Ana Sayfa > Karusel / Dünya / İdman > Rusiya DÇ ilə vidalaşdı

Rusiya DÇ ilə vidalaşdı


8-07-2018, 08:39. Yazar: Xeberaz




Rusiyadakı dünya çempionatında 1/4 final mərhələsinin son oyunu keçirilib.
Soçidəki "Fişt" stadionunda Rusiya və Xorvatiya yığmaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 31-ci dəqiqədə rusiyalı Denis Çerışev uzaqdan zərbə ilə hesabı açıb. 39-cu dəqiqədə xorvatiyalı Andrey Kramariç bərabərlik qolunu vurub.

Uzatma dəqiqələrində də tərəflər hərəyə bir dəfə fərqləniblər. 101-ci dəqiqədə xorvatiyalı Domaqoy Vida komandasını önə çıxarıb. Lakin 115-ci dəqiqədə Rusiya yığmasının əslən braziliyalı müdafiəçisi Mario Fernandes oyunun taleyini penaltilərə daşıyıb.

Əsas vaxtın sonlarında əzələsini dartdığı halda oyuna davam edən xorvatiyalı qapıçı Daniel Subaşiç penaltilər seriyasında Fyodor Smolovun zərbəsini qaytarıb, Fernandesin zərbəsi isə qapıdan yan keçib. Rusiya yığmasının qapıçısı İqor Akinfeyev isə yalnız Mateo Kovaçiçin zərbəsini qaytara bilib.

Beləliklə, Xorvatiya yığması 1/8 finalda Danimarka ilə görüşdə olduğu kimi, bu dəfə də penaltilər seriyasında qələbə qazanaraq, 20 ildən sonra adını yarımfinala yazdırıb. Finala gedən yolda rəqib isə 28 ildən sonra yarımfinala çıxan İngiltərə olacaq.

Digər yarımfinal görüşü isə Fransa və Belçika arasında olacaq



Geri dön