Ana Sayfa > Karusel / Siyasət / Gündəm / M2 > Vicdanı susdurmaq cinayətdir!

Vicdanı susdurmaq cinayətdir!


7-03-2018, 14:23. Yazar: Xeberaz



Göyçay rayonunda görülmüş işlər cənab Mehdi Səlimzadənin dövlətsevər kadr
olduğunu təsdiqləyir
Sevindirici haldır ki, bu gün Azərbaycanın bütün bölgələrində olduğu kimi, Göyçay rayonunda da ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı misilsiz işlərə böyük önəm verilir, icra başçısı cənab Mehdi Səlimzadənin rəhbərliyi altında ölkə başçısı İlham Əliyev cənablarının apardığı uğurlu siyasət həlledici amil kimi təbliğ edilir, tikinti-abadlıq və quruculuq işləri rayonda ən prioritet məsələlərdən biri kimi diqqət çəkir. Qəzetimizin ötən sayında rayonun hazırkı mənzərəsini təsvir etmiş, elektron saytlarımızda bu barədə ürək açan material yerləşdirmişik. Lakin yazılarımız diqqət çəkər-çəkməz bir qrup maraqlı şəxs rayon sakinlərini cənab Mehdi Səlimzadəyə qarşı qoymuş, onun əleyhinə imza toplamış və sosial şəbəkələrdə bu «işi» çal-çağıra çevirmişlər.
Unutmamalıyıq ki, ölkəmizdə həlledici məsələlərdən biri ilə üz-üzəyik – yəni 11 apreldə Prezident seçkisidir. Bu dəqiqə bütün diqqət və maraqlar ölkəmizin sabitliyi və təhlükəsizliyi naminə aprel seçkisinə yönəlməli, İlham Əliyevin apardığı siyasət sıx dəstəklənməlidir. Ancaq təəssüflər olsun ki, belə bir önəmli, tarixi gün ərəfəsində kimlərsə öz çirkin maraqlarını həyata keçirmək üçün iştah dişlərini itiləyib, əhalidə narazılıq yaradır, icra başçısını gözdən salmaq üçün ciddi-cəhdlər edirlər. Qısası, seçki ərəfəsində belə bir kampaniyaya başlamaq yalnız dövlətçiliyə qarşı çıxmaq, ölkə prezidentinin siyasətini aşağılamaq, mövcud sabitliyi pozmaq və s. kimi çirkin niyyətlərə imza atmaq anlamı kəsb edir.
Cənab Mehdi Səlimzadənin Göyçay rayonunda həyata keçirdiyi tikinti-quruculuq işləri ölkə rəhbərinin də diqqət mərkəzindədir. Dövlət başçısı Göyçaya hər səfəri çərçivəsində rayonda görülmüş və icrasına başlanılacaq işlər barədə daim xoş sözlər deyib, bölgənin müasir standartlar çərçiəvində inkişafından danışıb. Bu da məsuliyyətli bir kadr kimi cənab Mehdi Səlimzadənin dövlətçilik əqidəsi, dövlətə sevgisinin bariz nümunəsidir. Onun kimi vicdanlı kadrları hansısa bayağı bir təsirlə gözdən salmağa çalışmaq heç bir məntiqə sığmır. Xalqın gözü onsuz da, tərəzidir; kimin kim olduğunu yaxşı ayırd edə bilir.
Digər bir tərəfdən, əgər Göyçayda icra başçısından bu qədər narazı insan vardısa, o zaman niyə əvvəlki məqamlarda səslərini çıxarmır, şikayət etmirdilər? Və bu gün – seçki ərəfəsində onların haray-həşir qopartmağı hansı məqsədə xidmət edir? Sizcə bu şikayətdə səmimiyyət varmı?
Bu çirkin addım olsa-olsa, cənab Mehdi Səlimzadənin uğurlarına kölgə salmaq, onu prezidentin gözündə aşağılamaqdır.
Hər halda, Göyçaydakı inkişafı bu gün hər kəs görür və müşahidə edir. Qaldı bir qrup insanın hay-həşirinə, dediyimiz kimi, bu, sabotaj xarakterli çağırışlardır, seçkiqabağı sabitliyi pozmaqdır və s.
Çox arzu edərdik ki, Göyçayda sabitliyi pozmaq cəhdində olanlar çirkin əməllərindən əl çəksinlər, dövlətimizin daha güclü olması naminə bir amal, bir məqsəd ətrafında sıx birləşsinlər. Bu, onları xoş ovqata bükər, halalı haramdan ayırmağa kömək edər.
Etiraf etməliyik ki, Göyçay sürətli inkişaf edir, yeni görkəmə bürünür.





Geri dön