Ana Sayfa > Karusel / Maraqlı / M2 > Deputatlar bu il harada dincələcəklər?

Deputatlar bu il harada dincələcəklər?


3-06-2019, 14:48. Yazar: Xeberaz

İyulun 15-də Milli Məclisin deputatları tətilə çıxır.


Məzuniyyət zamanı deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.


Xəbəraz.Az xəbər verir ki, report deputatlar arasında onların harada dincələcəkləri ilə bağlı sorğu keçirib.


Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açıqlamasında deyib ki, tətili Azərbaycanda keçirəcək: "Xarici ölkəyə getmək fikrim yoxdur. Bakıda və deputat seçildiyim Lənkəranda olacağam”.
  
H.Rəcəbli Milli Məclisin növbədənkənar sessiyasının iyuladək davam etməsinin gərginlik yaratmayacağını qeyd edib: "Hesab edirəm ki, sessiya o müddətədək davam edəcəksə, işləyəcəyik. Bunu normal hesab edirəm”.


Deputat Kamilə Əliyeva bildirib ki, həmişə olduğu kimi, bu dəfə də tətilini Azərbaycanda keçirəcək: "Əsasən deputatı olduğum Zaqatala və Balakən rayonlarında dincələcəyəm. Bu ərəfədə həm də seçicilərimlə görüşəcəyəm. Çalışacam ki, ölkəmizin indiyə qədər istirahət etmədiyim bölgələrində də dincəlim. Heç vaxt xarici ölkəyə üstünlük verməmişəm. Azərbaycanın dilbər guşələri çoxdur, orada qiymətlər də normaldır, həm də təhlükəsizdir. Ona görə istirahətimi ailəmlə birlikdə Azərbaycanda edəcəyəm”.


Deputat Cavid Osmanov isə tətili həm xaricdə, həm də ölkə daxilində keçirəcəyini qeyd edib: "Deputatlara iyulun 15-dək rəsmi iş günüdür. Tətilin bir hissəsini deputatı olduğum Ağdaş rayonunda, bir hissəsini də xarici ölkələrin birində keçirəcəyəm”.


Parlamentin üzvü Naqif Həmzəyev də tətili Azərbaycanda keçirəcəyini qeyd edib: "Tətilin bir hissəsini deputatı olduğum Gəncə şəhərinin Hacıkənd kəndində, Daşkəsən rayonunun Xoşbulaq kəndində keçirməyi planlaşdırıram. Yəni Gəncədə yaxınlığında olacağam. Onsuz da mən ən yaxşı halda yay aylarının iki həftəsini istirahət edirəm”.


Deputat Cavanşir Paşazadə də Azərbaycanda istirahət edəcəyini bildirib.


O qeyd edib ki, dünyanın bir sıra ölkələrindən Azərbaycana turistlər gəlir: "Ölkəmizin çox yaxşı istirahət zonaları var. Cənub bölgəsi də belədir. Buna görə də tətili Azərbaycanda keçirəcəyəm".


C.Paşazadə vurğulayıb ki, turizm sahəsində qiymət siyasətinə yenidən baxmaq lazımdır: "Bu, turistləri cəlb etmək üçün çox önəmlidir. Azərbaycan vətəndaşları da istirahət üçün Gürcüstana və digər ölkələrə üz tuturlar. Bu, təbii ki, imkana bağlıdır. Ona görə də qiymət siyasətinə yenidən baxmaq, təbliğat işini gücləndirmək lazımdır. Düşünürəm ki, qiymətlərdə müəyyən qədər endirim olmalıdır".


  
Deputat Elman Nəsirov Şəkidə istirahət edəcəyini bildirib: "Fikrim var ki, Şəkidə dincəlim. İyulun 15-dən etibarən rəsmi tətilə çıxırıq. Çalışacam, iki həftə istirahət edim”.


Milli Məclisin üzvü Tahir Rzayev deyib ki, Azərbaycanın istirahət etməli yerləri çoxdur, ona görə də ölkədən kənara çıxmayacaq: "Ölkənin bir sıra regionlarında istirahət etmişəm. Daha çox deputatı olduğum Ağcabədi rayonunda olacağam”.


Deputat Azər Badamov deyib ki, parlament üzvlərinin tətili rəsmi olaraq iyulun 15-dən başlayır. O, yay tətilini deputatı olduğu Qusar rayonunda keçirəcəyini söyləyib: "Qusarın təbiəti və istirahət mərkəzləri istirahət üçün əlverişlidir. Belə gözəl turizm bölgəsini qoyub, digər yerə istirahət üçün getmək düzgün olmaz”.




Geri dön