Ana Sayfa > Karusel / Şou-Biznes > Fatimənin nazirlikdə işləyən əri, Anar Nağılbazın arvadı, Sərxanın öpüş master klassı, Xatirənin açıq geyimi - HƏFTƏBECƏR

Fatimənin nazirlikdə işləyən əri, Anar Nağılbazın arvadı, Sərxanın öpüş master klassı, Xatirənin açıq geyimi - HƏFTƏBECƏR


2-04-2018, 09:51. Yazar: Xeberaz

Jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (165-ci say) təqdim edirik.
Ötən həftə Biləsuvarda toydaydım. Məclisi İmişlidən Məhərrəm adlı müğənni aparırdı. Bir az həmsöhbət oldum. Əla səsi var. Dedi ki, Arif Babayevin tələbəsi olub, indi yetərincə məşhur olan xeyli müğənnilərlə tələbəlikləri bir yerdə keçib. Hazırda heç kimlə əlaqəsi yoxdur. Görənlər də onu guya tanımırlar. İnsafən səsi də həmin məşhurların çoxundan yaxşıdır, ifası da. Əlimdən bir şey gəlmədi. Dedim, hansısa yazımda fürsət olsa, adını bir dəfə çəkəcəyəm. Hiss elədim ki, kövrəldi. Dedim, fikir eləmə, sənin qadan düşsün, səni görüb görməzdən gələn tələbə yoldaşlarının ürəyinə. Redaktor bu hissəni silməsə, həm Məhərrəmə vermiş olduğum sözü tutardım, həm də o sənətçilərə sözümü çatdırmış olardı. Yeri gəlmişkən, ifasından bir hissəni özüm çəkmişəm. Keçdik mövzulara...
Fatimə haqda nəinki xəbər yazmaq, ümumiyyətlə, danışmaq qadağam olduğu üçün bu xəbəri qorxa-qorxa yazıram. Çünki yazı çıxar-çıxmaz Fatimənin əri (Mənə zəng vuran şəxs özünü məhz bu cür təqdim etmişdi-İ.V.) zəng vurub xəbərdarlıq edəcək. Əllərim də dəhşətli dərəcədə əsir. Xəttim pis olsa, üzrlü sayın. Rəqqasə Fatimə canlı efirə zəng vurub və müğənni Rahidə Baxışovanı qeyri-səmimilikdə ittiham edib. Sonradan məlum olub ki, Rahidə də xına evi açdığı üçün Fatimə ondan küsüb.
"Beş-altı aydır bu məsələ var. Efirdə danışmaq istəmirdim. Fatimə də zəng vurub özümlə danışardı. Fatimə rəqqasə olmamışdan əvvəl mən oxuyurdum. Fatimənin rəqsini, məktəbini əlindən almamışam. Xına evi açdım, ondan sonra soyuqluq başladı".
Yeri gəlmişkən, Fatimə oxşar qalmaqalları Xuraman Şuşalı və Xatunla da yaşayıb. Rahidənin sözü olmasın, o müğənni olanda, tanınanda Fatiməni, görəsən, ailə üzvlərindən savayı tanıyan var idimi? Lap tutaq ki, tanınırdı. Axı bu, nə mənasız iddiadır. Bəlkə Fatimə Müəllif Hüquqları Agentliyindən bir kağız da alsın ki, xınayaxdı adət-ənənəsini məhz o gətirib. Adamın əri nazirlikdə də işləyər, lap vəzifədə də olar. Ancaq dəqiqəbaşı jurnalistə zəng etdirməzlər, həmkarlarla kəllə-kəlləyə gəlməzlər.
Anar Nağılbazla keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanın arasındakı qalmaqala repçinin atası, keçmiş deputat Rizvan Cəbiyev də qoşulub. Özü də necə deyərlər, bir az bərk qoşulub. Rizvan müəllim nəvələrinin anasını hüquq-mühafizə orqanlarına çağırtdırıb, üzləşiblər. Rizvan müəllim təcrübəli adamdır, illərin jurnalistidir, qanunları da əla bilir. İnanmıram ki, oğlunun övladlarına baxmalı olduğunu bilmir. Görünür, ya yaşlanıb, ya da Anar atasını başqa cür başa salıb. Ya da Anjelikanın Anarla dostu tərəfindən məruz qaldıqlarından xəbərsizdir. Buna da inanmıram. Çünki eşitdiklərimə görə məhz Rizvan müəllimin əlaqələri sayəsində həmin məsələ müvəqqəti olaraq qapadılıb.
Aparıcı Sərxan Kərəmoğlunun isə verilişində öpüş master klassları davam edir. Hansı qadın gəlirsə, ya öpür, ya öpüşməyin texnikasını öyrədir. Nəyi sübut etməyə çalışır, naməlumdu. Ya da kimsə ona deyib ki, sən öpüşə bilmirsən. Bu da hər dəfə efirdən ismarış yollayır ki, bax, bacarıram.
Aparıcı Zaur Baxşəliyev həyat yoldaşıyla efirdə hind rəqsi oynayıb. Xəbəri açıb rəqsə baxmaq istəyəndə Qulpqoyan dayı dedi ki, gör hamam xalatında deyilsə, baxıb havayı yerə vaxt itirməyək.
Xatirə İslam ən çox tənqid etdiyim sənətçilər sırasındadır. Ancaq bu dəfə tənqid yox, təqdir edəcəyəm. Amma geyimini yox, dediklərini. Yadınızdadırsa, Xatirə klubların birində verdiyi konsertdə yetərincə açıq geyimdəydi. Amma özünə yetərincə əsaslı bəraət qazandırıb
"Mən nə geyindiyimi çox gözəl bilirəm. O geyimi yüz dəfə ölçüb-biçən, dəfələrlə əyilib-qalxan insanam. Belə qalmaqala ehtiyac yoxdur. Necəsə şəkil tapıb, düzüb-qoşursunuz ki, guya haramsa görünüb. Siz ki, soyunanlara daha çox hörmət edirsiniz, burda nə var ki? Tutalım, bu dəfə də səhnə geyimim bir az fərqli olub. Alışmağa çalışın".
Bəli, geyim yetərincə açıq idi. Ancaq Xatirənin dedikləri ondan da açıqdır. Efirə paltarsız gələnləri toylarına aparıb on min pul xərcləyən toplum üçün Xatirənin geyimi çox qapalıdır. Alışın.


Geri dön