Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda 2012-ci ilin sərt qışı yaşana bilər - PROQNOZ

Azərbaycanda 2012-ci ilin sərt qışı yaşana bilər - PROQNOZ


18-10-2016, 13:40. Yazar: Xeberaz
Azərbaycanda 2012-ci ilin sərt qışı yaşana bilər - PROQNOZ

Son günlər respublika ərazisində yağışlı və qarlı hava müşahidə edilir. Hətta bu ay Bakıya son 40 ilin ən çox güclü yağışı da yağdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son açıqlamasında görə, Xınalığa 65 sm qar yağıb.
Avropalı ekoloqlar isə 100 ilin ən sərt qışının bu il yaşanacağını proqnozlaşdırırlar. Bəs son günlər müşahidə olunan hava şəraiti Azərbaycanda da qışın sərt keçəcəyinə deməyə əsas verirmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında qışla bağlı proqnoz verməyin hələ ki tez olduğunu bildirib: “Oktyabr ayı yayla payız arasındakı olan aydır. Bu ay ərzində yağışlı, tutqun günlərin sayı bir qədər çoxalır. Ötən il bu ayda Xınalığa bu qədər qar düşməmişdi, lakin əvvəlki illərdə Qubanın dağlıq ərazilərində qar qeydə alınmışdı. Qar yağması ilə əlaqədar olaraq Qubanın dağlıq ərazilərində temperatur mənfi 9 dərəcəyə qədər enib. Lakin bunu qışın sərt keçəcəyi ilə əlaqələndirə bilmərik. Çünki biz qışla bağlı proqnozu dekabr ayında yayacağıq”.
Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Publika.az-a açıqlamasında bu cür hava şəraitinin oktyabr ayında müşahidə edilmədiyini deyib: “Azərbaycana 8 istiqamətdən hava kütləsi daxil olub. Bu günlərdə müşahidə olunan hava şimal-qərb hava kütləsidir. Hava kütlələri bir istiqamətdən daxil olanda 3 gün dayanıqlı olur. Şimal-qərbdən gələn hava Atlantik okeanında, Kanar adaları yaxınlığında yaranan hava kütlələridir. Onlar ölkəmizə dayanıqlı daxil olublar. Bu cür hava kütlələrinin ölkəmizdən çəkilməsi hələ bir neçə gün davam edə bilər. Bu vaxta qədər oktyabr ayında şimal-qərb hava kütləsinin ölkəmizdə bu qədər müddət hakimlik etməsi müşahidə edilməyib. Şimal-qərb hava kütləsi hər zaman yağıntı gətirir. 2000 metrdən yüksək dağlıq əraziyə yağıntı qar şəklində, düzənliklərə isə yağış formasında düşür. Bu cür havanın 5-6 gün dayanıqlı olması və hər gün yağıntıların müşahidə edilməsi oktyabr ayı üçün xarakterik deyil. Metereoloji bülletenlərdə müşahidə dövründə bu vaxta qədər belə hal qeyd olunmayıb”.
M.Həsənovun sözlərinə görə, növbəti həftədən tədricən havanın temperaturu yüksələcək: “Oktyabr ayı üçün yağıntının orta çoxillik miqdarı Bakıda 33-35 mm, havanın temperaturu isə 11.4-11.5 dərəcə olmalıdır. Amma indi temperatur yağıntı ilə əlaqədar 9-10 dərəcədir. Növbəti günlərdə temperatur 11-15 dərəcəyə yüksələcək”.
Azərbaycanda qışın sərt keçib-keçməməsinə gəlincə, M.Həsənov bunu istisna etmədiyini deyib: “Beynəlxalq metereolojidə proqnoz 1, 3, 5, 10 günlük və nəhayət 1 aylıq verilir. Müddət uzandıqca proqnozun özünü doğrultma ehtimalı azalır. Xalq metereologiyasında yayın nə qədər isti keçməsi qışın da o qədər sərt keçəcəyinə əsas verir. Lakin bunun elmi əsası yoxdur. Xarici ekoloqların verdiyi məlumatı da tamamilə inkar etmək olmaz. Yəqin ki, onlar da elmi mənbələrə əsaslanır. Bizdə ən sərt qış 1972-ci ildə müşahidə edilib. Sonrakı illərdə də bir neçə dəfə bu cür hava qeydə alınıb. Bu il gözlənilməz qış olacağını, temperaturun mənfi 20 dərəcəyə düşəcəyini gözləmirik. Bakıda mütləq minimum temperatur, yəni bir neçə gün 11 dərəcəyə düşə bilər. Lakin orta aylıq temperatur qış aylarında müsbət olacaq. Çox sərt qış gözləmirəm. Ayrı-ayrı günlərdə arktik hava kütlələri daxil olanda temperatur bir neçə gün enə bilər. Ötən il yanvarda mənfi 11 dərəcə temperatur oldu. 2012-ci ildə yanvarın sonunda bu cür hava bir neçə gün davam etdi. O zaman da orta günlük temperatur 1-2 dərəcə olurdu. Son 20 ildə ən sərt qış 2012-ci ildə oldu, yanvar ayının 25-dən fevral ayının 5-dək temperatur mənfi 11-12 dərəcəyə düşdü. Ondan sərt qış hələ ki, olmayıb. Bu il ola bilər ki, 2012-ci ilə yaxın temperatur olsun. Çünki böyük hava kütlələrinin hərəkətinə əsaslanan proqnoz bizdə də özünü göstərir”.publika.az
Geri dön