Ana Sayfa > Karusel / Gündəm > Demoqrafik böhran müzakirələri –ölkədə qız uşaqlarının sayı kəskin azalır

Demoqrafik böhran müzakirələri –ölkədə qız uşaqlarının sayı kəskin azalır


28-04-2017, 11:17. Yazar: Xeberaz
Demoqrafik böhran müzakirələri –ölkədə qız uşaqlarının sayı kəskin azalır

Ekspertlər ciddi narahatlıq üçün əsas görmür, amma...

Azərbaycan demoqrafik böhranla üzləşə bilər. Belə ki, ildən-ilə qız uşaqlarının sayı azalır, oğlan uşaqlarının sayı isə artan tendensiya ilə davam edir. Hətta küçədə, parklarda, bağçalarda oğlan uşaqlarının qızlara nisbətən çox olduğunu özümüz də müşahidə edə bilərik.


Hər kəsə məlumdur ki, Azərbaycanda ailələr daha çox oğlan uşağının dünyaya gəlməsinə önəm verir. Oğlan uşağını nəslin, soyadın davamçısı, varis hesab edirlər. Hətta bir sıra ailələr qız uşaqlarının doğulmasına görə boşanırlar. Çoxumuz ətrafımızda şahidi olmuşuq ki, 3 qızı olan ata ailəsindən imtina edir, oğlu olmadığı üçün boşanır və yenidən ailə qurur. Övlad ayrı-seçkiliyi qəribə görünsə də, çox təəssüf ki, günümüzdə bu mövcuddur. Bəzən bir ailənin oğlan övladı olanda həmin günü toy-bayram edir, qonaqlıqlar verir, hər kəs gözaydınlığı verir. Qız övladı olanda isə “gələn dəfə oğlan olar” deyərək, təskinlik verirlər. Bəzi hallarda uşağın qız olduğunu öyrənən valideynlər onu dünyaya gətirməkdən imtina edir və beləcə, selektiv abortlar sayəsində qız uşaqları doğulmadan məhv edilir, oğlan uşaqları isə doğulur.


Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edir ki, bu da hər doğulan 100 qıza 112 oğlanın (bioloji norma 105-107 təşkil edir) düşməsi deməkdir.


Demoqrafik böhran müzakirələri –ölkədə qız uşaqlarının sayı kəskin azalır

Əslində oğlan uşaqlarının çoxluğu müharibə şəraitində olan bir ölkə üçün yaxşı haldır. Bu hal yüksək səviyyəyə çatarsa, bu, gələcəkdə demoqrafiya problemi yarada bilər. Bu cür vəziyyətin yaranmaması üçün bu məsələ qanunla tənzimlənə bilərmi?
Deputat Fazil Mustafa həyatın özünün bu balansı yaratdığını dedi: “Bu, insanların bioloji amili ilə bağlıdır. Bəzi ölkələrdə problemlər qız uşaqlarının sayının artması, bəzi ölkələrdə isə oğlanların sayının artması ilə bağlıdır. Bu balansın qorunması, hər hald,a daha düzgündür. Amma Azərbaycan şərtlərində bu normal bir haldır. Çünki müharibə aparan bir ölkədə oğlan uşaqlarının sayının artması problemlərin həlli üçün daha önəmlidir. Buna bir az da ona görə çox diqqət yetirirlər. Mən bunun demoqrafiyaya zərbə vura biləcəyi düşüncəsində deyiləm. Çünki balans həddən artıq çox olarsa, narahatlıq yarana bilər. Oğlan uşağının həm də əsgərlik və başqa problemlərə görə daha tez sıradan çıxması, yaxud da həlak olması riski daha böyükdür, nəinki qız uşaqlarının. Ona görə də bu balansı həyat özü daha çox düzənləyir. Çünki istər kriminal olsun, istər başqa məsələlərdə ən çox konfliktlərin içində olanlar oğlanlardır. Qızlar daha az konfliktə cəlb olunurlar. Yaxud da iş baxımında ən riskli peşələrdə oğlanlar çalışır. Ona görə də həyat özü bu balansı yaradır. Bu çoxluğun əslində sonrakı mərhələdə o qədər də fərqi hiss olunmur. Bu baxımdan da buna görə hansısa xüsusi narahatçılıq keçirməyə dəyməz”.


Sosioloq Əhməd Qəşəmoğlu isə indiki fərqin o qədər də qorxulu olmadığını dedi: “Hazırda bu istiqamətdə çalınan qorxu və həyəcan siqnallarının o qədər də əsası yoxdur. Yəni tez-tez danışırlar ki, oğlanlar çox doğulur, qızlar az doğulur və bu böyük demoqrafik problemlər yarada bilər. Əslində bu belə deyil. Buna kənardan baxanlar, bu işin içərisində olmayanlar bu barədə daha çox həyəcanlanırlar. Mən az qala 40 ildən çoxdur ki, bu prosesləri izləyən və statistikanı bilən adamam. Əvvəllər ölkədə qızların sayı çoxluq təşkil edirdi. 70-ci illərdə bununla bağlı ailə qura bilməyən qızların sayı kifayət qədər çoxalmışdı. Bu da ölkədə 70-ci illərdə çox böyük bir problem idi. Biz nəzərə alsaq ki, oğlanlar ölkədən daha çox çıxıb gedir, həmçinin onların müharibələrdə daha gənc yaşlarında öldüklərini nəzərə alandan sonra baxarıq ki, indiki fərq o qədər qorxulu deyil. Əksinə, oğlanların çox doğulması yaxşı haldır. Oğlanların ölkədən çıxıb getməsi hesabına və bir də müharibələrdə və bədbəxt hadisələrdə oğlanların ölməsi evlənmə yaşına çatanda faizləri balanslaşdırır. Buna görə də bu hal qorxulu deyil. Əksinə, indi olan fərq ümumən normal bir haldır. Təbii ki, çox böyük fərq olsa, siz dediyiniz demoqrafik bir gərginlik yarana bilər. Amma indiki fərq müsbət bir haldır”.
Geri dön