Ana Sayfa > Karusel / Maraqlı / M2 > "Mart gəldi, dərd gəldi"-NİYƏ?

"Mart gəldi, dərd gəldi"-NİYƏ?


1-03-2018, 12:27. Yazar: Xeberaz

Bu gün mart ayının biridir.
Yazın gəlişi, bayram əhval-ruhiyyəsi bu ayı insanlara sevdirir. Lakin bəzi insanların martın “ağır” ay olduğunu fikirləşirlər. Əslində, böyüklərdən eşitdiyimiz “Mart gəldi, dərd gəldi” atalar sözü bu təəssüratın yaranmasına səbəb olub.
Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmə açıqlamasında bildirib ki, bu, təkcə bir deyim əsasında yox, bunu ilin, havaların kəskin dəyişilməsi, çərşənbələrlə bağlıdır.
“Martın girməsi əslində boz ayın dövrünə təsadüf edir. Deyimi əsasən bununla əlaqələndirirəm. Boz ay sərt keçir. Yağış, qar yağır. Hava bir neçə şəklə düşür. Bu, birincisi sırf olaraq astronomik hadisədir. Amma bu ay xalq arasında izah olunmayan müəyyən məsələlərə də dayanır. Əvvəllər insanlar təbiətə təsir göstərmək üçün müəyyən ayinlər təşkil edirdilər. Dünyanı zəbt edə bilməyən insanın təsəvvürü belə idi ki, hansısa bir magik vasitələrlə təbiətə təsir göstərib, onu sakitləşdirə bilər. Bu baxımdan, “Mart girdi, dərd girdi” deyimi yağışların yağması, havaların kəskin şəkildə dəyişilməsi ilə bağlıdır.
Bəzi halllarda qış sərt keçir. Qışın sərt keçməsi qar yağması halları ilə müşahidə olunur. Mart ayının gəlməsi ilə birlikdə daşqınlar başlayır. Çaylarda sululuq artır. Əkin sahələrinə normadan artıq su düşür. Fikrimcə, havanın stabil olmaması, tez-tez dəyişkən olması bu deyimi təsdiq edir. Bunun hansısa qeyri-adi, magik, anlayışının olduğunu düşünmürəm. Bütün anlayış, inanc sistemi insanların təbiətə aid təsəvvüründəki məsələlərdir. İzah olunmayanda ona mifoloji obrazlılıq gətirilir. Bilirsiniz ki, bu obrazlılıq insan düşüncəsinin məhsuldur. Müəyyən düşüncələr, mərasimlər də bu obrazlılıqda dayanır”.
Araşdırmalara görə, mart ayının "dərd ayı" kimi adlandırılması əslində, "boz ay"la da bağlıdır.
Söyləmələrin birində deyilir ki, əski çağlarda insanlar ay haqq-hesabını bilmirdilər, məhz buna görə də günü-günə, ayı-aya qarışdırırdılar.
Belə çaşqınlıqlar insanları bu qənaətə gətirir ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Ancaq bölgü vaxtı boz aya cəmi 14 gün düşür. İnciklik olmasın deyə, hər aydan bir gün götürüb boz ayın günlərinə əlavə edirlər. Görürlər, bu bölgüdə də haqsızlıq baş verdi. Hər ayın 31, boz ayın isə cəmi 25 günü oldu. Onlar yenidən aylara müraciət edirlər ki, hərəniz bir gün də boz aya verin. Ayların yarısı razılaşır, yarısı isə razılaşmır; nəhayət, biri 2, digəri 3 gününü boz aya verir. Beləliklə, boz ay olur 30 gün. Buna görə öz günlərini ilin müxtəlif fəsillərindən olan aylardan aldığı üçün boz ayda ilin bütün fəsillərinin yaşandığı təsəvvürü yaranmışdır. Boz ayın bu adla adlanması onun buludlu, yağışlı, küləkli, isti, soyuq – bir sözlə, dəyişkən olması ilə bağlıdır. O da səbəbsiz deyil ki, xalq bu aya öz münasibətini “boz ay bozara-bozara keçər” şəklində ifadə edir. Həm müstəqim, həm də məcazi məna daşıyan “boz” sözü dilimizdə bir sıra anlamlar – rəng (boz paltar, soyuqdan və ya qorxudan rəngi bomboz olmaq), xasiyyət, sərtlik, kobudluq (boz adam, üzə bozarmaq) mənalarını bildirir. “Boz ay bozara-bozara keçər” deyəndə də, yəqin ki, daha çox onun sərtliyi nəzərdə tutulur. Boz ayın sərt təbiətinə qarşı ehtiyatlı olmağa diqqətçəkən digər bir el rəvayətində deyilir ki, bir qarının şaxtalı günlərdə heyvanlar üçün tədarük etdiyi yem ehtiyatı boz aya qədər qurtarır. Bu andan da qarı havaların istiləşdiyini görüb oğlaqlarını çölə buraxır və:

Mart, gözünə barmağım,
Yaza çıxdı oğlağım, – 
deyir. Qarının sözlərindən acıqlanan boz ay yaza yalvarır ki, günlərindən üçünü ona üç gün müddətinə borc versin. Yaz razı olur. Boz ay elə bir boran, tufan qoparır ki, qarının oğlaqları tələf olur. Bəzi yerlərdə, əksər rayonlarda bu üç gün “qarı borcu” da adlanır. Buradan belə nəticə çıxır ki, təsərrüfatla məşğul olan insan mal-qarası, qoyun-quzusu üçün tədarük etdiyi ot-ələfin, bəlim-samanın müəyyən hissəsini bu ay üçün mərəkdə (samanlıqda) ehtiyat saxlamalıdır. Bunu aşağıdakı bir el misalında da görmək mümkündür. 
Martda mərək
Yarı gərək.
Xalq arasında boz ayın son həftəsi ilə yazın birinci həftəsində əsən quru, soyuq, şiddətli küləklərə bəzən “Xıdır Nəbi küləyi”, həmin küləkdən sonra ağaclar puçurlamağa başladığına görə bəzi hallarda buna “puçur yeli” də deyilir.
[email protected]
Geri dön