Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Araşdırma > Azərbaycanda çörək istehsalında ciddi azalma - Əhali daha az yeməyə başlayıb?

Azərbaycanda çörək istehsalında ciddi azalma - Əhali daha az yeməyə başlayıb?


24-04-2017, 12:21. Yazar: Xeberaz
Azərbaycanda çörək istehsalında ciddi azalma - Əhali daha az yeməyə başlayıb?


Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə çörək istehsalında ciddi geriləmə qeydə alıb.
"Xəbəraz.az "virtualaz.org-a istinadən xəbər verir ki, Komitənin açıqladığı statistikaya görə bu ilin birinci rübündə Azərbaycanda 13 min 755 ton çörək və çörək-bulka məmulatı istehsal olunub. Bir il əvvəlki dövrlə müqayisədə istehsal 2 min 192 ton - 13,8 faiz geriləyib. Dövlət Statistika Komitəsinin məlumatında o da deyilir ki, bu göstəricilərə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti daxil deyil.

Orta ölçülü çörəkbişirmə zavodlarında istehsalın azalması bu ilin martına düşür. İlin ilk 2 ayında bu zavodlar 9 min tondan çox - 2016-cı ildəkindən 1 100 çox çörək istehsal edib sata bilmişdilər. DSK-nın sənaye istehsalına dair rüblük hesabatının təhlili göstərir ki, martda çörək istehsalı (4 min 714 ton) bir il əvvəllə müqayisədə təxminən 2 dəfə azalıb.

Çörəklə bərabər buğda unu istehsalı da azalıb. Yanvar-mart aylarında dəyirmanlarda 64,8 min ton - keçən ildəkindən 7,5 faiz az un üyüdülüb. Bununla belə, Dövlət Statistika Komitəsi evində çörək bişirənləri və sahibkarlıqla məşğul olan fiziki şəxsləri də nəzərə almaqla, bu ilin əvvəlindən bəri ölkədə 192,6 min ton çörək və çörək-bulka məmulatının istehsal olunduğunu açıqlayıb. Bu, 2016-cı illə müqayisədə 1,1 faiz çoxdur.



Sahibkarlığa Kömək Milli Fondunun məlumatına görə, son bir neçə ildə güzəştli kreditlər hesabına illik istehsal gücü 298 min ton olan 27 çörək istehsalı müəssisəsi qurulub. Təkcə 2015-ci ildə gündəlik istehsal gücü 43.6 ton olan 4 çörək zavodunun tikintisi maliyyələşdirilib.İri çörək zavodları ilə yanaşı, ölkədə, özəlliklə, Bakıda çoxlu kiçik təndirxanalar fəaliyyət göstərir. Burada çörək ənənəvi çörəkdən baha satılsa da, müştəri həmişə çox olur.

Bəs ölkədə bu ilin birinci rübündə orta ölçülü çörək zavodlarında istehsalın birdən birə 14 faizə yaxın azalması hansı amillərlə bağlıdır? Doğrudanmı əhali ölkədəki iqtisadi vəziyyətlə bağlı çörəyi də qənaətlə istifadə etməyə başlayıb?



Belə görünür ki, səbəblərdən biri budur. Çörək Azərbaycan əhalisinin ən çox istifadə etdiyi ərzaqdır və ölkədə adambaşına çörək istehlakı göstəriciləri başqa ölkələrə nisbətən həmişə yuxarı olub. Lakin indi çörək istehsalı azalıb, deməli istehlak aşağı düşüb və tələbat azalıb. Tələbatın azalması isə bir tərəfdən əhalinin gəlirlərinin azalması və iş yerlərinin itirilməsi nəticəsində işsizlərin sayının artması, digər tərəfdən isə əhalinin çörəkdən daha qənaətlə istifadə etməsi ilə bağlıdır. Çünki əvvəllər Azərbaycanda çörək israfçılığı geniş rast gəlinən hal idi və azacıq köhnələn kimi çörəyin zibil qutularına atılması baş verirdi. İndi isə bu məsələdə də xərclərə qənaət etmək lazımdır.



Digər amil isə heç şübhəsiz ki, Azərbaycanda çörək zavodlarının istehsal etdiyi məhsulun keyfiyyəti ilə bağlıdır. Çünki statistik rəqəmlərdən göründüyü kimi zavodlarda istehsal azalsa da ümumi istehsal azacıq artıb. Azərbaycanda çörəkbişirmə müəssisələrinin istehsal etdiyi çörəyin içindən müxtəlif vaxtlarda cürbəcür tullantıların tapılması dəfələrlə rast gəlinib. Başqa sözlə, əhali çörək zavodlarının istehsal etdiyi çörəyi getdikcə daha az istifadə edib əvəzində evdə bişirilən çörəyə üstünlük verir. Bu, həm də ailə büdcəsinə qənaət etməyə imkan verir. Çünki "zavod çörəyinin" istifadəsi zamanı tullantı daha çox yaranır.
Geri dön