Ana Sayfa > Karusel / Hadisə / Bizim seçim > Sürücü DYP meydançasındakı maşınları yandırdı - Rəsmi

Sürücü DYP meydançasındakı maşınları yandırdı - Rəsmi


31-05-2016, 17:49. Yazar: Xeberaz
Sürücü DYP meydançasındakı maşınları yandırdı - Rəsmi

Abşeron rayonunda yanğın hadisəsi baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.

FHN-dən Axar.az-a verilən məlumata görə, Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Kraysler", "Mersedes", "Mitsubişi" markalı minik avtomobilləri naməlum şəraitdə alışaraq yanıb.

Hadisə zamanı "Ford" markalı minik avtomobilinə də qismən zərər dəyib. Meydançadakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Kraysler", "Mersedes", "Mitsubişi" və "Ford" markalı minik avtomobillərinin yanmasının səbəbi məlum olub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS-ə açıqlamasında bildirib ki, yanğın heç də təsadüf nəticəsində baş verməyib:

"Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa) gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od vurub. Yanğının miqyası getdikcə genişləyib və ərazidəki avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb".

Şöbə rəisi onu da əlavə edib ki, saxlanılan şəxsin məhkəməsi olacaq və bundan sonra yanan avtomobillərə dəyən zərərin kim tərəfindən ödəniləcəyi müəyyən ediləcək.
Geri dön