Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz-ın debatı > Vaxtilə özü hakim idi - indi müttəhim

Vaxtilə özü hakim idi - indi müttəhim


6-10-2016, 23:53. Yazar: Xeberaz
Vaxtilə özü hakim idi - indi müttəhim

Vaxtilə Yasamal Rayon Məhkəməsinin hakimi olan, ardınca Bakı Hərbi Məhkəməsinin icra şöbəsinə rəhbərlik edən Fəxrəddin Rzayev indi özü təqsirləndirilən şəxs kimi məhkəmə önünə çıxarılıb. O, dələduzluqda suçlanır.

"Xəbəraz.az " bildirir ki, keçmiş hakim, cinayət işinin materiallarına görə, Eyvaz Abbasov adlı şəxsdən, oğlunu yol polisinə işə düzəltmək adı ilə - 20 min manat, Sahib Aslanovdan da 3 min dollar alıb.

"İşim alınmadı, qaytara bilmədim"

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Oktyabrın 6-da keçirilən məhkəmə iclasında ittiham aktı elan olunub və Fəxrəddin Rzayev özünü qismən təqsirli bildiyini söyləyib. Deyib ki, 20 mini də, 3 mini də işə düzəltmək adıyla deyil, borc alıb: "İş görməyə almışdım, amma qaytara bilmədim".
Bir müddət "Parabank"da da işlədiyini, sonradan bizneslə məşğul olduğunu deyən keçmiş hakim uğursuzluqdan da gileylənib:

"Balıqçılıqla, sonra da quşçuluqla məşğul oldum. Amma heç birində işlər alınmadı. Hamısını batırdım. Quşların hamısı bir ayın içində öldü. Aldığım pulları qaytara bilmədim. Sahibdən 3 min dollar da buna görə almışdım".

F. Rzayev həm 20 min manatı, həm də 3 min dolları artıq qaytarıb.

Yol polisinə işə düzəltmək məsələsini isə, o, belə əsaslandırıb: "Eyvaz mənə dedi ki, "pulu qaytara bilmirsənsə, maraqlanaq, görək oğlumu işə düzəldə bilirikmi". İstəyirdi ki, oğlunu Dövlət Yol Polisi İdarəsinə işə düzəldək. Mən də maraqlandım, amma alınmadı".

"Hakim işləyib deyə, bilirdi ki..."

Sabiq hakim iddia edib ki, pulunu qaytardığı, amma zərərçəkmiş kimi tanınan şəxslərin ona qarşı şikayətçi olmasının səbəbkarı analığıdır: "Mənim atam 2012-ci ildə dünyasını dəyişib. Atamın bağları, evləri, pulları var. Analığım məni varislikdən məhrum etmək üçün bu şəxsləri öyrədib, mənə qarşı çıxarıb. Ancaq mən sonradan öz istəyimlə varislikdən kənara durdum".

Zərərçəkmiş Eyvaz Abbasov pulu oğlunun işə düzəlməsindən ötrü verdiyini öz ifadəsində bir daha təsdiqləyib: "32 minə razılaşmışdıq. Amma bankdan 25 min manat götürüb verə bildim. Dedim ki, qalanını da iş hazır olandan sonra verəcəm. Uzun müddət keçsə də, nə iş düzəldi, nə də pulu geri qaytardı. Telefon zənglərimə də cavab vermirdi. Sonra həmin pulun 5 min manatını hissə-hissə qaytardı. 20 min manat borcu qaldı. Artıq bezmişdim. Bir gün bunu tutdum. Dedim ki, "ya mən qalacağam, ya da sən". Qorxub dedi ki, "gedək notariusdan sənə sənəd verim". Aldığı pulun borc olduğunu və yaxın zamanda qaytaracağını söylədi. Bu, əvvəl hakim işləyib. Savadlı adamdır, nə etdiyini bilirdi. Məni aldadıb, notariusdan sənəd aldırdı ki, guya həmin pulu ona borc olaraq vermişəm. Bilirdi ki, belə olan halda, cinayət məsuliyyəti daşımayacaq. Sonra məni hədələməyə başladı. Dedi ki, get, nə edirsən, et. Mən də şikayət etdim".

Pulu hissə-hissə geri aldığını deyən zərərçəkmiş artıq şikayətçi olmadığını da bildirib.

Məhkəmə oktyabrın 13-də davam edəcək.
Geri dön