Ana Sayfa > Karusel / Şou-Biznes / Müsahibə > Turan İbrahimov: "10 ildən sonra Azərbaycan tamam fərqli mentalitetdə olacaq"

Turan İbrahimov: "10 ildən sonra Azərbaycan tamam fərqli mentalitetdə olacaq"


4-06-2021, 13:45. Yazar: Xeberaz

Turan İbrahimov: "10 ildən sonra Azərbaycan tamam fərqli mentalitetdə olacaq"


Aparıcı Turan İbrahimov bildirib ki, 10 ildən sonra Azərbaycan cəmiyyəti tamam fərqli mentalitetdə və dünyagörüşündə olacaq. Bunu isə 44 günlük müharibədə qazandığımız qələbənin nəticəsi ilə izah edir.
Xeberaz.az aparıcı ilə müsahibəni təqdim edir:
Başqalarının həyatı ilə maraqlanmağa, tənqid etməyə meyilli olan bir cəmiyyətdə yaşayırıq. Sizcə, bu mövqeyi daha ciddi və vacib məsələlərdə də göstərə bilirikmi? Sağlam ictimai rəy və qınaq hansı şəraitdə formalaşır?
- Sağlam ictimai qınaq daha çox maariflənmiş, dünyada və ətrafda baş verən hadisələri düzgün analiz edən, qavrayan və onun haqqında fikir sahibi olan cəmiyyətdə formalaşa bilir. Cəmiyyətimizin kökündə təhsil sistemi ilə bağlı problemlər dayanır. Təhsil sistemində çox ciddi nöqsanlar var. Sağlam ictimai rəyin formalaşması üçün hazırda Azərbaycanda bütün parametrləri ilə real və obyektiv olan vəziyyət yoxdur. Odur ki, insanlar sosial şəbəkələrdə ani refleks və hisslərlə bu və ya başqa şəkildə kimlərinsə yönləndirməsi ilə ona-buna zəhər qusmaqla məşğuldur. Sosial şəbəkə istifadəçiləri də bir çox hallarda təqdimata uyğun reaksiya bildirirlər. Bu da qısa müddətdə unudulub gedir.
Ciddi məsələlərlə bağlı sağlam tənqid və etiraz bildirənlər təbii ki, var, amma bunu edən cəmiyyətin çox az bir qismidir.
Sosial şəbəkələrdə yazdığınız tənqidlərin müsbət nəticələrini görə bilirsiniz?
- Şəxsən mənim sosial şəbəkələrdə yazdığım statuslara və iradlara reaksiyadan bəhs ediriksə, bəli, görürəm. Müəyyən dairələr monitorinqlər aparırlar, fikrini ciddi qəbul etdikləri insanların yazdıqlarını da ictimai rəyin fikri kimi qiymətləndirirlər. Jurnalist olaraq fikri və təsir qüvvəsi ciddi qəbul olunan şəxslərdən biriyəm.
Bir neçə ay əvvəl karantin rejiminin sərtləşdirilməsi və yoluxma statistikası haqqında müzakirələr gedirdi, bayram öncəsi sanki cəmiyyətin nəbzini yoxlayırdılar. Status yazdım ki, qapanmadan danışanlar gedib özlərini qapatsınlar. Səbəbini də izah etmişdim. Bu sözlərim cəmiyyətdə böyük rezonans doğurdu və proqnozlaşdırılan qapanmalar da olmadı. Yazdığım və ictimailəşdirdiyim status nəticəsində yumşaldılmalara gedildi.
- "Lider TV"nin bağlanmasıyla media nə itirdi?
- "Lider TV"nin, digər kanalların, hər hansı media və qeyri-media qurumunun bağlanması istənilən halda xoş deyil, bu, orada çalışan nə qədər insanın işsiz qalması deməkdir. Kaş ki, olmayaydı. Bütün kommersiya təşkilatları kimi, media da bir təşkilat kimi hər zaman öz aktuallığını, rentabelliyini, bazardakı yerini qorumalı və hər zaman dalğada qalmağı bacarmalıdır. Çox təəssüflər olsun ki, "Lider" televiziyası ildən-ilə artan yanlış idarəçilik, strategiya və səhv kadr siyasəti ilə özünü bu günə gətirib çıxardı. Sözügedən kanal indiyə qədər Azərbaycanda bağlanan və yayım lisenziyası ləğv edilən televiziyalar içərisində onunla fərqləndi ki, onun bağlanmağının səbəbi birbaşa müflis olması ilə əlaqəlidir, iqtisadi əsaslarla izah oluna bilər. Nə hər hansı terror təşkilatı ilə bağlığına görə, nə də provokativ fəaliyyətinə görə bağlanıb. Sırf iqtisadi əsaslarla müflis olduğu üçün bu gün artıq yoxdur.

Hansı kanalın apardığı siyasət sizə daha yaxındır?
- Bir qayda olaraq xəbər kanallarının tamaşaçısıyam, ümumiyyətlə ixtisaslaşmış xəbər kanallarını sevirəm. Azərbaycanda da bu istiqamətdə iki tenekanal fəaliyyət göstərir. İkisini də çox bəyənir və təqdir edirəm. "Real" televiziyası və "ARB 24" kanalı ölkədə lazım olan ictimai rəyin zərərsiz saxlanılmasında rol oynayır.
Kanallarımız ictimaiyyətin görən güzgüsü və döyünən ürəyi ola bilir?
- Əslində, son dövrlər televiziya kanallarının inkişafı göz qarşısındadır. İstər dövlət televiziyası, istərsə də İctimai Televiziya son illərdə kifayət qədər reytinq toplaya bilib. Görünən odur ki, müsbətə doğru ciddi dəyişikliklər var. Lakin tam mənası ilə ictimaiyyətin maraqlarını təmin edə bilirmi? Bax bu, müzakirə olunan məsələdir. Bu, həm də ictimai rəyə təsir edən və onun formalaşmasında iştirak edəcək şəxslərin, ictimai xadimlərin, müəyyən mənada ekspertlərin məhdud sayda olması ilə əlaqəlidir.
Ümumiyyətlə, televiziyalar müəyyən şərtlərlə işləyir. Bu şərtlərdən asılı olaraq onların ortaya qoyduqları iş də o dərəcədə təsirli və o səviyyəyə uyğun olur. Odur ki, problemlər var, kanallarımız tam mənası ilə cəmiyyətin güzgüsü və sözçüsü ola bilmir. Özəl kanallar da həmçinin, məcburən reytinq arxasınca gedirlər. Kanalın siyasəti sırf reytinq üzərində qurulanda da çox ciddi qınaqlara məruz qalır. Halbuki o reytinqləri nəticə etibarı ilə tamaşaçı və cəmiyyət formalaşdırır. Hazırda Azərbaycanda hadisəyə doğru-dürüst yanaşma azdır, həm cəmiyyət, həm də peşəkarlar tərəfindən. Hamı televiziya kanallarını qınayır, nə etsələr də tənqid edilirlər. Bir müddət sonra onlar da artıq heç kimə qulaq asmadan sağ qalmaq uğrunda mübarizəyə qoşulurlar, onda da əlavə proseslər ortaya çıxır. Əslində, Azərbaycanda televiziyalara həddən artıq böyük bir önəm yüklənib. Dövlət qurumlarının, hətta bəzən hakimiyyətin, ayrı-ayrı ziyalıların və ya təşkilatların məsuliyyəti televiziyaların üzərinə yüklənib. Odur ki, müəyyən mənada qeyri-normal bir mühit mövcuddur.
Həmkarlarınızdan kimi özünüzə rəqib bilirsiniz?
- 4-cü ildir ki, jurnalistika fəaliyyətimi rəqabətlilik üzərində qurmamışam. Hazırda analitik, şərhli və münasibətli xəbər verilişi aparıram. Bu janrda isə Azərbaycanda veriliş aparan bir aparıcı yoxdur. Odur ki, hansısa həmkarımın rəqibim olduğu barədə bir söz deyə bilmərəm.
Tamaşaçı auditoriyasının sevgisini qazanmaq üçün gizli bir silahınız varmı?
- Tamaşaçı sevgisi şərti məsələlərdir. Televiziyadan danışırıqsa, sevgi birbaşa reytinq və baxımlı olması ilə ölçülür. Onu Azərbaycanda real olaraq anlamaq və ya ölçmək mümkün deyil. Sosial şəbəkələrdə ünvanına təriflər yağdırılan və dağın başına qoyulan şəxslər var ki, televiziya fəaliyyətləri sıfıra bərabərdir. Bir də sosial şəbəkələrdə yerdən-yerə vurulan və təhqir olunan verilişlər var, televiziyada isə onlara hər kəs baxır, yüksək reytinqlər verir və kanala yaxşı pul gətirirlər. Belə olan halda özünüz qərar verin, tamaşaçı sevgisi nə dərəcədə obyektiv, real və səmimidir.
Sizi televiziyada hər dəfə fərqli tərzlərdə görürük. Televiziyadakı rolunuzu dəyişdirmək üçün planlarınız, hədəfləriniz varmı?
- Hazırkı formatım da fərqlidir, yeganə aparıcıyam ki, həm ana xəbər təqdim edirəm, həm də xəbərə şəxsi mövqeyimi və şərhimi bildirirəm. Və bu, suflyorsuz improvizasiya üzərində qurulub. Azərbaycanda bunu edən ikinci teleaparıcı yoxdur. Türkiyədə, Almaniyada, Britaniyada və digər ölkələrdə bu tərz xəbər verilişləri mövcuddur.
Televiziya fəaliyyətimi daha fərqli məcraya keçirmək barədə düşünmürəm. Təbii ki, planlar var, görək zaman nə gətirəcək. Amma televiziya mənim üçün hər gün bir daha uşaq oyuncağına çevrilməyə başlayır. Görürəm ki, insanların televiziyaya münasibəti də dəyişib. Ümumiyyətlə, ictimai rəyə təsir imkanları baxımından televiziyanın cəmiyyətdəki rolu da bütün dünyada getdikcə zəifləyir.
Müharibə dövründə xalqın birliyi və həmrəyliyi hər addımda hiss olunurdu. Sizcə, bu birlik müharibədən sonra da davam edə bildi?
- Xarici düşmən, təhlükə və xarici təhdid anlayışı elə bir hadisədir ki, o, həmişə bütün cəmiyyətləri birləşdirir, fərqli səslərin eşidilməməsinə gətirib çıxarır. Çünki hamı üçün vacib olan bir hədəf uğrunda mübarizəyə köklənir. Müharibə dövründə cəmiyyətimiz bütünlüklə qələbə üçün çalışırdı, cəbhədən gələn xəbərlərlə yatıb qalxırdı. Müharibə qələbə ilə bitdikdən sonra da bu əhval-ruhiyyə hökm sürdü, qismən indi də sürməkdədir. Həyat normala qayıtdıqca, eyforiya başa çatdıqca və biz bu qələbəmizi normal qəbul etməyə başladıqca fərqli səslər çıxacaq, cəmiyyətdə çoxsəslilik formalaşacaq. Bu, labüddür və başqa cür ola bilməz. Amma düşünürəm ki, qələbədən sonra qalib xalq çoxsəsliliyini də sağlam şəkildə etməlidir ki, zərərli informasiyaların və qüvvələrin təsirinə düşməsin. Bu baxımdan milli birlik və həmrəylik qorunub saxlanılmalıdır.
Ümumiyyətlə, müharibədən sonrakı və əvvəlki Azərbaycan arasında hansı fərqlər var?
- İkinci Qarabağ savaşından öncə travmalı və natamam kompleksi olan bir cəmiyyətimiz var idi, məğlubiyyət əhval-ruhiyyəsində idik, 44 günlük savaşdan sonra isə biz komplekslərimizi aşdıq, travmalarımızdan qopduq, artıq dünya səviyyəsində özgüvənimiz özümüzə qayıdıb. Fərq o qədər böyükdür ki, hər hansı formada ifadə etməyə ehtiyac yoxdur. Artıq kişilərimiz də, qadınlarımız da dünyaya başqa cür baxırlar. Bu da nəticə etibarı ilə bizim ən qısa zamanda millət olaraq tam formalaşmağımıza təkan verəcək. 10 ildən sonra Azərbaycan cəmiyyəti tamam fərqli mentalitetdə, həm də dünyagörüşündə olacaq. Bunun səbəbi də qazandığımız qələbədir.

Geri dön