Ana Sayfa > Karusel / Gündəm / M2 > Klassiklərimizin müzakirəsi qırğınla bitdi

Klassiklərimizin müzakirəsi qırğınla bitdi


1-07-2016, 16:15. Yazar: Xeberaz
Klassiklərimizin müzakirəsi qırğınla bitdi

Tənqidçi Tehran Əlişanoğlunun Feysbuk səhifəsində yazdığı fikirlər qalmaqal yaradıb.

Axar.az xəbər verir ki, Tehran Əlişanoğlu öz statusunda həmkarlarını hədəfə alıb.

“Ədəbiyyat qəzeti”ndə klassik irs ətrafında tutaşma. Mübariz diletantizm və separatçı peşəkarlar. E.akimova, i.musayeva, s.şıxıyeva, i.həmidov, a.mirzəyev, a.turan. Görüş ən nəhayət baş tutdu”, - yazan Tehran Əlişanoğluna ilk irad tənqidçi Səadət Şıxıyevadan gəlib. O, həmkarını əsassız fikir səsləndirməkdə ittiham edib:

“Tehran müəllim, klassik irsin problemlərini məndən yaxşı bilirsinizsə, buyurun, rəy bildirin. Əsaslı dəlillərlə, təbii ki. Yoxsa ki, ironiyanız yersizdir. Mən ölkədən kənarda da peşəkar sayılıram. Təvazökarlıqdan uzaq olsa da. Adlarımızı kiçik, söhbətimizi tutaşma adlandırmağınız isə problemi həll etmir. Problem isə var. Separatçılığın əlaməti o söhbətlər deyil”.

Polemikaya İradə Musayeva da qoşulub:

“Tehran müəllim! Siz alim adamsınız. Dərəcəniz, adınız-sanınız... Qorxmursunuz dediyiniz, yazdığınız sözün məsuliyyətinə cəlb olunasınız? Bu ədəbiyyat müzakirəsində elmi dərəcəsi və elmi olmayan adam varmı? Siz öz qələm və iş yoldaşlarınızı, görün nədə qınayır və istehza edirmiş kimi bir “yuxarılıq”

mövqeyindən “atəş” açırsınız... Klassik ədəbiyyatın tədrisində problem görməmisinizmi bir müəllim kimi? Konfranslarda olanda, dünya mətbuatında

klassiklərimizin başqa xalqların adına çıxılmasının şahidi olmamısınızmı? Bizim nümayəndələr isə çox hallarda susublar... Elə burda bizi də susmağa təhrik

edən adamlar kimi... Diletant sözü, bilirsiniz, kimə aiddir?! Diletant da olmaq olar belə məsələlərdə, qorxulu deyil, amma liberal və “qlaflı” olmaq çox
sarsıdıcıdır... Hər tərpənişə, hərəkətə, düşünmək istəyən adama bir daş atsaq, həmin o “yuxarılıq” təpəsindən nə qazanarıq? Axı siz də ədəbiyyatı və bu milləti sevirsiniz, məncə, bəs bu narahatlıq niyə?!

Birimizin bircə məqaləsini əlimizdən alan olsa, dünyanı dağıdarıq. “Mənimdir!” - iddiası... Nizamini, Nəsimini, Füzulini ədəbiyyat tariximizdən silirlər, İran, Türkiyə, Türkmən və s. ədəbiyyat tarixi kitablarına, dərsliklərinə salırlar öz şairləri kimi... Hələ ermənilər... Biz səsimizi çıxarmaq istəyəndə separatçı deyirsiniz... Alimi aliminə separatçı deyən xalqın bir gündə bir yox, 10 şairini də əlindən almaq olar. (Y.Səmədoğlu necə demişdi “Qətl günü”ndə? Şairi şairinin başını istəyən xalqın bir gündə bir qalasını yox, 100 qalasını almaq olar...)”

Yazıçı Əyyub Qiyas İradə Musayevanın şərhinə cavab olaraq Tehran Əlişanoğlunun xəstə olduğunu bildirib:

“İradə xanım, Tehran xəstədir, üstünə getməyin! Bir neçə həftə əvvəl özü xəstə olduğunu mənə şəxsən etiraf etdi”.

Qeyd edək ki, “Ədəbiyyat qəzeti”nin “Müzakirə Saatı” layihəsində “Çağdaş ədəbiyyatşünaslıqda klassik irs məsələləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçilərdən Elnarə Akimova, İradə Musayeva, Səadət Şıxıyeva, İmamverdi Həmidov, Ataəmi Mirzəyev iştirak edib. Müzakirə Axar.az saytında yayımlanıb.

Klassiklərimizin müzakirəsi qırğınla bitdi
Geri dön