Ana Sayfa > Karusel / Şou-Biznes / Müsahibə > Emma Ələkbərzadə: “Əslində, ərim bacımın pərəstişkarıydı...” - MÜSAHİBƏ

Emma Ələkbərzadə: “Əslində, ərim bacımın pərəstişkarıydı...” - MÜSAHİBƏ


9-12-2016, 17:03. Yazar: Xeberaz
Emma Ələkbərzadə: “Əslində, ərim bacımın pərəstişkarıydı...” - MÜSAHİBƏ


Müğənni Emma Ələkbərzadənin müsahibəsini təqdim edirik.

- Çoxdandır müsahibə vermirsiniz. Niyə mətbuatdan uzaqlaşmısınız?

- Az görünüm, amma hörmətlə görünüm. Belə daha hörmətli olursan.

- Sosial şəbəkələrdən görürük ki, oğlunuzla daha çox vaxt keçirirsiniz.

- Elədir. David artıq 1 yaş 6 aylıqdır. Çox dəcəldir. Amma hər şeyi anlayır. Özünü böyük uşaq kimi aparır. Qız uşaqları ilə heç arası yoxdur. Ona böyük oğlanlarla, kişilərlə daha maraqlıdır. Səhər gözünü açan kimi birinci “Ema, Emil” deyir. Görür ki, əsəbiyəm “mama” deyə çağırır. Sevanın (Sevda Ələkbərzadə) adını çəkə bilmir, ona “Meya” deyir. Özü də uzadaraq, “Mmmmeya”. Çox gözəl eşitmə qabiliyyəti var, mahnıları duyur. Seva musiqiyə qoymağımızı istəyir. Deyirəm ki, gündə 8 saat qamma çalmaq yolunu mən keçmişəm. Əgər istedadı varsa, özü musiqi ilə məşğul olacaq, yoxdursa, lazım deyil.

- Hamiləlikdə qadınlar artıq çəki alır. Sonra ondan xilas olmaq bir az çətin olur. Amma siz tez bir zamanda əvvəlki çəkinizə qayıtdınız. Bunun öhdəsindən necə gəldiniz?

- Hamilə olduğumu biləndə 48 kilo idim. Son 3 ay şişkinlik yarandı. Doğuşa girməzdən əvvəl 85 kiloqram idim. Ancaq baxanda bu çəkini vermək olmazdı. Davidi dünyaya gətirəndən sonra 1 il 3 aya əvvəlki çəkimə qayıtdım. Yəni tədricən. Oğluma ana südü vermirdim deyə asanlıqla pəhriz saxladım. İndi artıq normal qidalanıram. Həm də mədəm o qədər balacalaşıb ki, istəsəm də, normadan artıq yeyə bilmirəm. İdman etmirəm. Çünki idmanı dayandıranda əvvəlki çəkiyə qayıdırsan. Mənim idmanım Daviddir, baxmayaraq ki, dayəsi var. David elə bil cırcıramadır. Dayəmiz yad insan deyil, rəfiqəmin anasıdır. Hətta Rəhilə xala da Davidin əlindən arıqlayıb. Kök xanım idi, bizə gəldi arıqladı. Seva demişkən, bizim evə gələn hamı arıqlayır.

- Çoxları artıq çəkidən azad olduqdan sonra ideal çəkini saxlaya bilmir. Bir müddət sonra yenə həmin artıq çəki yığılır. Amma siz bir dəfə arıqladınız və uzun illərdir ki, ideal çəkinizi qoruyub saxlayırsınız.

- Öz günahlarıdır. Elə bilirlər ki, ideal çəkiyə çatdılarsa, daha kökəlməyəcəklər. Amma unutmaq olmaz ki, insan yaşa dolduqca köklüyə doğru gedir. Mənim 43 yaşım var. Ona görə çalışıram ki, öz çəkimi saxlayım. Sadəcə normal qidalanıram. Heç nədən imtina etməmişəm, az-az yeyirəm. Ürəyim qızardılmış ət istəyirsə, mən onu yeyəcəm. Heç vaxt ürəyim istəyən yeməyə “yox” demərəm. Birinci dəfə arıqlayanda hər şeydən imtina etmişdim. Amma bu da düzgün deyil. Dietoloqlar pəhriz yazanda siyahıya toyuq, ət, süd salırlar. İranda dietoloqlar mütləq kərə yağı əlavə edirlər. Mən anadangəlmə kərə yağı yeməmişəm, sevmirəm. Amma həyat yoldaşım kərə yağında kartof qızardır, Davidə verirəm. Çünki o yeməlidir. Mən də dadına baxarım, çünki adam ondan yeməsə şişər (gülür).

- Ümumiyyətlə, imtina etdiyiniz qida var?

- Heç vaxt xaş yemirəm. Acığım gəlir. Quyruq, piy, qoyun əti də sevmirəm. Qoyun ətini yalnız Qurban bayramında yeyərəm. Bizim ailədə, ümumiyyətlə, qoyun əti istifadə edilmir.

- Özünüzün mətbəxlə aranız necədir?

- Heç aram yoxdur. Mətbəxdə həyat yoldaşım mənə kömək edir. Çünki özü elə şef-aşpazdır. Onun əl qabiliyyətinə söz ola bilməz. Təbii ki, mən ona çata bilmərəm. Emil işdə olanda Davidə, Sevaya mən yemək hazırlayıram. Davidə nə bişirsəm, Sevda da yeyir. Çünki Davidə bişirilən qidalar sağlam olur, piydə, quyruqda bişirilmir. Amma soğan kərə yağında qovrulur. Şirniyyat sevirik, ürəyimiz istəyəndə Emil məmnuniyyətlə hazırlayır.

- Əlinizin duzunu bəyənir?

- Deyilənlərə görə, pis alınmır. Amma deyim ki, plov dəmləyim, yarpaq, kələm dolması büküm, yox, bacarmıram. Yalnız toyuq, ət supu, bozbaş, qarabaşaq, kartof qızartması hazırlaya bilərəm.

- Həyat yoldaşınız yemək hazırlayarkən sizin zövqünüzü, pəhrizinizi nəzərə alırmı?

- Emil mənim nə xoşlayıb-nə xoşlamadığımı bilir. Amma bəzən istədiklərimi deyirəm. Məsələn, xahiş etmişəm ki, yeni ilə sobaya toyuq qoysun, yanında kartof, “Olivye” salatı hazırlasın, amma mayonezsiz, xama ilə. Çünki mən ilk növbədə oğlumuzu fikirləşirəm ki, ona mayonez verməyək. Salatların isə tamına baxır. Çünki həm xeyirlidir, həm də ağzının dadı olsun. Davidin ağzının dadı şükür, pis deyil.

- Emma xanım, Azərbaycan mentalitetinə görə gec yaşda ailə qurdunuz. Amma yəqin ki, bu yaşa qədər evlilik təklif edən olmuşdu.

- Əlbəttə, evlilik təklifi olmuşdu. Amma ailə qurmağım öz seçimim idi. 39 yaşımda ailə qurdum. Sevindiricidir ki, bu cür fikirlər bir az arxada qalıb. Artıq müasir xanımlar ali təhsil almaq, karyera qurmaq, öz ayaqları üzərində durmaq istəyir.

- Amma çox zaman ailə, ətraf qıza ailə qurmaq yaşının keçdiyini deyir. Bir növ yaxşı mənada xanımlara təzyiq edilir, “ailə qurmaq vaxtındır, niyə ərə getmirsən?” deyirlər.

- Bizim ailədə heç vaxt belə təzyiq olmayıb. Sən 20 yaşında ailə qurmaq istəyə bilərsən, amma Allah məsləhət görmürsə, alınmayacaq. Hər şeyin öz vaxtı, zamanı var. Zamanı gəldikdə bu olmalıdır.

- Gec yaşda ana oldunuz. Bunun müsbət və mənfi tərəfləri nədir?

- Hər yaşın öz gözəlliyi var, necə ki, hər fəslin öz gözəlliyi var. Əgər mən gec yaşda ana olmuşamsa, bunu Allah belə istəyib, məndən asılı deyildi. Yəqin Allah ömrümü də uzadar ki, övladımı ayağa qaldırım, böyüdüm, məktəbə yola salım, ali təhsil verim, evləndirim, evimə gəlin gətirim. İnsan istər-istəməz qocalır. Gec-tez onsuz da bu dünyanı hamı tərk edəcək. Amma hər zaman Allaha yalvarıram ki, əgər sən mənə 41 yaşımda övlad vermisənsə, ömrümü də uzat ki, onu doyunca görüm, yetərincə diqqət yetirim.

- Bəs həyat yoldaşınızla necə tanış oldunuz?

- Əslində Emil özü də yaradıcı insandır. Kulinariya da bir sənətkarlıq, yaradıcılıqdır. Biz sosial şəbəkədə, “facebook”da tanış olduq, 4-5 ay danışdıq. Mən onda Amerikada idim. Oradan gələndən sonra görüşdük.

- Emil bəy sizin fanatınız olub?

- Yox,əslində Sevdanın pərəstişkarı olub.

- Evlilik təklifini çox düşündünüzmü?

- Mən Emilin ağ saçlarına vuruldum. Çünki ağ saçların aşiqi, xəstəsiyəm. Bir də mənə “stake” qonaqlığı söz vermişdi. Artıq 4 ildir evliyik, hələ də “stake” yoxdur (gülür). Düzdür, restorana dəvət edəndə dostları mənim üçün hazırlayır. Amma öz əlindən hələ yeməmişəm. Yəqin ki, 20 il də gözləyəcəm, Davidin toyuna hazırlayar. David heç birimizə oxşamır. Çox sarışındır. Mən uşaqlıqda ağbəniz olmuşam, amma gözüm-qaşım qara olub, həm də arıq idim. Balaca da yanaqlarım vardı. Sonradan anam və nənəm məni kökəltdi. İndi də mən Davidə “ye, mama, qurban” deyirəm. David boyuna verir. O qədər qaçır ki, bilinmir yeməyi hara gedir. Uşaqla həyat çox maraqlıdır. Bütün həyat hələ irəlidədir, onun bağçası, məktəbi var. Ona da səbr və ömür, cansağlığı lazımdır. Bunlar insan üçün önəmlidir.


Bu yerdə həyat yoldaşı Emil bəy də söhbətə qoşulur:

- “Tənhayam” mahnısı çıxanda çox bəyənmişdim, hər gün dinləyirdim. Avtobuslarda eşidirdim. O vaxt internet indiki kimi populyar deyildi. Mahnını axtarırdım, satıcılardan soruşurdum ki, bu mahnını kim oxuyur. Çox adam da bilmirdi, deyirdilər tanımırıq, eşitməmişik. Bir neçə il əvvəl saytların birində Emmanın müsahibəsinə rast gəldim. Şəklə baxdım gözlərimə inanmadım. Emma çox arıqlamışdı. Dedim ola bilməz bu qədər arıqlaya. Müsahibəni oxudum. Deyirdi “facebook”da dostluq yollayırlar, sonra axmaqlıq edirlər. Həmin an mən də “facebook”da qeydiyyatdan keçdim və Emmaya dostluq yolladım. Məktub yazdım, əhval-ruhiyyəsini qaldırmaq istədim. Yazdım ki, “elə adamlara fikir verməyin, hər cür adamlar var. Şəklinizi görəndə siz olduğunuza inanmadım. Çox dəyişmisiniz”. Üstündən iki həftə keçmişdi. Gördüm cavab gəldi. Təşəkkür edirdi. Öz-özümə təəccübləndim ki, “aaa insanlarla danışırmış”. Axı o vaxt belə stereotiplər vardı, deyirdilər müğənnilərə, tanınmış insanlara yaxın durmaq olmaz, çox göylə gedən adamlardır. Yenə bir məktub yazdım. 3 gündən sonra cavab gəldi. Yenə yazdım və həmin dəqiqə cavab verdi. Beləcə, danışmağa başladıq. Nə işlə məşğul olduğumla maraqlandı. Kulinar olduğumu dedim. O da yeməkləri çox sevdiyini dedi, əsas da “stake”i. Mən də onu “stake” yeməyə dəvət etdim. Üstündən 2 ay keçdi. Bir də baxdım ki, Amerikadadır. 2 aydan sonra qayıtdı. Mən də ona yazdım, “stake” qonaqlığını yadına saldım. Soruşdu ki, kiminlə gəlim? Cavab verdim ki, mənimlə. Razılaşdı. Görüşdük.

- Aranızda sevgi necə yarandı?

- İlk dəfə bir-birimizə baxanda hiss etdik ki, nəsə var. Sonra da başladıq yavaş-yavaş görüşməyə. Əvvəlcə dost kimi danışıb, görüşürdük. Ümumi dostlarımız vardı, onlara qonaq gedirdik. Bir-birimizi dost kimi təqdim edirdik. Sonra sevgi yarandı.

- Evlənmə təklifini necə etdiniz?

- Təklif demək olmaz buna. Hər şey evliliyə doğru gedirdi. Evlənəcəyimizi artıq bilirdik. Söhbət edirdik ki, evləndikdən sonra necə olacaq, necə yaşayacağıq. Amma evlilik təklif etmədim.

- Bəs ilk dəfə sevgisini kim etiraf etdi?

- Mən təbii ki. Artıq hiss edirdim ki, onun üçün darıxıram. Qısqanırdım.

- Tanınmış insanla, müğənni ilə ailə qurmaq sizə çətin gəlmədi?

- İlk görüşdə onun arxasınca gəlib restorana apardım. Ona “Emma xanım” deyə müraciət edirdim. Yarım saat sonra dedi “bəsdir mənə Emma xanım dedin. Məni qocaltma”. Səhər saat 4-dək söhbət etdik. Uşaqlığından, səhnəyə gəlməsindən, həyatından danışdı, etiraflar etdi. Bu səmimiyyəti məni heyrətləndirdi. Aylarla yazışmışdıq. Şəkillərimizi görmüşdük. Amma ilk görüşdə bu qədər səmimiyyət, qarşındakına inanıb, etibar etmək məni təsirləndirdi. Həmin anda məndə şou biznes adamları haqqında stereotiplər qırıldı. Gördüm ki, onlar da sadə insanlardır. Bu, mənim çox xoşuma gəldi. Sonra ailə üzvləri ilə tanış oldum. Yavaş-yavaş yaxınlaşdıq.

- Xüsusən də məşhur xanımlar haqqında fikirlər birmənalı olmur...

- Gizlətmirəm, məndə də belə fikirlər olub. Amma Emma və Seva haqqında pis şey fikirləşməmişdim, nə də eşitmişdim. Qulağıma bu bacılar barədə heç bir mənfi söz gəlib çatmamışdı. Qalmaqallarını da eşitməmişdim. Və bu, məni bir az da cəlb etdi.

- Araşdırma apardınız?

- Yox. Bu, mənim seçimim idi. Nəyi araşdırardım. Bunlar məndən uzaq davranışlardır.

- Emma xanım, necə bildiniz ki, Emil bəyə inanmaq olar?

- Hiss etdim. Hər şeyi onun üzündən oxudum.

- Necə qərara gəldiniz ki, o, sizə yaxşı həyat yoldaşı olacaq?

- Aylar keçdi. Tanıdıqca gördüm onunla ünsiyyət qurmaq, dil tapmaq mümkündür. Beləcə, qərarımı qətiləşdirdim.

- Azad ruhlu xanım həyat yoldaşının qadağalarından qorxmadı?

- Yox. Ümumiyyətlə, bir-birimizə heç bir qadağamız yoxdur. İndi də Emilə desəm ki, gələn həftə harasa gedirəm heç nə deməz.

- Yenidən uşaq planlaşdırırsınız?

- Xeyr. Birini verən Allaha qurban olum. Amma gələcəyi bilmək olmaz. Qismət...lent.az



Geri dön