Ana Sayfa > Karusel / Gündəm / Təhsil > "Xəyalım o idi ki..." - 700 bal toplayan abituriyent

"Xəyalım o idi ki..." - 700 bal toplayan abituriyent


4-05-2017, 12:09. Yazar: Xeberaz





Dövlət İmtahan Mərkəzi ( DİM ) aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
 
Bu il qəbul imtahanında yüksək nəticə göstərərək başqalarından fərqlənən abituriyentlərdən biri də Arzu Məmmədzadə Ramil qızıdır.
 
O, tam orta təhsilini Ağcabədi şəhəri, 3 saylı  məktəb-liseyində alıb. Ailədə 5 nəfərdirlər: anası, atası, bacısı, qardaşı və özü. Anası evdar qadındır, atası isə Rusiyada işləyir. Yaşca böyük olan bacısı ötən il 675 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul olub. Qardaşı isə 7-ci sinifdə oxuyur.
 
Arzu qəbul imtahanına son 2 ildə Ağcabədi rayonunda əlavə müəllimlərlə hazırlaşıb.
 
 
- Məktəbdə də bütün dərsləri yaxşı oxumağa çalışırdım. İstəyirdim ki, qiymətlərim 5 olsun. Amma son iki il ərzində daha çox II qrup üzrə fənlərə üstünlük verməyə çalışdım.  
 
 
Arzusu xaricdə təhsil alıb, orda yaşamaqdır:
 
 
- Uşaqlıqdan xarici ölkədə oxumaq, orda yaşamağı arzulayıram. Ən çox da İsveçrə, İspaniyanı sevirəm. Düşündüm ki,  II qrup üzrə ixtisasları seçsəm bu arzumu gerçəkləşdirmək şansım çox olar.
 
Amma xaricə getmək imkanım olmasa, Azərbaycan universitetlərindən seçməli olsam, o zaman UNEC ya da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında seçim edərəm.
 
 
Qalibimiz səfir işləmək istəyir.
 
 
- Hələ ki hansı ixtisası seçəcəyimə dəqiq qərar verməmişəm. Amma uşaq vaxtı ən böyük arzum olub ki, Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olum və səfir kimi işləyim. Yəqin ki, müəllimlərimin məsləhəti ilə düzgün qərar verə biləcəm.
 
 
700 bal toplayacağını gözləyirmiş
 
 
- Kursların təşkil etdiyi sınaqlarda həmişə iştirak edirdim. Nəticələrdən də görünürdü ki, yüksək bal yığacağam.  İndiyə qədər 700 bal yığmasam da 650 ya ondan bir az yuxarı bal toplayırdım. Ona görə düşünməmişdim ki, birdən aşağı nəticə yığsam, hansı ixtisası seçərəm.  Sınaqlarda, məktəbdə müəllimlərimdən öyrəndiklərimin mənə  çox faydası oldu. İmtahanda suallar o qədər çətin deyildi. Kursda o tip suallar o qədər işləmişdik ki, elə bilirdim, kursda oturub test edirəm.
 
İmtahana gedəndə həyəcanlanacağımı düşündüm. Amma keçən il bacım imtahanında heç həyəcanlanmadı deyə, mən də özümə söz verdim ki, onun kimi olmalıyam.  
 
Arzu deyir ki, yüksək bal toplamaq üçün çox məqsədli olub və vaxtını ancaq dərs oxumaqla keçirirmiş.
 
- Bu son iki il ərzində evdəki wi-fi, televizor, telefon,  kompüter bunların hamısından uzaq olmağa çalışdım. Hamısını bağlatdırmışdıq. Rayon yerində yaşayırıq  deyə rəfiqələrlə çıxıb gəzmək kimi imkanlar da olmur. Yəni bizim rayonda elə şeylər yoxdur. Həm də dərsimi atıb elə şeylərlə məşğul olmazdım. Məqsədim və xəyalım idi ki, 700 bal toplayım.
 
İkinci qrup üzrə hazırlaşmağıma baxmayaraq daha çox tarix oxuyurdum.  Elə gün olurdu, qarşıma məqsəd qoyurdum ki, bu gün 2700 ədəd test edəcəyəm ya səhərdən axşama kimi dərs oxuyacağam və edirdim də.
 
Valideynlərim də hər zaman bizə dəstək olublar. Yorğun olanda deyirdilər ki, bəsdir bu qədər oxumağın. Yorğunsan, dincəl bir az. Həmişə yanımızda olublar.
 
 
Arzunun tələbə olmaq istəyənlərə məsləhəti də var.
 
- Məsləhətim odur ki, telefondan, sosial şəbəkələrdən, əyləncələrdən uzaq dursunlar. Bunlar həmişə var. Tələbə olanda da, tətil zamanı da bunları edə bilərlər. Əsas odur ki, hazırlıq  ərəfəsində sırf dərslərlə məşğul olsunlar.
 
İnşallah bütün çalışqan abituriyentlər öz əziyyətinin bəhrəsini görərlər. Bu dəfə alınmasa da iyulda keçiriləcək ikinci imtahanda iştirak edib uğur qazanarlar.
 



 








Geri dön