Ana Sayfa > Karusel / Gündəm > Məhbuslar prezident seçkilərində iştirak edir

Məhbuslar prezident seçkilərində iştirak edir


11-04-2018, 11:07. Yazar: Xeberaz

9 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən 14 saylı Xəzər seçki dairəsinin 39 saylı seçki məntəqəsində səsvermə davam edir.
Trend-in məlumatına görə, saat 10:00-a qədər bu məntəqədə 61 hərbi qulluqçu səs verib, məhbusların isə 30 faizi seçkilərdə iştirak edib.
Ümumilikdə 39 saylı seçki məntəqəsində 321 seçici qeydiyyatdadır. Onlardan 260-ı məhbus, 61-i isə hərbi qulluqçudur.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.


Geri dön