Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Qızıl oğurladılar, metal çıxdı - "Ev yiyəsi "qızıl qatarla" gəzir" - VİDEO - FOTO

Qızıl oğurladılar, metal çıxdı - "Ev yiyəsi "qızıl qatarla" gəzir" - VİDEO - FOTO


3-10-2016, 16:27. Yazar: Xeberaz
Qızıl oğurladılar, metal çıxdı - "Ev yiyəsi "qızıl qatarla" gəzir" - VİDEO - FOTO

Samuxda oğru bacanaqların əldə etdiyi qənimət saxta çıxıb. Rayonda 2-si bacanaq olmaqla oğurluq edən 3 nəfərin qonşunun əmlakına dikdiyi göz onları azadlıq işığından edib. Bu azmış kimi, onların oğurladıqları qızıl-zinət əşyasının bir qismi adi metal çıxıb.

ARB TV xəbər verir ki, Samux rayonu, Qarayeri qəsəbə sakini Ceyran Mustafayevanın yaşadığı mənzildən oğurluq edənlər bu əməllərinə peşman olublar. Çağırılmamış qonaqlar mənzildən xeyli miqdarda qızıl-zinət əşyalarını, 3 ədəd mobil telefonu və 100 manatdan çox nağd pulu ələ keçiriblər. Lakin Samux polisi hadisəni törədənlərin uzağa getməsinə imkan verməyib.

İlqar Qəmbərov - baş müstəntiq: "İsti izlərlə aparılmış əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, həmin cinayət hadisəsini qeyd edilən qəsəbədə yaşayanlar - Zeynal Zeynalov, Tural Hüseynov və Əli Ağayev törədiblər. Həmin şəxslər müəyyən edilərək istintaqa təqdim ediliblər, faktla bağlı izahatları alınıb, fakt öz təsdiqini tapdığından onlar qeyd edilən cinayəti törətməkdə şübhəli bilinərək həbs olunublar".

Saxlanılaraq şöbəyə gətirilənlərdən Zeynal Zeynalov və Əli Ağayevin bacanaq, Tural Hüseynovun isə zərərçəkənin qonşusu olduğu məlum olub. Oğurluq təklifi isə əvvəllər bu əməlinə görə məhkumluq həyatı yaşayan və bu ilin mart ayında azadlığa çıxan Turaldan gəlib.

Tural Hüseynov - saxlanılan şəxs: "Baxdıq, qapı bağlıdır, qıfıl var. Bildik ki, evdə heç kim yoxdur. Divardan düşdük, pəncərədən içəri daxil olduq. İki qızıl üzük idi, gümüş idi, qol saatı idi, bir də telefon idi - 3 ədəd. Götürdük, çıxdıq, səhər də Mingəçevirə apardıq, satdıq".

Bacanaqlar da əməllərini səmimi etiraf ediblər. Onların təəssüfləndiyi isə əldə etdikləri qızıl-zinət əşyasından bir qisminin metal çıxmasıdır.

Əli Ağayev - saxlanılan şəxs: "Evdə oturmuşdum bacanaqla, bu gəldi ki, təcili işim var sizinlə. Elə bildik, dalaşıb. Durduq arxasınca getdik, yolda heç nə danışmadı. Küçəyə çatıb, evin qabağında dayananda dedi ki, bu evi neçə vaxtdır gözaltı etmişəm. Yiyəsi şəhərə çıxanda qızıl qatarla çıxır. Bura girmək lazımdır. Mən dedim, mənlik deyil. Mən çıxıb getmək istəyəndə bunlar ikisi də tələsik içəri düşdülər".

Zeynal Zeynalov - saxlanılan şəxs: "Çıxdıq, nağd 101 manat pul idi. Böldük o pulu. Qərara da gəldik ki, sabah gedək Mingəçevirə, sataq digər əşyaları. Komplekt götürmüşdük. Getdik, birinci onu yoxlatdıq, qızıl çıxmadı. Heyfsləndik. İki üzük qızıl çıxdı. 39 manata birini satdıq, 53 manata da birini. Oradan da qayıtdıq gəldik, telefonları yoxlatdıq. İkisi işləmədi, biri işlədi. Həmin işləyən telefon Turalda qaldı, digər ikisini tulladıq".

Hazırda bacanaqlarla əlbir olan keçmiş məhbusun rayonun Qarayeri qəsəbəsində, eləcə də digər ərazilərdə kimlərə ziyan vurduğu araşdırılır.


Geri dön