Ana Sayfa > Karusel / Gündəm / M2 > Küçə-küçə qazılan Xırdalan - REPORTAJ

Küçə-küçə qazılan Xırdalan - REPORTAJ


27-07-2018, 19:15. Yazar: Xeberaz


Çox uzaqda deyilik, Bakı yaxınlığında - Abşeron rayonunun Xırdalan şəhərindəyik. Qışın soyuğunda, yayın istisində özünəməxsus qayğıları ilə yaşayan bu şəhər yenə-toz duman içərisindədir.
 
Şəhərin Heydər Əliyev prospektində gözoxşayan yeni tikililər, müasir supermarketlər və bir-birindən gözəl mağazalar, mərkəzi bazar və s. görə bilərsiniz. Amma ilin 12 ayında şəhərin mərkəzi sayılan bu prospektin keçilməzliyindən, tıxacından əziyyət çəkənlər də az deyil. Elə diqqətimizi də məhz bu çəkdi. Hazırda prospektdə əsaslı təmir işlərinə başlanılsa da, sürücülər və sakinlər narazıdırlar: "Şəhərdə hər şey normaldır. Əvvəlki illərlə müqayisədə yaxşı işlər də görülüb. Amma bizi bezdirən bu tıxacdır. Günün hansı saatında keçsən, eyni vəziyyətdir. Saatlarla tıxacda qalırıq. 6 ildir Xırdalanda yaşayıram. Bu prospektin işləri bitmək bilmir ki, bilmir. Tıxac səngimir. Gündən-günə avtomobillərin sayı artdıqca, artıq maşın sürmək çətinləşir".
 
Az keçmir şəhərin giriş qapısı sayılan Heydər Əliyev prospektində yaşanan bu problemin nə vaxt çözüləcəyi sualına cavab tapırıq. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması istiqamətində işlər görülür. Onun sözlərinə görə, bir neçə il əvvəl Xırdalan-Bakı yolu cəmi iki-üç hərəkət zolaqlı idi, hazırda isə 7-8 hərəkət zolağına qədər genişləndirilib. Yolun 9-11 km-lik hissəsində 150 m ərazidə böyük bir təpəcik olub, onun sökülməsi ilə 3 hərəkət zolağı da əlavə edilib. Hazırda Xırdalan dairəsində yol kənarında olan yaşıllıqlar sökülür və daha bir hərəkət zolağı salınır.
 
Bundan başqa, Xırdalandan paytaxt istiqamətində işləyən marşrut xətlərində də problem var: "Bir neçə marşrut xətti var ki, saatlarla gözləməli oluruq. Eyni zamanda onlar həm də çox köhnə avtobuslardır. Tıxacla bağlı problem olduğundan, avtobuslar arasında interval da çox olur, əziyyət çəkirik. Müasir avtobuslardan bura da verilsə, yaxşı olar".
 
Tıxacla bağlı problemin həllinə qismən aydınlıq gətirdikdən sonra Xırdalan şəhərinin əksər küçə və məhəllələrində qazıntı işlərinin aparıldığı da diqqətimizi çəkdi. Ərazidə işləyən iş icraçılarından öyrəndik ki, şəhərdə kanalizasiya sistemi yeniləşir, içməli suya tələbat tam ödənilmək üzrədir: "Biz Xırdalan şəhərində yeni layihə üzrə iş aparırıq. Bilirsiniz ki, bu şəhərdə kanalizasiya problemləri var. İndi biz bu problemin aradan qaldırılması üçün yeni quyular qazıb boruları dəyişirik. Bu gün isə dəyişdiyimiz borularda test işləri aparırıq ki, sonradan hansısa bir ciddi problemlə qarşılaşmayaq. Hər bir məhəllədə bu işləri görəcəyik. Səhər saatlarından kanalizasiya sisteminin yenilənməsi üçün işə başlamışıq. Təxminən bir neçə aydır davam edirik. Yəni qazıntı işləri də onunla bağlıdır. Biz işlərimizi yekunlaşdırdıqdan sonra küçə və məhəllələr asfaltlanacaq".
 
Şəhər sakinlərinin də görülən işlərlə bağlı fikirlərini öyrəndik. Ömrünün 40 ilini Xırdalanda yaşayan Xalidə xanım deyir ki, sakini olduğu bu şəhərdə "Nümunəvi məhəllələr" aksiyası davam edir. "Nümunəvi məhəllə"də park salınır, oturacaqlar quraşdırılır. Artıq 28-ci məhəllədə 4 bloklu və 5 mərtəbəli 17-ci binada giriş qapıları dəyişdirilib, bloklardakı köhnə taxta pəncərələr sökülərək yeni plastik pəncərələrlə əvəzlənib.
 
Sakinlər özləri də görülən işlərdən razıdırlar. İşıq və qaz sahəsində bütün problemlər artıq öz həlini tapmaq üzrədir: "Bilirsən, qızım, uzun illərdir burda yaşayıram. İnanın, blokdan çıxanda vahimə basırdı məni. Hər yer tör-töküntü idi. İndi yavaş-yavaş düzəlir. Yaşıllıqlar artır. Bizim üçün oturacaqlar da quraşdırıblar. Özümüz də təmizləyirik həyəti. Amma inanın Allaha ki, elə sakinlər özü də bu oturacaqları sındırır. Yəni özləri bəzən bu səliqə-sahmanın yaranmasına ziyan vururlar".
 
Sakinlərin ən çox məmnun edən isə kanalizasiya xətlərinin yenilənməsidir: "İndi bütün şəhər toz-duman içərisindədir. Taksi şoferiyəm, uzun illərdir burda yaşayıram. Bilirsiz necədir, kanalizasiya xətləri çəkilir. Vallah sevinirik. Paytaxtın yaxınlığındayıq, amma kanalizasiya xətləri demək olar ki, yox idi. İndi şükür edirik ki, düzəlir. Suyumuz, işığımız, qazımız da var".
 
Müşahidə etdik ki, binaların qarşısında ətraflı abadlıq işləri davam edir. Səki daşları sökülərək yenisi ilə əvəzlənir. Məhəllədaxili avtomobil yolları və meydançalar, həmçinin piyada keçidləri üçün də asfalt-beton örtüyü nəzərdə tutulub.
 
3 binada blok girişləri aqlay üzlük daşla dəyişdirilib, 18 blokda daxili divarlar qaşınaraq sement və qum məhlulu ilə suvanıb, astar çəkilib, üzlük işləri aparılır.
 
Bundan başqa, Xırdalan şəhərində və Ceyranbatan qəsəbəsində bina sakinlərinin ümumi narazılığını və ətrafda mövcud olan antisanitar vəziyyəti nəzərə alaraq qeyri-qanuni zəbt edilərək çəpərlənmiş ərazilərdə çəpərlər və yararsız tikililər sökülüb, həmin ərazilər məişət tullantılarından təmizlənib. Ayrı-ayrı şəxslər tərəfindən quraşdırılmış primitiv köşklər, müxtəlif ölçülü dəmir qarajlar ləğv olunub, onların yanına yığılmış məişət avadanlıqları və tullantıları götürülüb. Eyni zamanda qurumuş ağacların, metal qırıntısı və digər lazımsız əşyaların ərazidən götürülməsi, qoca ağacların budanması işləri həyata keçirilib. Hazırda ərazidə texnikalar işləyir, abadlıq-təmizlik işləri davam etdirilir.
 
Sakinlərdən onu da öyrəndik ki, bəzi binaların zirzəmisinə su yığıldığı müəyyənləşib. Beləliklə, sakinlərin və bizi narahat edən problemlərin nə vaxt həll ediləcəyi ilə bağlı suallarımızı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubova ünvanladıq. Onunla elə iş başında - Xırdalanın mərkəzdən uzaq məhəllələrinin asfaltlanması prosesini izləyərkən görüşdük: "Xırdalanda yaşanan bu qazıntı işləri su-kanalizasiya xətlərinin yenilənməsi ilə bağlıdır. Hazırda gördüyünüz kimi, asfaltlanma işləri gedir. Sakinlərə də bunu izah etməyə çalışırıq. Görülən işlər test edildikdən sonra istifadəyə verilir. Təxminən 15 gündür intensiv qazıntı işlərinə başlanılıb. Layihə bütün ərazilərdə mərhələli şəkildə həyata keçirilir. Sakinlərin bir çoxu məhəllədaxili yolların asfaltlanması ilə bağlı müraciət etmişdi. İndi o işlər də uğurla davam etdirilir".
 
Rafiq Yusubovun sözlərinə görə, analoji işlər ilin əvvəlində də aparılıb. Nəticədə zirzəmilərə axıntıların qarşısı alınıb. Su itkiləri minimuma enib. Sanitar vəziyyət yaxşılaşıb. Lakin bu hələ problemin tam həlli demək deyil: "Əslində kanalizasiya xətlərinin dəyişdirilməsi prosesi zamanı yalnız qazılan xəndəklərin ətrafının asfaltlanması nəzərdə tutulmuşdu, amma rayon rəhbərliyinin təkidi ilə ikitərəfli bütün küçələrin küçə boyu asfaltlanma prosesi həyata keçirilir. O ki, qaldı binaların zirzəmisinin su ilə dolmasına, bununla da bağlı var gücümüzlə çalışırıq ki, həll edilsin. Bir sıra binalarda işlər başa çatıb. Amma qalanları da var. Bu qrunt sularıdır. Xırdalan ümumilikdə rütubətli ərazi olduğundan, burda binaların əksəriyyəti bu problemlə üzləşir".
 
Bu gün Xırdalan şəhəri ilə yanaşı, Abşeron rayonunun bütün kənd və qəsəbələrinin infrastrukturu tamamilə yenilənir ki, mövcud problemlər və çatışmazlıqlar tədricən aradan qaldırılsın.
 
Xırdalanın hazırkı problemləri barədə bu qədər. İnanırıq ki, hər şey sakinlərin ürəyincə olacaq.




Geri dön