Ana Sayfa > Karusel / Hadisə > Yol polisi dilə gəldi: Min dəfə deyirik, xeyiri yoxdur. Axı belə olmaz...

Yol polisi dilə gəldi: Min dəfə deyirik, xeyiri yoxdur. Axı belə olmaz...


16-12-2016, 21:32. Yazar: Xeberaz
Yol polisi dilə gəldi: Min dəfə deyirik, xeyiri yoxdur. Axı belə olmaz...



Çox vaxt yollarda hərəkətin çətinləşməsinə qar, yağış yox, elə özümüz, insanlar səbəb oluruq.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.



Bölmə rəisi qeyd edib ki, dünənki çətin hava şəraitində yol polisləri bütün günü gücləndirilmiş iş rejimində xidmət aparıblar. Bəzən polis əməkdaşları yolda qalmış sürücülərə yardım edib, xarab avtomobilləri itələməklə məşğul olublar:



"Biz neçə gündür deyirik ki, yola yalnız texniki cəhətdən saz avtomobillər çıxarılsın, eyni zamanda təcrübəsiz sürücülər şəxsi avtomobilləri ilə yola çıxmasın. Əgər təkərlərin protektorları normaya uyğun deyilsə, mövsümi təkərləri yoxdursa, sürücü avtomobilini yola çıxarmamalıdır. Amma gözümün qarşısında nəinki mövsümə uyğun olmayan, hətta yeyilmiş təkərləri "VAZ-2107" avtomobili yerində "buksovat" edirdi, digər halda "VAZ-2106" xarab olub yolun ortasında qalmışdı. Biz az qala min dəfə bu haqda deyirik, xəbərdarlıq edirik. Amma bəzi sürücülərin reaksiyası bax bundan ibarətdir. Özləri də çətin vəziyyətdə qalırlar, başqalarını da pis vəziyyətdə qoyub əsəbləri ilə oynayır, nəqliyyatın ümumi hərəkətinə əngəl törədirlər. Yolda sıxlığı, tıxacı, digərlərində narazılığı da yaradan, əsasən, bu cür sürücülərdir.



Qarlı yollarda sürücülərin bəziləri avtomobili nisbətən ehtiyatla idarə edir ki, bu da həmin yolda arxadan gələn digər nəqliyyat vasitələrinin də hərəkət sürətinin azalmasına və sıxlığın yaranmasına səbəb olur.

Bəzi avtomobillərdə yanacağın qurtarması, bəzilərinin təkərlərinin sürüşməsi, digərlərinin isə xarab olaraq yolda qalması isə vəziyyəti bir qədər də çətinləşdirib:

Elə sürücülər var ki, maşına cəmi bir butulka benzin vurub yola çıxır. Ay bala, qarlı havada da yola bir butulka benzinlə çıxarlar?! Bunu ən çox edənlər xüsusilə taksi fəaliyyəti ilə məşğul olanlardır".



V.Əsədovun sözlərinə görə, yolların qarlı, buzlu olduğu vaxtlarda sürücülər təmkinli olmalı, metereoloji şəraitə, tələblərə uyğun hərəkət etməli, sıxlıq olan ərazilərdə əks istiqamətli hərəkət zolağına çıxmamalıdırlar: "Bəziləri sıxlığın yarandığını görüb avtomobili bardyurun üstündən aşırıb piyada səkisi ilə sürürlər. Yol polis təkcə dünən axşam qarlı havada avotmobilləri bardyurların üstünə çıxarıb səki ilə sürdüyünə görə 30 sürücünü inzibati məsuliyyətə cəlb edərək cərimələyib. Bunu daha çox "cip" tipli avtomobillərin sürücüləri edirlər. Əslində, belələrinin sayı çoxdur. Amma belə havalarda polislər sürücüləri cərimələməkdən daha çox yolda hərəkətin təhlükəsizliyinin təmin edilməsinə və onun tənzimlənməsinə üstünlük verirlər. Çünki buna heç vaxt da olmur. Amma buna baxmayaraq, bəzən elə hallar olur ki, qaydaları kobud şəkildə pozanları da inzibati məsuliyyətə cəlb etmək məcburiyyətində qalırıq. Məsələn, 8-ci km-dəki körpünün üstündə əks istiqamətli yola çıxıb qəza şəraiti yaradır, sonra da deyir ki, mən tələsirəm. Belələri təkcə özünün yox, digərlərinin də həyatını ciddi təhlükə altına atır. Axı belə olmaz..."



Onun sözlərinə görə, sürücülərdən əlavə piyadalar da az problem yaratmayıblar: "Piyadalar da hərəkətə böyük maneə yaradırlar. Dünən metronun "Koroğlu" stansiyasının qarşısında piyada qismində olan sərnişinlər metrodan çıxan kimi birbaşa avtobusa minmək istəyirdilər. Piyadalar metronun şimal çıxışı hissəsinə gedib oradakı dayanacaqda avtobusa minməkdənsə, yolun hərəkət hissəsinə çıxıb ümumən nəqliyyatın hərəkətini az qala iflic elədilər. Nə qədər başa da salırsan, heç bir xeyiri də olmur. Xoşbəxtlikdən avtomobillərin altında qalmadılar. Amma onlara görə aeroport istiqamətindəki bütün yol demək olar ki, bağlanmışdı".

Bölmə rəisi bir daha piyada və sürücülərə müraciət edərək, istər qarlı, şaxtalı, istərsə də adi günlərdə yol hərəkəti qaydalarına və qoyulan tələblərə riayət etməyə, özlərinin və ətrafındakılarının həyatına təhlükə yaratmamağa çağırıb.milli.az


Geri dön