Ana Sayfa > Karusel / Dünya / M2 > İranda Bakı-Moskva arasında razılıq əldə edildi

İranda Bakı-Moskva arasında razılıq əldə edildi


17-10-2016, 19:54. Yazar: Xeberaz

İranda Bakı-Moskva arasında razılıq əldə edildi
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İran İslam Respublikasında səfərdədir.

Oktyabrın 17-də İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə keçirdiyi görüşdə Ramin Quluzadə iranlı həmkarı ilə keçirdiyi görüşləri xatırladaraq bildirib ki, hər iki ölkənin müvafiq qurumları arasında kifayət qədər yüksək səviyyəli əlaqələr yaranıb. Qurumlar arasındakı yaxın əməkdaşlıq əlaqələri dövlətlərimiz arasındakı münasibətlərin inkişafının göstəricisidir. Nazirliyin fəaliyyəti və iş prinsipləri haqqında məlumat verən R.Quluzadə qeyd edib ki, Azərbaycan poçt üzrə tranzit ölkəsi olmaq niyyətindədir. Artıq Rusiyanın müvafiq qurumları ilə razılıq əldə edilib. İranın da bu layihəyə qoşulması tərəflər üçün faydalı olar. Poçt daşımalarının Azərbaycan üzərindən həyata keçirilməsi vaxt itkisinin qarşısını almaqla yanaşı pul vəsaitinin də qənaət edilməsinə səbəb olacaq.

R.Quluzadə Azərbaycanda fəaliyyət göstərən yüksək texnologiyalar parkı barədə məlumat verib.

İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri M.Vaezi dəvəti qəbul etdiyinə görə təşəkkür edərək bildirib ki, Azərbaycan ilə İran arasındakı əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün heç bir problem yoxdur.

M.Vaezi görüşdə irəli sürülən təklifləri yüksək qiymətləndirərək həyata keçirilməsi üçün real addımların atılacağını nəzərə çatdırıb.

Görüşdə müştərək markaların çapı, təbliği və satışının təşkili, kibertəhlükəsizlik və sərhədyanı rayonlarda radiodalğaların tənzimlənməsi, eləcə də beynəlxalq trafikin qiymətinin azaldılması məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Həmin gün Ramin Quluzadə İranın Milli Poçtunda qurumun fəaliyyəti və iş prinsipi ilə tanış olub. İran Milli Poçtunun baş direktoru Hüseyn Mehri ilə görüş zamanı iki ölkənin poçt təşkilatlarının qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə edilib.
Geri dön