Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda heyvanlar üçün qəbiristanlıq salınsın – TƏKLİF

Azərbaycanda heyvanlar üçün qəbiristanlıq salınsın – TƏKLİF


11-11-2017, 19:07. Yazar: Xeberaz

Bir çoxumuz  heyvanları insana gərək ola biləcək  əşya və ya əyləncə mənbəyi kimi qəbul edirik. Bu baxımdan əksər hallarda heyvanların təbii ehtiyaclarına, instinklərinə məhəl qoymur, onlara qarşı laqeyd münasibətdə oluruq. Halbuki heyvanların da insanlar kimi, müəyyən hüquqları var.
 
Hazırda ölkəmizdə heyvanlarla bağlı ciddi problemlər var. Bunlardan biri heyvanlar öldüyü halda basırılması üçün hər hansı yerin olmamasıdır. Digəri isə sahibsiz heyvanların qəzalar nəticəsində tələf olaraq küçələrdə qalması və buna görə müəyyən məsuliyyətin nəzərdə tutulmamasıdır.
 
Qonşu ölkə Türkiyədə “Heyvanları qorumaq”  haqqında 5199 nömrəli  qanun  var. Qanunun 21-ci maddəsində qeyd edilib ki, qəza nəticəsində heyvanları yaralayan və ya öldürən  sürücü ən yaxın baytar xidmətinə xəbər verməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinə əsasən, adam başına 300 lirə cərimə nəzərdə tutulub.
 
Bəs bu istiqamətdə  Azərbaycanda vəziyyət necədir? 
 
“Bələdiyyələr heyvanların basdırılması üçün yer ayırmalıdır”
 
“Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti”nin sədri Azər Qarayev isə açıqlamasında bildirib ki, qeyd edilən məsələlər ciddi problemdir:
 
“Bakıda heyvan qəbiristanlığı yoxdur. Sadəcə Bakı Zooparkının arxasında qeyri-qanuni bir yer fəaliyyət göstərirdi. Cammat ölən heyvanlarını  orada basdıra bilirdi. Lakin indi həmin yerdə heyvan basdırmağa icazə verilmir.  Bu baxımdan  kim harda, necə istəyirsə, o formada heyvanları  dəfn edirlər. Bu məsələ təbii ki, həll edilməlidir. Normal sivil qaydada heyvanların basdırılması üçün yer ayrılmalı yaxud onlar yandırılmalıdır. 
Digər tərəfdən bizdə yandırmaq adəti yoxdur. Bu səbəbdən rahat şəkildə insanların  gedə biləcəyi yer mütləq ayrılmalıdır. Bilirsiniz, 15-20 il eyni heyvanla qalan insanlar var və onlar  sahiblərinin ailə üzvləri kimidirlər. Heyvanlar öləndən sonra insan əlbəttə ki, darıxır, müəyyən vaxt onun yanında olmaq, ziyarət etmək istəyir. Bu normal haldır. Bunun üçün rahat yer təşkil edilməlidir. Güman edirəm ki, heyvan saxlayan hər bir vətəndaş məsələnin həllinin tərəfdarıdır. Yəni məsələ qayda-qanun çərçivəsində olmalı və vətəndaşlar bunun üçün pul ödəməlidir. Vətəndaşların heyvanları harda gəldi basdırması, buna görə təzyiqlərə məruz qalması düzgün deyil.
Bu məsələlərlə bələdiyyələr və ya yerli icra strukturları məşğul olmalıdır. Biz bir neçə dəfə bunun bağlı müraciət etmişik. Sadəcə sahibsiz heyvanların mühafizəsi daha prioritet olduğu üçün hələki bu məsələyə qayıtmamışıq. Təəssüflər olsun ki, dövlət də buna nəzarət etmir.  Hazırda kimin öz ərazisi, torpaq sahəsi varsa, orada ölən heyvanını basdırır. Digərləri isə evinin yanında və ya başqa yerlərdə icazə almadan bunu edir”.
 
“Heyvanları yaralayan və ya öldürən şəxslər məsuliyyətə cəlb edilməlidir”
 
Müsahibimiz problemin ikinci tərəfinə də toxunub və heyvanları öldürənlərin məsuliyyətə cəlb edilməsindən söz açıb:
“Digər bir problem də yol qəzası nəticəsində tələf olan  sahibsiz heyvanlarla bağlıdır. İlk növbədə bununla əlaqədar məsuliyyət olmalıdır. Demək olar ki, dünyanın bir çox ölkələrində bu olsa da, bizdə öldürülən heyvanlara görə məsuliyyət tətbiq edilmir. Qanunda mütləq şəkildə hər hansı maddə öz əksini tapmalıdır. Əgər sən heyvanı yaralamalısansa, öncə cərimələnməlisən və cərimə haqqı heyvanın sağalmasına xərclənməlidir. İkincisi, əgər heyvanı yaralayıb və ya öldürmüsənsə, onu orada atıb getməməlisən. Bunun üçün də əlavə bir məsuliyyət tətbiq edilməlidir. İnsan heyvana ya kömək göstərməli ya da xüsusi strukturla, qaynar xətlə əlaqə yaradılaraq  yardım istənməlidir. Bu məsələyə normal insan yanaşması olmalıdır. Amma bizdə heyvanlara  insan deyil, sanki vəhşi varlıq münasibəti var. İnsanlar küçələrdə qəsdən və ya təsadüfən heyvanları vurur və onlar yerindəcə qalır. Həmçinin bu, infeksiyanın yaranmasına və yayılmasına səbəb olur”.
 
A.Qarayevin sözlərinə görə, bu istiqamətdə aidiyyatı qurumlar aktiv fəaliyyət göstərməlidir:
 
“Xarici ölkələrdə minimum inzibati xətalar məcəlləsində heyvanlarla bağlı maddələr var. Həmçinin heyvan ölümləri halları ilə bağlı yollarda xüsusi işarələr qoyulur. İşarələrdə belə vəziyyətlə rastlaşanların  hansı qaynar xətlə əlaqə yaratmalı olduğu öz əksini tapır.
 
Bunlar əslində kompleks məsələdir. Bizim ölkədə yaşayan sahibsiz və ya sahibi olan heyvanlara nəzarət yoxdur. Strukturlar  normal fəaliyyət göstərə bilmir.
 
Bunlar özəl və ya dövlət qurumları ola bilər. Yəni baytarlıq xidmətləri, qeyri-hökumət təşkilatları, yerli idarə orqanları, assosiasiyalar və.s  Təcrübəsi olan və heyvanları sevən insanlar bu işlərlə məşğul olmalıdır”.
Geri dön