Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz-ın debatı > "Bu raketlərimiz İrəvanı darmadağın edər..."

"Bu raketlərimiz İrəvanı darmadağın edər..."


28-03-2017, 12:44. Yazar: Xeberaz
"Bu raketlərimiz İrəvanı darmadağın edər..."
Azərbaycanın işğal olmuş torpaqlarına səfər edən Ermənistan prezidenti əsgərlərlə görüşdən əlavə Azərbaycanı hədələməyi də unutmayıb. Sərkisyan bildirib ki, zərurət yaranarsa, Azərbaycanı vurmaq üçün gözünü belə qırpmadan, “İsgəndər” komplekslərinin tətbiqi barədə əmr verəcək.

Bundan əlavə, Sərkisyan Azərbaycan ərazilərini dərinliklərinə qədər izlədiklərini də dilə gətirib.

Sərkisyanın səsləndirdiyi bəyanatlarla bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.az-a danışıb:

"Ermənistan prezidentinin növbəti sərsəm, ağılsız bəyanatı artıq təəccüb doğurmur. Sərkisyan deyib ki, Ermənistan qoşunlarının baş komandanı kimi gözümü belə qırpmadan "İsgəndər" raket komplekslərinin tətbiqi barədə əmr verərəm.

Sərkisyan çox əsəbidir. Tin uşaqları kimi hərbi formanı geyinib gəlib əsgərləri ilə görüşməsi, onlara fəxri fərman verməsi çox miskin bir mənzərə idi. Ordusu bərbad gündə olan Sərkisyan kimlərisə döyüş bölgəsinə göndərir və ya özü səfər edir, oradan sərsəm hədələr səsləndirir. Onun özü də bilir ki, ən müasir, həm göstərdiyimiz, həm də göstərmədiyimiz raket artilleriya qurğuları var. Türkiyədən aldığımız "Qasırğa" kompleksi Ermənistanda daşı daş üstündə qoymayacaq.

Sərkisyan deyir ki, əsgərlərimiz Azərbaycan ərazisinin dərinliklərini də izləyə bilirlər. Sual olunur, dərinlikləri nə ilə izləyirlər? Belarusiyadan alınan kənd təsərrüfatı sahəsində istifadə edilən pilotsuz uçan aparatlarla, yoxsa Rusiyanın yol polisinin istifadə etdiyi pilotsuz uçan aparatlarla? Əgər bunlarla müşahidə edirsə, vay erməni ordusunun halına. Kosmosda Azərbaycanın peyki var. Azərbaycanın İsrail istehsalı olan pilotsuz uçan aparatları ən müasir standartlara cavab verir. Bu aparatlar gecə-gündüz ermənilərin bütün hərəkətlərini nəzarətdə saxlaya bilir.

Bizim yeganə səhvimiz o oldu ki, Azərbaycan silahlı qüvvələri Sərkisyanı Ağdam istiqamətində olarkən bir zərbə ilə məhv etmədi. Onu orada məhv etmək lazım idi ki, o belə sərsəm bəyanatlar verməsin.

Azərbaycan silahlı qüvvələri, xüsusən də hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunları 24 saat hər şeyi ciddi nəzarət altında saxlayır.

Sərkisyan çox gözəl bilir ki, bir neçə gün sonra keçiriləcək parlament seçkilərində onun partiyasına dəstək lazımdır. O dəstəyi qazanmaq üçün sərsəm bəyanatlar səsləndirir. Sərkisyanın keçmiş komandasının əsas simaları artıq onun hakimiyyətdən getməsini istəyirlər. Ona görə də, Sərkisyan əsəbi, nataraz bəyanatlar səsləndirir. Azərbaycan bu bəyanatlardan yalnız diplomatik istiqamətdə istifadə etməlidir".
Geri dön