Ana Sayfa > Karusel / Maraqlı / M2 > “Kazbek”lə fırlananlar və ya narkomaniyanın açıq təbliği

“Kazbek”lə fırlananlar və ya narkomaniyanın açıq təbliği


30-03-2019, 15:00. Yazar: xeber


Kazbek Qafqazda dağ adıdır, Rusiya ilə Gürcüstanın sərhədində yerləşir, hündürlüyü 5 min metrdən bir az artıqdır, ətəyində osetinlər yaşayır. Ona görə də osetinlərin içində Kazbek adlı adamlar çoxdur.
Bizim də bu adda məşhur futbolçumuz var, hazırda yaşı 80-i haqlayıb, o da osetindir. Ondan başqa bir skripkaçı Kazbek də vardı, gənc yaşda rəhmətə getdi.
Elbrus da Qafqazda dağ zirvəsinin adıdır. Onun da hündürlüyü 5 min metrdən artıqdır, ətəyində əsasən çərkəzlər yaşayır. Bizim ölkəmizdə Çərkəz adlı adamlar da çoxdur, Elbrus adlı adamlar da. Hər kənddə, qəsəbədə ən azı bir Elbrus var. 
Bəs necə olur ki, Qafqazda iki böyük dağın birinin adı kişi ismi kimi çox populyardır, o biri isə olduqca qeyri-populyar?
Şəxsi versiyama görə, bunu mühüm bir səbəbi var.
60-70 il öncə SSRİ-də "Kazbek" adlı filtrsiz popiros buraxılıb. O, qutusunun üstündə Kazbek dağının fonunda at çapan süvari təsvir olunmuş bir tütün məmulatıydı.
O dövrə görə bu maxorka çəkənlərin xilası olub. Camaatın canı qəzet kağızının içinə tənbəki doldurub sümürməkdən qurtarıb. "Kazbek" bir növ elitar popiros sayılırmış. Hətta Konstantin Simonov kimi bir şair öz şeirlərindən birində "Kazbek"dən bəhs edib:
И, явившись на вечёрку,
Хоть не гордый человек,
Я б не стал курить махорку,
А достал бы я "Казбек".

(Yəni mənası belədir ki, axşam qonaqlığına gələndə, qürrələnən biri olmasam da, maxorka çəkməzdim, cibimdən "Kazbek" çıxarardım).
O dövrün filmlərində də var, personajlar "Kazbek"in karton müştüyünü bürmələyib çəkirlər.
Amma sonradan o dövrün narkotikə meylli adamları görüblər ki, içinə anaşa doldurmaq üçün "Kazbek" popirosları daha münasibdir. Yavaş-yavaş "Kazbek" anaşa ilə sinonim halına gəlib.
Yəqin ki, Simonov ötən əsrin 70-ci illərində artıq qonaqlığa gələndə təşər-təşər cibindən "Kazbek" çıxarmazdı, çıxarsa, camaat deyərdi, şair nəşəxordur.
Bizdə isə el şairləri "Kazbek"ə daha konkret və funksional misralar həsr etmişdilər: "Gənclərə dərmandır Gəncə "Kazbek"i". 
Burada artıq "Gəncə "Kazbek"i"nin içinin lazımi məmulatla dolu olduğuna işarə edilirdi.
Bax, ona görə də artıq bu ölkədə heç kim oğluna Kazbek adı qoymadı, hamı gücü Elbrusa verdi. Çünki artıq Kazbek adı bədnam olmuşdu. Sovet nəşəxorları təkcə "Kazbek" popirosunun yox, gül kimi dağın adını da pisə çıxarmışdılar.
Təsəvvür edin, milis-polis adamı saxlayır, adını soruşur, o da deyir, adı Kazbekdir. İlk reaksiya belə olur: "Bu adı sənə kim qoyub, ə. Əmin-dayın nəşəxor olub?"
İndinin özündə bir xeyli adam heç bilmir ki, bu adda dağ var, elə bilirlər, "Kazbek", ümumiyyətlə, marixuananın bir növüdür. 
Budur, təzə rəqs havası çıxıb. Bir manıs açıq-aşkar böylə oxuyur: "Kazbek"ə şey basım, zırranım, fırranım başuva, fırranım".
Ən pisi odur ki, bu, trendə dönüb, gənc qızlar bu sözləri deyə-deyə rəqs edir, videoya çəkir, sosial şəbəkələrdə yayırlar. Bəziləri hətta əlləri ilə "Kazbek"ə nəşə doldurmaq aktını imitasiya edir.
O videolarda həmin melodiya altında rəqs edənlərin sur-suyumuna, davranışlarına, gülüşlərinə baxanda çoxunun hansı yuvanın quşu olduğu barədə dərin düşüncələrə dalmağa lüzum qalmır. Amma içində dəbə ayaq uyduran, heç nədən xəbəri olmayanlar da var, guya "zırranıblar" və fırlanırlar.
Bu, biabırçılıq və rüsvayçılıqdır, amma daha ötəsi də var. Bu mahnını (ona mahnı demək olarsa) yazdıranlar, yayanlar, o cür videolara çəkilənlər və onu yayanlar fərqində deyillər ki, kütləvi şəkildə cinayət əməlinə qol qoyurlar.
Bu, narkotik maddələrin açıq təbliğatıdır. Heç marixuananın rəsmi satışda olduğu ölkələrdə, məsələn, Hollandiyada belə hərəkət etmir, narkomaniyanı inkişaf etdirmək hərəkatına başlamırlar.
Biriləri o gənclərin başına ağıl qoysun. Ya da hüquq-mühafizə orqanları araşdırma aparıb o cür mahnılar yazanları və yayanları tapmalıdırlar və "məqsədniz nədir" sualı verməlidirlər.
Bir müğənni qadının ətəyinin çırmanması və dizinin görünməsi biabırçılıq deyil, amma bu, əsl rüsvayçılıqdır və gənc nəslin təlim-tərbiyəsinə sarsıdıcı zərbədir. Az qala narkotik maddələrin leqallaşdırılması kimi bir şeydir. Yüz minlərlə gənc hesab edir ki, artıq sərbəstcə "Kazbek"ə şey basmaq olar. Yuxarıdakı şəkildə mahnəya qulaq asanların miqdarına (1 455 355) və bəyənənlərin sayına (10 min) diqqət edin.
Sovet dövründə "Kazbek"lə bağlı bir ifadə də vardı, deyirdilər, siqareti tərgitmək istəyirsənsə, "Kazbek" çək...
Yəni çəkib, iyrənib, tərgidəcəksən. Heç kəs bilməzdi ki, gün gələcək, "Kazbek"lə bağlı ən iyrənc durum Azərbaycanda yaranacaq.
 (Musavat.com)

Geri dön