Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / Xəbəraz TV / Məşhurların Taleyi > Çoxları adını yadda saxlamasalarda “O Qarabağlı balası oxusun” deyə səbirsizliklə gözləyirdilər-VİDEO

Çoxları adını yadda saxlamasalarda “O Qarabağlı balası oxusun” deyə səbirsizliklə gözləyirdilər-VİDEO


27-08-2018, 00:44. Yazar: Xeberaz


Qayğısız dünyasını, doğma yurd-yuvasını, xatirələrlə dolu uşaqlığını itirdikdə cəmi səkkiz yaşı var idi. Doğma eli Kəlbəcər düşmənlərin tapdağına çevrildikdə balaca Babəkin də taleyinə qaçqınlıqdan pay düşdü. Ağır qaçqın-köçgün həyatı bir çox yaşıdları kimi onun da xəyal dünyasını alt-üst etmişdi. Bu balaca oğlan uşağı hər gecə gözlərini yumub, yuxuya daldıqda özünü Kəlbəcərinin buz bulaqlarından su içdiyini, sərin meşələrində moruq yediyini görür, sabahları isə acı gerçəklə, didərgin yurd həsrəti ilə qarşılaşırdı. Lakin bunca iztirab doğuşundan Allahın bəxş etdiyi gözəl səsə sahib Babəkin isdedadını məhv edə bilmir, əksinə qəlbindəki sənət yanğısını günü-gündən alovlandırırdı.

Babəkin gözəl muğam ifası valideyinlərinin də diqqətindən yayınmır, onu arzusunda olduğu musiqi məktəbinə göndərirlər. Oxuduğu dövrdə musiqinin,muğamın incəliklərinə dərindən yiyələnən Babəkin məqsədi yalnız məhşur muğam oxumaqla məhdudlaşmırdı. Onun qəlbindəki Qarabağ yanğısı o qədər güclü idi ki, gələcəkdə gözəl səsi ilə Qrabağının dərdini yanıqlı, fəlsəfi, müdrik muğamla dünyaya hayqırmaq istəyirdi. Babək ilkin musiqi təhsilini bitirdikdən sonra mərhum sənətkar Məmmədbağır Bağırzadədən, gözəl sənətkarımız Canəli Əkbərovdan dərslər alır. Böyük muğam kariyerasını isə Ü.Hacıbəyov adına Musiqi Akademiyasında Arif Babayevin sinifindən başlayan Babək qısa zaman içərisində mükəmməl muğam ifaçısına çevrilir.

Birinci xanımı, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə ölkədə keçirilən muğam müsabiqəsi Babəkin yaradıcılığında yeni üfüqlər açdı. O vaxta qədər müəyyən bir auditoriyada tanınan Babək, qatıldığı muğam müsabiqəsindən sonra nəinki ölkədə, ölkəmizin hüdudlarından qat-qat kənarlarda tanınmağa başladı.Bununla bağlı şahidi olduğum bir epizodu söyləmək yerinə düşərdi. Muğam müsabiqəsi keçirilən zaman işimlə əlaqədar ölkədən uzaqda idim. Müsabiqə yayımlanan axşamı olduğum xarici dövlətdə yaşayan bir qurup azərbaycanlılar bir yerə toplanıb müsabiqəni izləyirdilər. Çoxları adını yadda saxlamasalarda “O Qarabağlı balası oxusun” deyə səbirsizliklə gözləyirdilər.

Aparıcı Babək Niftəliyevin səhnəyə çıxdığını elan etdikdə ortaya dərin səssizlik hakim oldu, Babəkin ifasında kiçik bir xalı duymayacağından qorxurmuşlar kimi, sanki heç kəs nəfəs belə almırdı. İfa bitdikdən sonar isə Babəkin səsinin, ifasının müzakirələri başlandı. Sonda Babək haqqında deyilən bir söz diqətimi çəkdi:-“ Bu uşaq Qarabağ yanğısı ilə yaşaydığı üçün səsi, ifası bu qədər insanı valeh edir”. Bəli, qəribdə vətən həsrəti çəkən həmvətənlərimiz, vətəndə vətən həsrəti ilə yaşayan Babəki gözəl duya bilirdilər.

2005-ci ildə qürbətdə yaşayan həmvətənlərimiz, 20 yaşlı Babəki “uşaq” deyə sevirdilər. Onların “uşaq” adlandırdıqları Babək Niftəliyev isə artıq sayılıb seçilən xanəndələr sırasında yer alırdı. Məhz onun qarşı qoyulmaz isdedadının nəticəsi Babəki gənc yaşlarında “Əməkdar artist” fəxri adına laiq etdi. Prezident təqaüdçüləri sırasında yer alanların cərgəsinə qoydu. Babək Niftəliyevin gənc olmasına baxmayaraq, onun yaradıcılığından saatlarla bəhs etmək mümkündür. Lakin biz oxucularımızı yormaqdan ehtiyyat edib, söhbətimizi yekunlaşdırmaq istəyirik. Yekunda isə öndə dediyimizi bir daha təkrar edirik ki, istedad sərhəd, əngəl tanımır. Babək Niftəliyevin sənəti kimi. Biz də “Xəbəraz.az” saytının adından Babək Niftəliyevə uzun və mənalı ömür, sənət, yaradıcılıq uğurları arzulayırıq.

Geri dön