Ana Sayfa > Karusel / Gündəm / İdman > İdman zalları açılsa da, məşqə gedənlər azalıb - SƏBƏB

İdman zalları açılsa da, məşqə gedənlər azalıb - SƏBƏB


15-06-2021, 09:49. Yazar: Xeberaz

İyunun 10-dan etibarən ölkəmizdə növbəti dəfə karantin qaydaları yumşaldılıb. Məscid və ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları, idman oyunu yerlərinin fəaliyyətinə icazə verilib.

Lakin idman və sağlamlıq-bərpa obyektlərinə maskasız getmək mümkün olsa da, COVİD-19 pasportu tələb olunur. Belə ki, qərara əsasən yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVİD-19 pasportunu göstərməklə zallara daxil olub məşq etmək imkanı əldə edə bilərlər. İdman, sağlamlıq sahələrində, yəni zallarda çalışan təlimatçılar, məşqçilər və digər işçilərdən isə COVİD-19 pasportunun tələb edilməsi iyulun 1-dən tətbiq ediləcək. Yəni qeyd olunan tarixdən sonra COVİD-19 pasportu olmayan işçilərin zallarda əhaliyə xidmət etməsinə icazə verilməyəcək. Bu qadağanın pozulmasına görə həmin idman, sağlamlıq mərkəzlərinin rəhbərləri məsuliyyət daşıyacaq.

COVİD-19 pasportu nədir? Bu, vaksinləşmə prosesi zamanı iki peyvənd dozasını alan şəxslərə verilən vaksinasiya və koronavirusa yoluxub, sağalmış şəxslərə verilən immunitet sertifikatıdır.

İdman zalları ilə bağlı digər tələb isə ondan ibarətdir ki, zallara daxil olmazdan əvvəl hər bir vətəndaşın temperaturu ölçülsün, mövcud şərtlərə uyğun qrafik hazırlansın, ümumilikdə bütün karantin qaydalarına riayət edilməsinə nəzarət olunsun.

Beləliklə, artıq 4 gündür ki, ölkədə idman zalları təxminən il yarımdan sonra yenidən fəaliyyətə başlayıb. Bəs insanların idman zallarına marağı nə qədərdir? Bu sahədə vəziyyət necədir?

Məsələni daha yaxından araşdırmaq üçün Bakıda yerləşən bir neçə idman zalları ilə əlaqə saxladıq.

“Emir” İdman və Sağlamlıq Kompleksinin əməkdaşı Vahid Abbasov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirib: “Artıq 4 gündür ki, idman zalımız fəaliyyətə başlayıb. Lakin bu günə qədər yalnız 5-6 nəfər zalımıza müraciət edib. Halbuki pandemiyadan əvvəl gün ərzində 30 nəfərə yaxın insan mərkəzimizə müraciət edirdi”.

Vahid Əhmədov insanların əvvəlki kimi idman zallarına maraq göstərmədiyini də qeyd etdi:

“Bəzilərinin idman zallarının açılmasından xəbəri yoxdir. Bəziləri isə əvvəlki kimi idman zallarına maraq göstərmir, insanlarda sanki bu həvəs azalıb. Digərləri isə COVİD-19 pasportu almadığı üçün hələlik müraciət etmirlər”.

Vahid Əhmədov idman zalına gələn hər bir vətəndaşdan COVİD pasportu tələb etdiklərini vurğuladı:

“Bütün qaydalara maksimum riayət etməyə çalışırıq. İyulun 1-dən sonra bütün personaldan COVİD-19 pasportu tələb olunacaq. İnanırıq ki, hər kəs bu pasportu əldə etdikdən sonra idman zallarına gələnlərin də sayı yenidən artacaq”.

“Atlant Gym” İdman Mərkəzinin əməkdaşı Tamerlan Kərimov isə bildirdi ki, hər keçən gün idman zalına müraciət edənlərin sayı artır:

“İdman zalları fəaliyyətə başlayan gündən mərkəzimizə müraciətlər olunur. Təxminən gün ərzində 15-20 sorğumuz olur. Əvvəlki müştərilərimizlə yanaşı yenicə başlayanlar da müraciət edir.

Təbii ki, pandemiyadan əvvəl idman mərkəzimizə daha çox müraciətlər olurdu. Lakin il yarım idman zallarının fəaliyyət göstərməməsi öz təsirini göstərir. Bununla belə, hər keçən gün müraciət edənlərin sayında qismən də olsa artım olur.

Qaydalara uyğun olaraq mərkəzimizə müraciət edən hər kəsdən COVİD-19 pasportu tələb edirik. Bəziləri bildirir ki, yalnız bir doza vurdurub, bu halda qeyd edirik ki, həmin şəxslərin zala gəlməsi mümkün deyil. Yəni tam qaydada yalnız vaksinin 2 dozasını almış şəxslər zallara daxil ola bilərlər".

“Gerkules Gym” idman zalının əməkdaşı da qeyd etdi ki, müraciətlər olsa da əvvəlki kimi insanlar idmana maraq göstərmir:

“Tədricən insanlar gəlməyə başlayır. Gün ərzində təxminən 5 nəfər zalımıza müraciət edir. Lakin pandemiyadan əvvəl indikindən dəfələrlə çox insan zalımıza müraciət edirdi.

Ola bilsin ki, insanlar əvvəlki kimi idmana maraq göstərir, sadəcə, hələlik COVİD-19 pasportları yoxdur".

“Gənclik” İdman və Sağlamlıq Kompleksindən də bildirildi ki, hələlik çox sayda vətəndaş idman zalına gəlir:

“Dəqiq say haqda məlumat verə bilməsək də, deyə bilərik ki, gün ərzində çox sayda insan müraciət edir. Düşünürük ki, hələlik COVİD-19 pasportu alanların sayı az olduğu üçün müraciətlər də çox azdır”.

İnfeksionist İlham Bayramov isə bildirdi ki, idman zallarında üzgüçülük bölümlərinə xüsusilə diqqət edilməlidir:

“Çünki koronavirus infeksiyası durğun sularda müəyyən müddətə qədər yaşaya bilir. Bu səbəbdən hovuz suları vaxtlı-vaxtında dəyişdirilməli, xlorlanmalıdır. Xlorlu suda infeksiyanın yaşama qabiliyyəti itir.

Daha bir məsələ, idman zallarında qrafik qaydalarına da ciddi əməl edilməlidir. Məsələn, hovuza eyni zamanda 10 nəfər daxil olarsa, bu zaman koronavirus infeksiyasının yayılması ehtimalı olur. Buna görə də yaxşı olardı ki, zallarda eyni vaxtda 10 nəfərdən az insan iştirak etsin".

İnfeksionist koronavirusla bağlı ölkədəki son vəziyyəti də şərh edib:

“Gündəlik statistikalara nəzər yetirəndə görürük ki, ölkədə həm koronavirusa yoluxanların, həm də virusdan ölənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Məsələn, iyunun 13-də yalnız 45 yeni yoluxma qeydə alınmışdı. Çox sevindirici haldır ki, ölüm faktı qeydə alınmamışdı. Həmçinin 2,7 milyondan çox insan vaksinasiya prosesindən keçib. Gördüyünüz kimi, vaksinasiya prosesi artıq öz nəticəsini verməyə başlayıb.

Lakin bununla belə, hər zaman diqqət etməliyik. Təxminən vaksin vurduranların 5 faizində koronavirus aşkarlanıb. Buna görə daima qapalı yerlərdə tibbi maskadan istifadə etməli, sosial məsafə gözləməliyik.

Məhdudiyyətlər aradan qaldırıldıqca, tələb olunan qaydalara daha məsuliyyətli yanaşmalıyıq".

Geri dön