Ana Sayfa > Karusel / Gündəm / Hadisə > "Məni vurdular, huşumu itirdim" - Nurayın atası

"Məni vurdular, huşumu itirdim" - Nurayın atası


7-01-2017, 16:10. Yazar: Xeberaz
"Məni vurdular, huşumu itirdim" - Nurayın atası


2 gündür ki, sosial medianın diqqət mərkəzində olan 10 yaşlı Nurayın atası Əvəz Bayramov ittihamlara münasibət bildirib.
"Xəbəraz.az " xəbər verir ki, bakipost.az-a açıqlama verən Ə.Bayramov həyat yoldaşını qovmasıyla bağlı deyilənlərə cavab verib. Bildirib ki, sabiq həyat yoldaşı özü çıxıb gedib: "Mən Nurayın anasını qovmamışam. Aramızda elə bir söz-söhbət də olmayıb. Hətta onun evdən getməsindən əvvəl deyə-gülə məzuniyyətə də getmişdik. 2007-ci ilin avqustun sonlarında o, özü çıxıb gedib. Biz heç bilməmişik də. O, bizimlə qonşu kənddə qalırdı. Zəng eləmişik ki, gəlirik səni evə gətirməyə. O dedi ki, mən boşanıram, gəlmirəm. Səninlə yaşamaq istəmirəm. Onu da əsas gətirirdi ki, sən gecə növbəsində işləyirsən. Orada qalmırsan, hara gedirsən bilmirəm və s. Onda da mən 2 xəstəxanada işləyirdim. Gecə növbələrində işləyirdim. Mən ayrılmaq istəmirdim. Hətta 4 ay müddətində ərizə də yazmadım. Uşaq var idi, deyirdim qız uşağıdır, gəl ayrılmayaq. O razı olmadı.

Özü gəldi Binəqədi Rayon Məhkəməsində ərizə yazdı. Təxminən 4 ay sonra yazdı, biz də 2008-ci ilin fevral-mart aylarında boşanmışıq. İşlədiyim doğum evinə aliment köçürülməsiylə bağlı ərizə gəldi. Onlar özləri qışqırdılar ki, bizə aliment lazım deyil. Başınıza dəysin. Mən özüm getdim Quba poçtunda hesab nömrəsi açdırdım. Hər ay məhkəmə qərarına əsasən, maaşımın dörddə bir hissəsini o hesab nömrəsinə köçürdüm. Hamısının sənədləri də var. Onlar gedib alimenti almayıblar. Poçt şöbəsindən çağırıblar, yenə də gedib götürməyiblər.

2010-cu ildə keçmiş həyat yoldaşım xərçəng xəstəliyindən vəfat etdi. Mən o vəfat edən kimi ərizə yazıb, uşağımı geri almaq istədim, amma dedilər ki, yaxşı deyil, qoy ili tamam olsun, sonra gedib ərizə yazarsan. Mən də 1 ilin tamamında ərizə yazdım. Uşaq onda çox balaca idi.

Məhkəməyə 2011-ci ildə verdim. Məhkəmə gedə-gedə məlum oldu ki, Nurayın anasının 40-ı çıxar-çıxmaz xalası qəyyumluq üçün aidiyyəti qurumlara müraciət edib, Mehriban xanımı Nurayın qəyyumu təyin ediblər. Məhkəmə də mənim xəbərim olmadan belə bir addım atıldığı üçün qəyyumluq məsələsini ləğv elədi. Quba Rayon Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Ali Məhkəmə uşağın mənə verilməsi haqqında qərar çıxardı. Onda da uşağın 5-6 yaşı var idi. İş icra olunmadı və onlar mənim atalıq hüququmdan məhrum edilməyimlə bağlı məhkəməyə müraciət etdilər. Bununla bağlı məhkəmə bitənə qədər də uşağın xalasında qalmasına icazə verildi. İcra dayandırıldı. Məhkəmə cürbəcür iddialarla uzadıldı.

2013-cü ilin iyun ayından başlayan məhkəmə gəldi 2016-ci ilin martına kimi uzandı. Ali Məhkəmə mənim atalıq hüququmdan məhrum edilməməyimlə bağlı qərar çıxardı. İş icraata getdi.

2 dəfə uşağın alınıb verilmə prosesi olub. Bir dəfə də evlərinə getdik, yox idilər. Uşaqla xalası yoxa çıxmışdı. Axtarışa verildilər. 4 ay müddətində onları tapmaq mümkün olmadı.

Video çəkilən prosesdə isə Xaçmaz Rayon İcra Şöbəsinin əməkdaşları, Quba Rayon İcra Şöbəsinin əməkdaşları, bir də Quba Rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər. Uşaq məni neçə ildir görmür. Ona görə də aydın məsələdir ki, reaksiya verir.

Oradan çıxanda mənə təxminən 15-20 nəfər hücum edib, məmurların gözü qarşısında vurdular. Mən huşumu itirib yerə yıxıldım. O video axıra kimi verilməyib. Yoxsa mənə olan hücumu, yerə yıxılmağımı, hamısını görərsiniz. Uşağı mənim əlimdən alıb aparıblar.

Bu məsələni ona görə qaldırıblar ki, mən onlar haqda şikayət vermişəm. Respublika Prokurorluğuna müraciət eləmişəm. Əks-hücuma keçiblər".

Əvəz Bayramov evil olduğunu və başqa bir qız övladının olduğunu da dilə gətiirb: "Uşağım mənə verilməsə, çıxıb gedəcəyəm Dağıstana, orada yaşayacağam".


Geri dön