Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > "Qalsaydı Zakirin mayda 21 yaşı olacaqdı ..." - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ

"Qalsaydı Zakirin mayda 21 yaşı olacaqdı ..." - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ


28-02-2017, 16:38. Yazar: Xeberaz
"Qalsaydı Zakirin mayda 21 yaşı olacaqdı ..." - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ

Bir neçə gün əvvəl cəbhədə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Zakir Nazim oğlu Cəfərov torpağa tapşırılıb.

APA TV-nin xəbərinə görə, onunla vida mərasimi doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində keçirilib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, yüzlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.

Şəhidin nəşi məsciddən qəbiristanlığadək avtomobillə deyil, çiyinlərdə aparılıb.

Əslən Ağdam rayonundan olan şəhid Keşlə kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin qardaşı Camal Cəfərov zakirlə qürur duyduqlarını bildirib: "Həmişə telefonla danışmışıq. Bizə deyirdi özünüzü qoruyun. Biz ondan nigaran idik, o bizdən. Çox sevirdi vətənini".

Şəhidin dayısı Zakiri özünün böyütdüyünü söyləyib: "Zakiri mən böyütmüşəm. Nə deyim... Söz tapmıram. Heyf ondan".

Zakir Cəfərov Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecinin məzunu idi. Dəfn mərasiminə Zakirin müəllimləri və tələbə yoldaşları da qatılmışdı. Müəllimi onunla bağlı xatirələrini bölüşüb: "Zakir çox dəcəl, dəcəl olduğu qədər də Vətən, millət sevər gənc idi. Əslən ağdamlı olsa da, Qarabağı heç görməmişdi. Amma həmişə deyərdi ki, mən Ağdamda hərbi xidmət edəcəyəm. Könüllü olaraq oranı seçdi. Gəldi kollecə, hamıdan halallıq aldı və getdi. Elə bil ürəyinə dammışdı..."

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib


Geri dön