanın içində yerdə olan kiçik əşyanı hiss edərək, onu götürəsən... bu həssaslıq hər insanda yoxdur. Əvvəlcə, yanında dayanan Xuraman və Fidan Hacıyeva bacılarına müraciət edərək, qolbağın onlara aid olub-olmadığını soruşdu. Elə həmin an Gülyanaq qoluma bir dürtmə vurdu, gözü ilə qoluma işarə etdi. Baxdım ki, qolumda qolbağım yoxdur. Dilim-dodağım əsə-əsə Heydər Əliyevə qolbağın mənim olduğunu söylədim. O mənə yaxınlaşdı və qolbağı əlimə bağlaya-bağlaya: “Çalış itirmə, bir də tapsalar qaytarmazlar”, - dedi.

Hələ bəzi kadrları efirdə kəsdilər, qolbağı mənə qaytarmazdan əvvəl bəlkə də bir on beş dəqiqəyə yaxın zarafat elədi, hamı güldü. O, qolbağı mənə tərəf uzadırdı, götürmək istəyirdim ki, əlini geri çəkirdi. Nəhayət, özü şəxsən qoluma bağladı.

- Mənə qolbağın aqibəti maraqlıdır. Bahalı idi?

- İnandırım sizi ki, mən o zamandan onu artıq heç taxmıram. Qorxuram itirəm, saxlamışam evdə. Bahalı deyil, adi bijüteriya idi, amma Heydər Əliyevin qoluma bağladığı andan artıq mənim üçün qiymətli oldu. Bütün bahalı zinət əşyalarım içində ən doğma əşyadır mənim üçün.

Gülyanaq çox istedadlı qızdır

- Çoxları bacınız Gülyanaq xanımla sizi əkiz hesab edir.

- Yox, əkiz deyilik. Ondan üç yaş böyüyəm.

- Yəqin elə sənətə də sizi özünə böyük bilərək qatılıb.

- Vallah, bacımdır deyə demirəm, amma Gülyanaq çox istedadlı qızdır. Səmimi, insanlarla mehriban, dinli-imanlı, musiqiyə gəldikdə isə xanəndəlik öz arzusu olub. Mən sadəcə olaraq bir böyük bacı kimi ona yol göstərmişəm, vəssalam.

- Məndə olan məlumata görə, bacınızın həyat yoldaş türk vətəndaşıdır. Ümumiyyətlə, əcnəbi vətəndaşlarla ailə həyatı quran xanımlara necə baxırsınız?

- Əcnəbi də insandır. Kim olur olsun, əsas odur ki, yaxşı ər, anlayışlı insan olsun. Amma Gülyanağın həyat yoldaşı Ziya türk vətəndaşı deyil. Əslən Zəngilanlı olan azərbaycanlıdır. Çox insan var ki, onun türk olduğunu düşünür, amma o, uzun illər Türkiyədə ailəsi ilə bərabər yaşayıb və Gülyanaqla da elə Türkiyədə tanış olublar. Ziya musiqi heyətimizdə sintezator ifa edən Qorxmaz Qurbanovun dostu idi. Bir gün bütün musiqiçiləri qonaq çağırdı və elə orada Gülyanağı görüb, aşiq oldu.

- Sizdən fərqli olaraq Gülyanaq xanıma qəhrəman ana demək olar. Axı üç uşaq anasıdır.

- Bəli, Gülyanağın üç övladı, mənim isə iyirmi yaşında bir oğlum var.

Oğlumun həyat yoldaşı işləməsin

- Oğlunuzu çox güman ki, incəsənətə məhz siz yönəltmisiniz.

- Elədir. Oğlum Ramazan Şərifzadə müğənni olacaq, incəsənət universitetində estrada fakültəsində təhsil alır.

- Maraqlıdır, necə oldu ki, incəsənət aləminin qəliz və məsuliyyətli olduğunu bilə-bilə oğlunuzun bu peşəni seçməsinə razılıq verdiniz?

- Seçim özünün olub. Mən isə mane olmadım. Düşündüm ki, istedadı varsa bu sənətə mənsiz də yiyələnəcək.

- Bəs istedadı varmı?

- (Gülür) Şükürlər olsun ki, var. Əvvəlcə tar sinfini bitirdi. Sonra müğənni olmaq istədi. Səsi var, istedadı da var. Ona qarşı çıxa bilməzdim. Bu, ən azından günah olardı. Bunları valideyn kimi deyil, müəllim, incəsənət sahəsindən anlayışı olan bir şəxs kimi söyləyirəm.

- Ramazanın artıq iyirmi yaşı var. Bir neçə ilə ailə quracaq. Bir valideyn kimi həyatını necə bir xanımla bölüşməyini arzu edərdiniz?

- Necə gözəl kəlmə söylədiniz - “həyatını bölüşmək!”. Mən hətta bir qədər həyəcanlandım da. Bilirsiniz, o barədə qısqancam, istəyirəm ki, gələcək gəlinim işləməsin, ancaq oğlumun qulluğunda dayansın. Amma ürəyimə damıb ki, (gülür) seçdiyi qız mütləq müğənni olacaq.

- Bir ara səsinizin batdığı xəbəri eşidildi. Bu məlumat nə qədər doğru idi?

- Hə, doğru məlumat idi. Qubadan qayıdarkən yolda avtomobilimin üstünə iri daş parçaları yuvarlanmışdı. Qorxudan səsimi itirmişdim. Dörd-beş ay həkim müayinəsi aldım. Sonra səsim açıldı.

“Leylidən” sonra “Telli”

- Bu yaxında Gülyanaq xanımı ilk dəfə “Leyli və Məcnun” operasında Leyli obrazında gördük. Özünüz yetərincə səhnəmizin “Leylisi” oldunuz. Professional “Leyli” olaraq, bacınızı bu rolda bəyəndinizmi?

- Təbii ki, ilk həyəcan həmişə olur. Nə qədər səhnədə olsan da, yenə səhnəyə çıxmazdan öncə böyük həyəcan keçirirsən. Və mənə elə gəlir ki, səhnə “doğmalaşınca”, ona ürəyini təhvil verməlisən, illərin sınağından çıxmalısan. Düşünürəm ki, bacım bu sınaqdan uğurla keçdi.

- Leyli rolunu neçə dəfə ifa etmisiniz? Və ümumiyyətlə, oynadığınız obrazların adlarını çəkərdiniz.

- Kaş ki saya biləydim! İnanırsınızmı ki, Leyli obrazımın sayı-hesabı yoxdur. Digər ifalarım isə; Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” (Şahsənəm), Üzeyir Hacıbəylinin “Arşın mal alan” (Telli), Şəfiqə Axundovanın “Gəlin qayası” (Gülbahar), Üzeyir Hacıbəylinin “Koroğlu” operası (Xanəndə qız), “Natəvan” (Xanəndə), Ramiz Mustafayevin “Vaqif” operası (Xanəndə qız).

- Rollarınız olduqca bol və maraqlıdır. Amma “Leyli” obrazından sonra “Telli” obrazında yer almağınızı maraqla qarşıladım.

- Hə, elə hamı da ona təəccüblənir, amma o rolu elə sevə-sevə ifa etmişəm ki, mənə xüsusi zövq verir.

Gözə inanıram, caduya yox

- Gözəl Şəki elinin övladısınız. Şəki əhli gözə, nəzərə çox inanır.

- Hə, mən də inanıram. Sizə bir etiraf edim ki, nə vaxt kəndimizə qonaq gedirəm, mütləq başıma nə isə xoşagəlməz bir hadisə gəlir. Ya sırğamın tayı itir, ya büdrəyib yıxılıram. Ümumiyyətlə, mənə tez göz dəyir.

- Bəs falçı, cadu necə, bunlara inanırsınızmı?

- Deyilənə görə, cadu var. Amma mən ona inanmıram və eşitmişəm ki, əgər insan o qara qüvvələrə inanmasa, onlar ona heç bir xələl gətirə bilməz.

Aparıcı Mətanətlə qalmaqal

- Bu yaxınlarda aparıcı Mətanət sizi və bacınızı “zövqsüz ifaçı” adlandırmışdı. Media vasitəsi ilə ona cavab da vermişdiniz. Bu qalmaqalın axırı necə oldu?

- (Gülür) Ardı yaxşı oldu. Barışdıq. Mətanət pis insan deyil, sadəcə olaraq, dəfələrlə verilişinə dəvət edib, gedə bilməmişik. O da əsəbindən çıxıb efirdə bizi zövqsüz adlandırıb. Biz də çıxdıq dedik ki, paltarlarımız Türkiyənin ən brend firmalardan sifariş olunur. Biz xalq ifaçılarıyıq, hər halda qısa ətəklə səhnəyə çıxmayacağıq ki!

- Mətanət xanım sizi zövqsüz adlandırdıqdan sonra məşhur “şpaqat” hadisəsi baş verdi?

- (gülür) Hə. Amma mən o məsələyə də pis yanaşmıram. O, şou aparıcısıdır. Verilişinin maraqlı olması üçün bunu edib. Biz onunla dəfələrlə kanallarda rəqs yarışmasına qatılmışıq, çox gözəl rəqs etmək qabiliyyəti var.

Məşhur muğam müsabiqəsi

- Ötən il tələbəniz Kamilə Nəbiyeva muğam müsabiqəsində ikinci yerə layiq görüldü. Müəllim üçün bundan böyük şərəf, böyük sevinc ola bilməz. Bəs builki müsabiqədə hansı tələbələriniz çıxış edir və onları hansı yerlərdə görürsünüz?

- Tələbələrimdən Sədəf Budaqova və Novruz Hüseynli müsabiqəyə qatılıblar. Onları ən azından ilk altılıqda görürəm. Kamilə isə birinci yerə layiq idi, lakin, ikinci yerlə kifayətləndi. Eybi yox, ikinci yer də pis nəticə deyil.

Mən eyni zamanda Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya öz dərin təşəkkürümü bildirirəm. Onun muğama qayğısı və diqqəti olduqca böyükdür və bu hal biz xanəndələri sevindirir, yaradıcılığımızda yeni-yeni nailiyyətlər üçün ruhlandırır.

- Bir çox zirvələri fəth etmiş sənətkarlar var ki, onların bir tələbəsi belə yoxdur. Sizin fikrinizcə, buna səbəb daxili eqoizmdir, yoxsa bu kimi hallar pedaqoji baxımdan bacarığın olmaması ilə izah edilə bilər?

- Gözəl mövzuya toxundunuz. Bilirsiniz, insan var özü üçün yaşayır, insan var xalqı üçün. Mən şəxsən xalqım üçün yaşayıram. Məsələn, Novruz bayramı ərəfəsində Amerikaya səfərimiz vardı, amma tələbələrimin müsabiqə çıxışlarına görə, mən səfərdən imtina etdim. Dərs dediyim humanitar kollecdə otuz tələbəm var.

Gülyaz milyonerdir

- Bizə özünüzlə bağlı heç yerdə söyləmədiyiniz maraqlı bir əhvalat danışarsınızmı?

- Bir gün Xınalıqdan qayıdırdıq. Yolda bir çay evində Könül Kərimova, Cabbar Musayevlə bərabər əyləşmişik. Elə bu dəm bir kişi yaxınlaşıb bizimlə söhbət edir. Bir neçə sənətçi ilə bağlı danışır, sonra keçir mənə. Deyir, bu Gülyaz Məmmədova o qədər imkanlıdır, o qədər pulludur, milyonerdir. Könül xanımla Cabbar müəllim qəşş edib gülürlər. Mənim də gözümdə eynək var və bəzək-düzəksiz vəziyyətdə tamamilə tanınmıram. Deyirəm, ay qardaş vallah yoxdur! Deyir, əşşi, sən haradan bilirsən? Mən deyirəm ki, milyonçudur, bu yaxınlıqda beş mərtəbəli, lift ilə işləyən, ucu-bucağı görünməyən villası var. Mən özüm neçə dəfə ora qonaq getmişəm. Özü şəxsən qarşılayıb bizi!. Elə bu sözləri deyəndə, daha dözmədim, eynəyi çıxarıb dedim ki, Gülyaz mənəm, sənin fantaziyan da kaş ki, gerçək olaydı!. Sonra, dönə-dönə üzr istədi məndən.

Toyunuzda təmənnasız iştirak edəcəm

- El şənliklərinə gedirsinizmi?

- Əlbəttə. Elə əsas dolanışığımız şənliklərdən, toylardan olur.

- Toylarda çıxış üçün təklif etdiyiniz məbləği açıqlaya bilərsinizmi?

- Xeyr. Qoy, bu elə sirr olaraq qalsın!

- Tutaq ki, mənim toyumdur və sizin ecazkar ifanızı öz xeyir işimdə dinləmək niyyətim var. Hansı məbləğə mənimlə razılığa gələrdiniz?

- (gülür) Aynur xanım, Allah sizi xoşbəxt eləsin! Toyunuzda təmənnasız iştirak edərəm.

Bahar fəsli

- Bahar fəsli yurdumuza qədəm qoyur. Bu aləm sizə hansı çalarlarda özünü büruzə verir və xalqımıza bayram arzularınızı bölüşərsinizmi?

- Mən yaz fəslini sevdiyim üçün, yaşıl rəngi də çox sevirəm. Əgər fikir verimsinizsə, səhnə paltarlarımın əksəriyyəti də elə yaşıl rəngdə olur. Xalqımıza canım qurban! Məni bu zirvəyə onlar çatdırıb. Xalq olmaza, vallah, biz də olmarıq! Novruzun gəlişi qoy bütün elə-obaya sevinc, sağlamlıq və bol ruzi gətirsin! Azərbaycan əziyyət çəkməsin, hər zaman var olsun! Hər kəsə xoşbəxt olmağı arzu edirəm!
Geri dön