Ana Sayfa > Karusel / M2 / Foto-fakt / Müsahibə > Azan səsinə qarşı olduğu bildirilən QHT sədri: "Burada kiminsə barmağı var" - MÜSAHİBƏ

Azan səsinə qarşı olduğu bildirilən QHT sədri: "Burada kiminsə barmağı var" - MÜSAHİBƏ


13-06-2017, 13:18. Yazar: Xeberaz

"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın dünən "Facebook" profilində gecəyarı mikrofonla azan səsi eşitmək istəməməsi ilə bağlı status paylaşmasına dair yayılan xəbərlər ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Daha sonra qalmaqallı statusu səhifəsindən pozan QHT sədri saytları bu xəbəri onun fikrini öyrənib dədiqləşdirmə aparmadan yazmaqda ittiham etdi.

Yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışan Bəxtimşah Tağıyevanın müsahibəsini təqdim edirik:
- Bəxtimşah xanım, demisiniz ki, azanla bağlı həmin statusu siz yazmamısız. Düzdür?
- Bəli. Həmin gün bizim Ramazan ayı ilə bağlı tədbirimiz var idi. Kompüter açıq qalıb, uşaqlardan kimsə girib yazıb. Axtarırıq. Hələ bilmirəm kim yazıb. Yəni, o, mənim yazım deyil. Kimə səhifəmə girib yazıb. Qısası, belə şey olmayıb.

- Sizcə, bunu hakerlər ediblər, yoxsa həmin gün kompüteriniz açıq qalıb deyə kimsə sizdən gizli səhifənizə girib?

- Kompüterim açıq qalıb, amma kimlərin etdiyini, doğrudan, bilmirəm. Amma bizim ofisdən yazmayıblar. Bu, kənardan yazılıb. Ona görə də mənə qarşı belə qara kampaniya aparmaq düzgün deyil. Mənim etdiklərimin hamısı yetimlərə, imkansızlara yardımdır. İndi birdən-birə əleyhimə hakerlik edib belə şey yazmaq doğru deyil. Onu yazanlar da məndən soruşmalıydılar ki, belə şey olub, ya olmayıb. Belə etmək düzgün deyil.


- Demisiniz ki, bu, sizə qarşı təxribatdır. Sizcə, belə təxribatı törədənlərin məqsədi nədir?
- Mən də elə onu bilmək istəyirəm. Vallah, bilmirəm. İndi onu öyrənməyə çalışıram.
- Düşmənləriniz belə çoxdur?
- Yəqin ki, əvvəl-axır kimin elədiyi ortaya çıxacaq. Mən saytlara yazı göndərəndə onu vermirdilər. İndi nə təhər oldu bu boyda şeyi hamısı birdən elədi? Deməli, burada kiminsə barmağı var.

- Siz bu məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edəcəksiz?

- Özüm də araşdıracağam, müraciət də edəcəyəm.

- Yəni hüquq-mühafizə orqanlarına müraciət edəcəksiz?
- Yox, hüquq-mühafizə orqanlarına müraciət eləməyəcəm, amma müraciət edəcəyim insanlar olacaq. Araşdırıb tapsınlar, görək səbəb nədir? Niyə görə bu boyda həngamə qoparıblar? Yəqin ki, kimsə buna barmaq edib, özbaşına olmayıb ki. Adam min dənə şey yazır, amma bu qədər əleyhimə çıxan olmamışdı axı.

- Bu vaxta kimi fəaliyyətiniz dövründə özünüzə qarşı buna oxşar halla rastlaşmışdınızmı? 

- Olub. Dəfələrlə e-mail-imdən istifadə ediblər. Neçə dəfə məcbur olub dəyişmişəm. Yəni, mənə qarşı belə şeylər çox olub.

- Sizcə, səbəb nədir? Bu ictimai fəaliyyətinizlə bağlıdır, yoxsa şəxsi həyatınızla?
- Yox, şəxsi həyatımla bağlı ola bilməz. Yəqin ki, ictimai fəaliyyətimlə bağlıdır, başqa bir şey deyil. Çünki mən heç kimə sataşan, əleyhinə, dalınca danışan deyiləm. Söz də deyəndə birbaşa üzünə deyirəm.

- Bəxtimşah xanım, bəs dinə, İslama münasibətiniz necədir?
- Əslində, mən daim imkansızlara əl tutmuşam, Ramazan ayında iftar süfrələri açmışam. Biz bunu hər il edirik, ilk dəfə deyil. Qurban bayramında ət paylamışıq. Bunlar hamısı dinin bir hissəsi deyil? Əgər dinə əməl eləməsəydik, bunları da etməzdik. Düzdür, mən özüm dindar deyiləm, amma dindar adamlara köməyim də dəyib, hörmətim də var, yardım da edirəm. Yəni, mən dinin əleyhinə gedən adam deyiləm.
- Amma maraqlıdır ki, bütün bu məsələlər azanla bağlı yazılardan sonra yarandı...
- Əvvəla, onu mən yazmamışam. İkincisi, orada yazılmayıb ki, azan səsi gəlməsin. Orada yazılıb ki, niyə gecə saat 4-də mikrofonla verilir? Sadəcə, saytlar informasiyanı dəyişib yazıblar. Götürüb yazıblar ki, azan səsini eşitmək istəmir. Azan səsinin mənə xeyiri, nə ziyanı? Kimə lazımdırsa, o istifadə edir. Mən onun əleyhinə gedə bilmərəm axı. Mən dindar deyiləm, amma dinin əleyhinə də getmirəm. Ona görə də bunu bu qədər ictimailəşdirməyin mənası yoxdur.(milli.az)


Geri dön