Ana Sayfa > Karusel / Dünya / M2 > Avropanın Türkiyəyə qarşı “qaçqın gedişi”

Avropanın Türkiyəyə qarşı “qaçqın gedişi”


10-06-2016, 10:54. Yazar: Xeberaz

Avropanın Türkiyəyə qarşı “qaçqın gedişi”

Türkiyə və Avropa Birliyi arasında imzalanmış qaçqınlar və viza anlaşmasının reallaşması artıq mümkünsüz görünür.

Musavat.com xəbər verir ki, Almaniya parlamentinin “erməni soyqırımı” qərarından sonra anlaşmanın “rəfə qaldırılması” gözlənilir.

Xatırladaq ki, bu ilin əvvəlində Türkiyə ilə Avropa Birliyi arasında viza və suriyalı qaçqınlar mövzusunda anlaşma əldə olunmuşdu. Anlaşmaya əsasən Avropaya getmək istəyən qaçqınlar Yunanıstan və digər Avropa ölkələrindən Türkiyəyə qaytarılacaq, AB ölkələri isə geri qaytarılan qaçqınların sayı qədər qaçqını Türkiyədən seçmə yolu ilə özləri qəbul edəcəkdi.

Bu anlaşmanın qarşılığında AB Türkiyə vətəndaşlarına Birlik ölkələrinə (Şengen vizasına daxil olmayan İngiltərə, İrlandiya və İslandiya xaric – K.R) vizasız səyahət haqqı tanıyacaqdı. Ancaq mayın əvvəllərində məlum oldu ki, viza üçün Türkiyə qarşısında qoyulan 72 şərt yerinə yetirilsə də, “Terrorla Mübarizə Qanunu”nun dəyişməsi tələbi Türkiyə dövlət rəsmiləri tərəfindən qəbul edilməyib. Almaniya parlamentinin məlum qərarından sonra isə ümumiyyətlə, bu anlaşmanın gündəmdə qalması sual altına düşüb.

İndi necə deyərlər, işlər o qədər dolaşıb ki, bu anlaşmanın mahiyyətinə diqqət etmək heç kimin yadına düşmür. Avropa mediası, ictimai quruluşları, düşüncə mərkəzləri isə Türkiyəni ittiham edir. Lakin diqqət etdikdə, bu anlaşma ilk baxışdan təqdim edildiyi kimi Türkiyənin maraqlarına xidmət edən və ya Ankara üçün faydalı bir anlaşma deyildi. Qaçqın anlaşması Avropanın maraqlarına xidmət edən bir proses idi və rəsmi Ankara bu gedişatda necə deyərlər, oyuna gətirildi. Son nəticədə türklər demiş, yenə də “fatura Türkiyəyə kəsildi”.
Sabiq baş nazir Əhməd Davudoğlunun “Kayseri pazarlığı” adı verdiyi Avropa ilə anlaşmaya görə, Avropa Birliyi Türkiyənin qaçqınları geri qəbul etməsi qarşılığında 3 milyard avro yardım edir və eyni zamanda geri qaytarılan qədər qaçqını özü seçib qəbul edəcəkdi. Bunu hal-hazırda edir də. Bunun əvəzində isə Türkiyənin vətəndaşları Avropaya vizasız səyahət edəcəkdi. Bu anlaşma əldə olunmadı. Amma olunsaydı belə, Türkiyədə cəmi 3 milyon pasportu olan vətəndaş bu hüquqdan yararlana biləcəkdi.

Eləcə də 3 milyard avro mövzusunda da Ankara ilə Brüssel anlaşa bilmədi. Daha əvvəl yardımın Türkiyəyə ediləcəyi deyilsə də, sonradan Avropa pulu beynəlxalq yardım təşkilatlarına verəcəyini bəyan etdi.

Anlaşmaya əsasən, öz vasitələri ilə - qaçaq yolla dəniz üzərindən Yunanıstan, İtaliya, Bolqarıstan kimi ölkələrə keçib gedən qaçqınlar Türkiyəyə geri qaytarılacaq, geri qaytarılan sayda qaçqını Avropa Birliyi özü seçib (!?) alacaqdı. Sualın ən maraqlı yeri də budur. Avropa nədən Yunanıstana, İtaliyaya qədər gedən insanları almayıb, özü Türkiyədən seçmə yolu ilə miqrant qəbul edir?

Birinci versiya terrordur. Bir sıra mütəxəssislərə görə, qaçqınlar arasında çoxlu sayda terrorçu da Avropaya gedə bilər və bu səbəbdən də AB özü Türkiyədə daha təmiz “bioqrafiyası” olanları seçmək istəyir. Amma razılaşmaq mümkündür ki, eyni işi rahat şəkildə Yunanıstanda da etmək mümkündür. Onsuz da qaçqınlar geri qaytarılır, onların içərisindən şübhəliləri də seçib göndərmək mümkündür.

Bir başqa versiya isə Avropanın suriyalı, əfqanıstanlı, iraqlı, şimali afirkalı qaçqınlardan özünə yeni vətəndaş, gənc işçi qüvvəsi alması planıdır. İddialara görə, Avropa Birliyinin bir çox ölkələri məhz seçmə yolu ilə uyğun kriteriyalarda özləri üçün yeni vətəndaş və işçi qüvvəsi əldə etməyə çalışır.

Məsələn, ötən ay “Azadlıq” radiosu “The Economist”ə istinadən Almaniyanın 2060-cı ilədək 81 milyonluq əhalisinin 10 milyonunu itirəcəyi və buna görə də Berlinin özünə yüz minlərlə qaçqın şəklində “təzə qan” vurduğunu yazmışdı. Eyni zamanda məqalədə deyilirdi ki, bu dərddə olan təkcə Almaniya deyil. Əhalisinin tərkibində 65 yaşdan yuxarı olanların sayına görə ilk 10 ölkədən 9-u Avropada yerləşir. 10-cu Yaponiyadır.

Ötən il Avropa İttifaqından sığınacaq istəyən qaçqınların beşdə dördü yaşı 35-dən aşağı olanlardır. Məqalədə deyilir ki, məhz miqrasiyanın sayəsində Almaniya əhalisinin azalması 2011-ci ildə dayanıb və o vaxtdan bəri fasiləsiz şəkildə artır.

Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, demoqrafik tənəzzülün dayanması üçün Almaniyaya ildə 470 min iş yaşında olan miqrantın gəlməsi lazım olardı. Həm də bu prosesin daim davam etməsi lazımdır, çünki miqrantlar da qocalırlar və miqrant qadınların da doğum reytinqi bir müddətdən sonra yerli əhalininki qədər olur.

Göründüyü kimi, qaçqın anlaşmasında qəribə görünən seçmə üsulu ilə qaçqın qəbulunun arxasında Avropanın incə maraqları dayanır. Və bu proses Türkiyə üzərində oynanıldı. Əvvəlcə hökumətlə bir anlaşma üzərində razılığa gəlindi, daha sonra bu anlaşma baş tutmadı. Hər iki halda Avropa Birliyi bu mərhələdən uduşlu çıxmış kimi görünür. Bu gündən sonra Avropanın qaçqınları qəbul etməsi (istədiyi sayda) ən pis halda Avropa humanizmi kimi qarşılanacaq. Bu gün baxdıqda qaçqın anlaşması prosesində günahkar kimi göstərilən Türkiyə hakimiyyəti isə sadəcə bu incə oyunda təcrübəli Avropanın oyununa düşdü. İndi hətta miqrantların Avropaya göndərilməsi sözləri belə Avropanın əlində Türkiyəyə qarşı karta çevrilib. Və oyunun sonunda bütün “fatura” Türkiyəyə kəsildi.
Geri dön