Ana Sayfa > Karusel / M2 / İbadət > Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”
Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”21-10-2017, 11:52. Yazar: Xeberaz |
Quranda, hədislərdə Allahın 99 adının olduğu vurğulanır və buyurulur ki, "ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin...". Adətən övladlarına ad qoymaq istəyən müsəlmanlar bu adlara tez-tez müraciət edir. Lakin bununla yanaşı, bəzən həmin adlar hansısa marka, əşya, məhsul adı kimi də istifadə edilir. Buna təkcə xaricdə deyil, bütün müsəlman ölkələri kimi Azərbaycanda da təsadüf olunur. Məsələn, “Nur” çörək zavodunun məhsulları hər kəsə məlumdur. Məhsul istifadə ediləndən sonra təbbi olaraq üzərində “Nur” yazılmış kağız paketlər atılır. Hazırda bu məsələ əksər dindarları narahat edir və şikayətlərini dilə gətirirlər. Bəs Allahın adlarından əşya, məhsul, marka adları kimi istifadə etmək günahdırmı? Y ada Allahın adları insana hansı hallarda qoyula bilər? İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Allaha məxsus olan adların insana qoyulması da günahdır: “İslam ənənəsində sadəcə Allaha aid olan adların, sadəcə Allahın xüsusiyyətlərini bildirən, onun əsmaül-hüsnasının “əbd” kəlməsi olmadan insana qoyulması halları çox olub. Bu, günah, məkruh, bəyənilməyən bir hadisə kimi qəbul edilib. Lakin Allah adına və sadəcə onun xüsusiyyətlərini bildirən adlara “əbd” kəlməsi artırılaraq qoyulsa daha yaxşıdır, məqbuldur. Allaha məxsus olan adlardan xüsusilə ikisini isə “əbd” kəlməsi olmadan insana qoymaq böyük günahdır. Bunlar Allah və Rəhman adlarıdır. Allah adı ilə bağlı izah verməyi artıq bilirik. “Rəhman” adı Quranda birbaşa Allah-təalaya aid edilib və yalnız Ona məxsus sayılıb: “De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur” (İsra, 110)”. E.Mahmudov qeyd edib ki, yaxşı olar ki, uşağa Allahın isimlərini qoyarkən ismin əvvəlinə “Abd (Əbd)” sözü artırılsın: “Uşaq üçün tövsiyə olunan adlar arasında ilk yeri Allaha bəndəliyi ifadə edən adlar tutur. Yəni Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə “əbd” kəlməsini artırmaqla yaranan adlar daha çox məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüllətif, Əbdülqadir, Əbdüləzim və s). Yaxşı olar ki, uşağa Uca Allahın Əsmaül-hüsnadakı isimlərini qoyarkən ismin əvvəlinə “Abd (Əbd)” (bəndə) sözü artırılsın. Belə qoyulan adların hamısı Allahın bəyəndiyi adlardandır. Məsələn, Əbdülkərim – lütf və kərəmi bol olan Allahın bəndəsi, Əbdüllətif – gözəl, lətif, həlim olan, bütün hadisələrin təfərrüatını bilən Allahın bəndəsi, Əbdülməcid – şanı uca, comərdlik və kərəmi bol olan Allahın bəndəsi deməkdir. Bu cür adlar həm də insanlara Allahı xatırlatmaq, tövhid əqidəsini qorumaq və insanın Allaha bəndə olduğunu unutmamaq baxımından da əhəmiyyətlidir. “Bəndə, qul” mənasına gələn “əbd” kəlməsi ancaq Uca Allahın adlarının əvvəlində istifadə olunaraq ad kimi qoyula bilər. “Əbd” kəlməsi ilə başlayan bəzi adlar var ki, onları qoymaq olmaz. Məsələn, Əbdülməsih adını qoymaq haramdır. Ona görə ki, istər peyğəmbər, istərsə də səhabə fərqi yoxdur, Allahdan başqasına bəndəlik mənası daşıyan bütün adlar alimlərin icması ilə haramdır. Yəni bir şəxsə Əbdünnəbi, Əbdürrəsul, Əbdülhüseyn, Əbdülkəbə, Hüseynqulu, Həsənqulu, Məmmədqulu və bənzər adların qoyulması caiz deyildir, bəyənilmir”. Müsahibimiz bildirib ki, Allahın adlarının əşya, məhsul, marka, mağaza və şirkət adları kimi istifadə edilməsi də bəyənilmir: “Bu tendensiya təəssüflər olsun ki, var və müxtəlif olmaqla bərabər, geniş şəkildə istifadə olunur və hətta istismar edilir. Lakin Allahın adlarının, atributlarının, əsmaul-hüsnasının əşya, məhsul, marka, mağaza və şirkət adları kimi istifadə edilməsi bəyənilmir, xoş qarşılanmır və məsləhət görülmür. Ümumiyyətlə, dini dəyərləri və simvolları ehtiva edən markalar cəmiyyətin və cəmiyyəti formalaşdıran fərdlərin dini duygu və hissiyyatlarını zədələyici, bu duyğu və hissiyyatı istismar edici olmamalı və bunlardan istifadə mənfəət əldə etmək məqsədi güdməməlidir”. Möminlərə görə, insan təfəkkürü Uca Yaradanı – Allah; dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin...”; “Allah – Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!”. Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: “Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər”. Modern.az saytı Allahın 99 adını diqqətinizə çatdırır. Bunlar aşağıdakılardı: 1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən 2. ƏL-VAHID — yeganə 3. ƏL-ƏHƏD — bənzərsiz 4. ƏS-SAMƏD — ehtiyacsız 5. ƏL-AXİR — hər şeydən sonra mövcud olacaq 6. ƏS-SƏMİ — hər şeyi eşidən 7. ƏL-BƏSİR — hər şeyi görən (haqq-nahaqq) 8. ƏL-QADİR — hər şeyə qüdrəti çatan 9. ƏL-ƏVVƏL — hər şeydən əvvəl mövcud olmuş 10. ƏL-QAHİR — zalımları qəhr edən 11. ƏL-ƏLİYY — yüksək, uca 12. ƏL-Ə'LA — ən yüksək, ən uca 13. ƏL-BAQİ — əbədi, daimi, qaları 14. ƏL-BƏDİ — həmişə ixtira edən 15. ƏL-BARİ — yaradıcı 16. ƏL-ƏKRƏM — ən kəramətli 17. ƏZ-ZAHİR — aşkarda olan (yaxud aşkardakıları bilən) 18. ƏL-BATİN — gizlində olan (yaxud gizlindəkiləri bilən) 19. ƏL-HƏYY — diri 20. ƏL-HƏKİM — çox hikmətli 21. ƏL-ƏLİM — hər şeyi bilən, çox elmli 22. ƏL-HƏLİM — çox mülayim 23. ƏL-HƏFİZ — ən yaxşı qoruyucu, mühafizəçi 24. ƏL-HƏQQ — həqiqət 25. ƏL-HƏSİB — hər şeyi hesaba alan 26. ƏL-HƏMİD — həmd edilən (yaxud həmdə layiq) 27. ƏL-HƏFİYY — öz yaratdıqlarını çox sevən 28. ƏN-NUR — nur 29. ƏR-RƏBB — bəsləyən, pərvəriş edən 30. ƏR-RAHMƏN — çox mərhəmətli 31. ƏR-RƏHİM — həmişə mərhəmətli 32. ƏR-RƏUF — mehriban, şəfqətli 33. ƏR-RAİ — hər şeyi görən 34. ƏR-RƏQİB — nəzarətçi, keşikçi 35. ƏZ-ZARİ — yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən) 36. ƏS-SƏLAM -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən 37. ƏR-RƏZZAQ (ƏR-RƏZİQ) — ruzi verən 38. ƏL-MÖ'MİN — iman bəxş edən (yaxud iman bəslənilən) 39. ƏL-MÜHƏYMİN — himayə edən 40. ƏL-ƏZİZ — çox izzətli 41. ƏL-CƏBBAR — zalımlara əziyyət verən 42. ƏL-MÜTƏKƏBBİR — məqamı uca tutulan, böyüdülən 43. ƏS-SƏYYİD — ağa, başçı 45. ƏŞ-ŞƏHİD — hər şeyə şahid olan və nəzarətçi olan 46. ƏS-SADİQ — sədaqətli, doğrucul 47. ƏT-TAHİR — pak, saf 48. ƏL-QƏNİYY — ehtiyacsız, varlı 49. ƏL-QİYAS — köməkçi 50. ƏL-FATİR — yaradan, vucuda gətirən 51. ƏL-FƏRD — tək, yeganə 52. ƏL-FƏTTAH — çətinlikləri həll edən 53. ƏL-FALİQ — dan yerini yaran, parçalayan 54. ƏL-QƏDİM — əzəli, olmadığı zaman təsəvvürə gəlməyən 55. ƏL-MƏLİK — mülk sahibi 56. ƏL-QÜDDUS — müqəddəs 57. ƏL-QƏVİYY — çox qüvvətli 58. ƏL-QƏRİB — çox yaxın 59. ƏL-QƏYYUM — dayanıqlı, sarsılmaz, sabit 60. ƏL-QABİZ — sıxan, canları alan, və ya qəbz edən 61. ƏL-BASİT — açıb sərən və ya səxavətli 62. QAZİYUL-HACAT — hökm verən, ehtiyacları həll edən 63. ƏŞ-ŞAFİ — şəfa verən, sağaldan 64. ƏL-MƏCİD — şan-şöhrətli, əzəmətli, ulu 65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) — dost (ağa, sərvər) 66. Əl-LƏTİF — lütf edən 67. ƏL-MƏNNAN — bəndələrinə çox ehsan edən 68. ƏL-MÜHİT — hər şeyi əhatə edən 69. ƏL-MÜBİN — hər şeyi bəyan edib aşkarlayan 70. ƏL-MÜQİT (ƏL-MÜĞİS) — ruzi verən (dada yetişən, yardımçı) 71. ƏL-MUSƏVVİR — hər şeyi formaya salan 72. ƏL-KƏRİM — çox kəramətli 73. ƏL-KƏBİR — çox böyük 74. ƏL-KAFİ — kifayət edən, hər şeyə bəs edən 75. KAŞİFÜZ-ZÜRR — zərərin üstünü açıb ifşa edən 76. ƏL-VİTR — tək-tənha 77. ƏL-ƏZİM — əzəmətli 78. ƏL-VƏHHAB — nemət bağışlayan 79. ƏN-NASİR — köməkçi, yardımçı 80. ƏL-VASE — çox əhatəli, geniş 81. ƏL-VƏDUD — bəndələrini çox sevən 82. ƏL-HADİ — hidayət edən, doğru yol göstərən 83. ƏL-VƏFİYY — vəfalı, sadiq 84. ƏL-VEKİL — himayəçi 85. ƏL-VARİS — qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud 86. ƏL-BİRR — yaxşı sifətlərin sahibi 87. ƏL-BAİS — qiyamətdə ölüləri dirildəcək zat 88. ƏT-TƏVVAB — tövbələri qəbul edən 89. ƏL-CƏLİL — cəlallı 90. ƏL-CAVAD — səxavətli 91. ƏL-XƏBİR — hər şeydən xəbərdar olan 92. ƏL-XALİQ — xəlq edən, yaradan 93. XEYRUN-NASİRİN — ən yaxşı yardımçı 94. ƏD-DƏYYAN — hesabat gününün sahibi, hakim 95. ƏŞ-ŞƏKÜR — şükr edilən (yaxud şükrə layiq) 96. ƏS-SANE — yaradıcı 97. ƏL-ƏDL — ədalətli (yaxud ədalətin özü) 98. ƏL-ƏFÜVV — əfv edən, bağışlayan 99. ƏL-QƏFUR — günahları bağışlayan Geri dön |