Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə / M2 > Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik hansıdır?

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik hansıdır?


8-06-2019, 14:42. Yazar: xeber



Dünyada 25-40 yaşlı insanlar arasında ürək xəstəliyi gəncləşib.


Bunu ABŞ-ın Klivlend Klinikasının kardioloqu Murat Tuzcu deyib.


Onun sözlərinə görə, indi 25-40 yaşlı insanlar 50 il əvvəlki dövrlə müqayisədə fərqli həyat tərzi keçirirlər: "Onlar günlərini ya televizor, ya da kompüter qarşısında oturaraq, hərəkət etmədən keçirirlər. Bu, sonradan kökəlməyə səbəb olur: "Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var. Ürək xəstəlikləri üçün ən önəmli risk faktoru yaşdır. Yaş artdıqca ürək-damar xəstəliklərinə məruzqalma şansı artır. Digər səbəb həyat tərzimiz - çox yemək, fiziki hərəkət etməmək, piylənmədir. Bu amillər olduğu zaman insanda ürək xəstəliklərinin olması çox normaldır. Bundan başqa, stress, siqaret çəkmək, havanın çirklənməsi də ürək xəstəliyi riskini yüksəldir".


M.Tuzcu əlavə edib ki, 30-40 il əvvəl infarkt diaqnozu ilə xəstəxanaya gələn 3 nəfərdən biri dünyasını dəyişirdisə, indi 30 nəfərdən biri ölür. Başqa sözlə, indi insanlar ürək xəstəsi olsalar da, uzun müddət həyatda qala bilirlər.


Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti Kamran Musayev bildirib ki, ölkəmizdə ürək xəstəliklərinin epidemiologiyası, rast gəlmə tezliyi üzrə göstəricilər dünyadakı nəticələrlə demək olar ki, eynidir. Ürək xəstəlikləri bütün dünyada ölümə səbəbolmaya görə ilk yeri tutur: "Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara baxdıqda görmək olar ki, Azərbaycanda da eyni tendensiyalar müşahidə olunur. Təəssüf ki, Azərbaycanda ürək-damar xəstəliklərindən ölənlərin sayı daha çoxdur. Kardiologiya sahəsində bu qədər böyük inkişafın baş verməsinə baxmayaraq, bu gün belə nəticələr var".
Geri dön