Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Tofiq Zülfüqarov ölüm faktına görə istintaqda ifadə verib: “İçkili idi, üstündən yük maşını keçib”

Tofiq Zülfüqarov ölüm faktına görə istintaqda ifadə verib: “İçkili idi, üstündən yük maşını keçib”


16-09-2017, 13:53. Yazar: Xeberaz

“Piyada Zığ şossesində sürət həddi yuxarı yolda keçid olmayan yerdən, avtobusun önündən anidən maşınların hərəkət yoluna çıxıb. Mənim qəzada iştirakım çox nisbi olub. O, mənim maşınımın yan güzgüsünə yüngül dəyib. Daha sonra piyadanın üstündən yük maşını keçib”.
 
Bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfqarov açıqlamasında deyib.
 
Eks-nazir hadisə ilə əlaqədar Xətai Rayon Polis İdarəsində aparılan istintaqda şahid qismində ifadə verdiyini bildirib.
 
“Biz ifadə verəndə orada olan insanlar deyirdilər ki, biz onu tanıyırıq.  Hadisənin kamera görüntləri də var. Polislər də hadisəni araşdırırlar. Mən ifadəmi verdim və hadisənin necə baş verdiyinə görə imza atdım. İndi ekspertiza aparılır. Daha sonra da cinayət işinin açılması və ya xitam verilməsi barəsində qərar olacaq. Mənim yerimdə başqa şəxs olsaydı bəlkə də hadisəyə belə maraq olmazdı.
 
Doğrusu demək istəmirdim, ölümlə nəticələnən qəzaya səbəb piyadanın içkili vəziyyətdə olmasıdır. Elə olmasaydı 8 zolaqlı yolu, sağa-sola baxmayaraq qaça-qaça keçməzdi. Həmçinin həmin ərazidə yerüstü piyada keçidi də var.
 
Yenə də deyirəm ki, avtobusun önündən anidən maşınların hərəkət yoluna çıxdı və mənim maşınımın yan güzgüsünə yüngül dəydi. Daha sonra piyadanın üstündən yük maşını keçdi. “Ford”un sürücüsündə də heç bir günah yoxdur. Onun yerinə Şumayxer də olsaydı, belə olacaqdı. Allah o piyadaya rəhmət etsin”.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyi məlum yol qəzası ilə bağlı sentyabrın 15-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 14-də saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əsgərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Uğur Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Bu gün isə mətbuatda piyadanın T. Zülfüqarov tərəfindən vurulması barədə məlumat yayılıb.
Geri dön