Ana Sayfa > Karusel / Gündəm / Maraqlı > Qızlar üçün su çərşənbəsi FALLARI

Qızlar üçün su çərşənbəsi FALLARI


21-02-2017, 16:35. Yazar: Xeberaz
Qızlar üçün su çərşənbəsi FALLARI


Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsidir. Ölkəmizdə Su çərşənbəsi “Kiçik çillə” bitəndən sonra, Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir. Qədim el adətlərinə və inanclara görə, su çərşənbəsində gün çıxmamış su üstündən atdanarlar, tonqal yandırarlar. Subay qızlar isə çərşənbələrdə yığışıb müxtəlif fallara baxırlar.
AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev həmin fallardan bir neçəsini təqdim edib.

SU FALLARI
Subay qızların su çərşənbəsi günü əyləncələrindən biri də “su falı”na baxmaqdır. Fala baxmaq üçün sudan istifadə olunduğuna görə bu fala “su falı” deyilir. Bunun üçün gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan; bulaqdan, yaxud çaydan əvvəlcədən “lal su” gətirilir. Su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər. Falda istifadə olunan suya ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz.

Üzüklə su falı. Falı icra etmək üçün bir fincan (stəkan), nişan üzüyü və bir saç teli lazımdır. “Lal su” fincanın yarısına kimi tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə (tük) keçirib, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qız o yaşda da gəlin gedəcək deyirlər.

İynə ilə su falı. Falı icra etmək üçün iki iynə, bir az pambıq və bir kasa lazımdır. “Lal su” kasaya tökülür. Sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın adına, digərini o qızın istəklisi olan oğlan deyə niyyət edirlər və iynələrin hərəsini bir tərəfdən üsulluca kasadakı suya salırlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Falın qaydalarına görə iynələr müxtəlif tərəflərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirsə, inanırlar ki, niyyət yerinə yetəcək, adları çəkilən oğlanla qız gələcəkdə qovuşacaq. Əgər iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə yaxınlaşmırsa, onda deyirlər ki, bu niyyət baş tutmayacaq. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su “lal su” deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb.

Bəzək əşyaları ilə su falı. Bu falı icra etmək üçün müxtəlif bəzək əşyaları (məsələn: üzük, sırğa, sancaq, qolbaq) və bir böyük kasa lazımdır. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını (üzük, sırğa, sancaq, qolbaq) kasanın içinə atır. Kasanın üstü kəlağayı və ya bir parça ilə örtülür. Hamıdan böyük olan bir xanım vəsfi-hal (bayatı) söyləyərək bir-bir bəzək əşyalarından birini sudan çıxarır.





Geri dön