Ana Sayfa > Karusel / Təhsil / Araşdırma > Distant təhsilin fəsadları - 65% şagirddə görmə problemi yaranıb, 6-14 kiloqram kökəlmə olub

Distant təhsilin fəsadları - 65% şagirddə görmə problemi yaranıb, 6-14 kiloqram kökəlmə olub


7-05-2021, 16:20. Yazar: Xeberaz


Artıq bir ildən çoxdur ki, Azərbaycanda pandemiya şəraiti ilə əlaqədar təhsil əyani formadan distant formaya keçirilib. Hazırlıq olmadan onlayn təhsilə keçid təbii ki, xeyli çətinliklər yaratdı. İnternetin zəif olması, planşet və kompüter çatışmazlığı, sistemin çox yüklənməsi distant təhsilə təsirsiz ötüşmədi. Bu reallıqdır ki, Azərbaycanda tədrisin distant formaya keçirilməsi ilə şagirdlərin dərslərdə davamlı iştirak, məsuliyyətli və mövzulara hazır olma səviyyəsi aşağı düşüb.  
Maraqlıdır, şagirdlərin distant təhsilə adaptasiya olması və məsuliyyətli davranması üçün hansı addımlar atılmalıdır?
Bu sorğusunu təhsil eksperti Kamran Əsədov cavablandırıb.  
K.Əsədovun sözlərinə görə, məsafədən təhsil zamanı keyfiyyətin aşağı düşməməsi üçün distant təhsil haqqında qanun layihəsi hazırlanmalıdır:
"Hazırda 4447 orta ümumi təhsil məktəbimizdə 1,6 milyon şagird təhsil alır. Etiraf edək ki, ənənəvi təhsildə individual yanaşma var idi və şagirdlər auditoriya mühiti, dərsdə iştirak, davamiyyət, dərsə hazırlıq məsələsində daha məsuliyyətli idilər. Məsafəli təhsil zamanı nəzərə alsaq ki, valideyinlər evdə olmurlar. Şagirdlər də bundan sui-istifadə edirlər və keyfiyyətli təhsil aşağı düşür. Pandemiya dövründə təhsil səviyyəsinin aşağı düşməsini dekabr ayında nazirlik tərəfindən keçirilən milli qiymətləndirmədə də müşahidə olunur.
Digər tərəfdən isə şagirdlərin hamısı məsafədən tədrisdə iştirak etmir. Çünki şagirdlərin hamısının komputeri, planşeti, telefonu yoxdur.
Bakı və Abşeron, Sumqayıtda 75%, regionlarda isə dərslərə qoşulma 50% ətrafındadır. Keyfiyyət məsələsinin artması, kənar müdaxilələrin aradan qalxması məsələsinə gəldikdə isə mütləq şəkildə distant təhsilin təşkili qaydaları müəyyənləşməlidir. Şagird hansı qaydalara əməl etməli olduğunu biləcək. Bununla bağlı ayrıca qanun layihəsi olmalıdır.
Azərbaycanda bir ildən çoxdur təhsil məsafədən tədris olunur, amma hələ də bununla bağlı qanun qəbul edilməyib. Yəni Azərbaycanda distant təhsil haqqında qanunun olmaması sui-istifadə hallarına ciddi şəkildə yer verir. Digər tərəfdən isə proqram təminatı olmalıdır. Bu proqram çərçivəsində hər dərsin sonunda şagirdin mövzuya qulaq asıb-asmadığını müəyyənləşdirmək olar. Dərslərdə məsuliyyət hissinin artırılması üçün nəticəyönümlü olmalıyıq. Təəssüflər olsun ki, hazırda məsuliyyət hissi, hesabatlıq və nəticəyönümlük yoxdur".
Ekspert distant təhsil zamanı şagirdlərdə yaranan problemlərə toxunarkən 65% şagirddə görmə problemi yarandığını qeyd deyib:
"Təhsil Xidmətləri Araşdırma Mərkəzi pandemiya dövründə şagirdlərin tədrisdə iştirakının nəticələrini araşdırıb. Bu araşdırma nəticəsində məlum oldu ki, ən birinci problem ibtidai sinif şagirdlərinin mövcud ənənəvi vaxtla müqayisədə 50%-ə qədər mövzunu qavraya bilməməsidir. Yəni ibtidai sinifdə oxuyan şagird normalda bir dəqiqə ərzində 40-50 söz oxuyurdusa, indi həmin sürət 4-5 sözə qədər enib.
İkinci problem isə saatlarla monitor arxasında qaldıqlarına görə 65% şagirddə görmə problemi ortaya çıxıb. Əgər məktəbdə onlar normal parta arxasında otururdularsa, indi fərqli stullarda əyləşərək onurğa sütunlarını əyirlər. Eyni zamanda, hərəkətsizlik də şagirdlərdə 6-14 kiloqram çəki artımı yaradıb. Ünsiyyət problemi ortaya çıxıb.
Bir sözlə, pandemiya dövründə təhsil nə qədər əlçatan olsa belə, şagirdlərin fiziologiyasında, psixologiyasında kifayət qədər ciddi problemlər yaradıb".

Geri dön