Ana Sayfa > Karusel / Gündəm > “Qaz və işığın limitinə yenidən baxılsın” - DEPUTAT

“Qaz və işığın limitinə yenidən baxılsın” - DEPUTAT


8-04-2019, 15:04. Yazar: xeber
Hələlik ilin 3 ayını geridə qoymağımıza baxmayaraq, bir çox abonentlər artıq qazla bağlı tətbiq edilən 1700 kubmetrlik limiti bitirib.
Bunu sosial şəbəkələrdə aparılan müzakirələrdən və narazı rəylərdən də aydın görmək mümkündür.
Xəbəraz.Az-ın məlumatına görə, narazı vətəndaşlardan biri də jurnalist Xaqani Səfəroğludur. X.Səfəroğlu problem barədə yazır:

“Mart ayında evdə qaz limitim bitib. Absurddur. 3 aya 170 manatlıq qaz necə yana bilər? 
Hələ qarşıda 2019-cu ilin oktyabr-noyabr-dekabr ayları var. 
Belə çıxır ki, o aylarda mən 350 manatlıq qaz yandırmalıyam. Üstəgəl aprel-sentyabra qədər işlədəcəyim qaz. Bu da ikiqat qiymətə hesablanacaq. 300 manat da bu edəcək.  Belə çıxır mən qaza görə ildə 800 manatdan çox pul ödəməliyəm? Qaz ölkəsində adamı belə qazlamazlar axı??”
 
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, qaz və işıq limitilə bağlı davamlı şikayətlər alır:

“Bu məsələ uzun müddətdir vətəndaşlar tərəfindən sosial şəbəkələrdə müzakirə edilir. Bununla bağlı insanları narahat edən müəyyən problemlər var. İşıq və qazın tarifləri qaldırılanda narazılıqlar nəzərə alınaraq, Prezident tərəfindən Tarif Şurasının qoyduğu limitim müddəti artırıldı. Mən rayonda vətəndaş qəbulları zamanı belə şikayətləri çox alıram. Əhali şikayət edir ki, ödəniş edə bilmirlər, borc həddindən çox yığılır. Ən çox şikayət edənlər isə pensiyaçılardır. Mən hesab edirəm ki, bu məsələyə baxılmalı və qərar verilməlidir. Bildiyiniz kimi, son vaxtlar Prezident tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə kompleks addımlar atılır. Düşünürəm ki, qaz və işığa tətbiq edilən limitə yenidən baxılması da bu sosial layihələrin tərkib hissəsi ola bilər”.

V.Əhmədovun sözlərinə görə, məsələ Tarif Şurasının səlahiyyətindədir:


“Bildiyiniz kimi, problem parlament səviyyəsində də qaldırılıb. Hələlik hökumət tərəfindən reaksiya yoxdur. Bu, əsasən Tarif Şurasının səlahiyyətində olan məsələdir. Ümid edirik ki, yaxın vaxtlarda məsələ öz həllini tapacaq. Bizi əsasən narahat edən pensiyaçılar və aztəminatlı ailələr, sosial vəziyyəti pis olanlardır. Biz demirik hamının limitini artıraq. Ən azından sosial təminatı aşağı olan ailələrin qaz və işıq limitinin artırılması məsələsinə baxılmalıdır”.

Xatırladaq ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün  ödəniş 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyən olunub.
Geri dön