Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Ekspertdən banklarla bağlı ciddi xəbərdarlıq

Ekspertdən banklarla bağlı ciddi xəbərdarlıq


16-05-2016, 13:17. Yazar: Xeberaz

Ekspertdən banklarla bağlı ciddi xəbərdarlıq
Bu ilə 9 milyard 472 milyon manatlıq əmanətlə başlayan banklar 2016-cı ilin yalnız 3 ayı ərzində 1 milyard 396 milyon manat depozit itiriblər.

"Xəbəraz.az "xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert bildirib ki, bunun əsas səbəbi banklara olan inamın azalması üzündən əmanətçilərin öz pullarını geri çəkməsidir:

“Ötən il fevralın 21-i ümumi əmanətlərin həcmi 7 milyard 932 milyon manat idi. Bu, həmin dövrə olan məzənnə ilə 7 milyard 554 milyon dollar demək idi. Daha sonra bu göstərici ötən ilin dekabrında 7 milyard 89 milyon manata düşdü. İkinci devalvasiya əmanətlərin manat ifadəsində məbləğini artırsa da, dollar ifadəsində dəyərsizləşdirdi. Xarici valyuta ifadəsində yalnız son 1 ildə əmanətlərin məbləği 2 milyard 205 milyon dollar azalıb. Bütün bunlar Mərkəzi Bankın rəsmi göstəriciləri əsasında aparılan hesablamalardır və müqayisələr göstərir ki, son 1 ildə banklara inam ciddi şəkildə azalıb”.

İqtisadçının sözlərinə görə, hələ də bir sıra banklarda əmanətçilərə pulların qaytarılması ilə bağlı ciddi problemlər qalmaqdadır:

“Təəssüf ki, 2010-2014-cü illərdəki arxayın və yanlış bahalı kredit siyasəti bu sektorda ciddi problemlərin əsasını qoyub. Əmanətlərin müqaviləyə uyğun olaraq zamanında və tələb edilən məbləğdə qaytarılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən konkret meyarlar müəyyənləşdirilməlidir. Bankların problemli kreditlərinin həcminin artması əmanətçinin deyil, MDB-də ən yüksək kredit faizləri ilə uzun müddət inanılmaz qazanc əldə edən bir sıra bank rəhbərlərinin günahıdır. Ona görə də, heç bir halda kreditlərin yubadılması əmanətlərin qaytarılmaması üçün bəhanə olmamalıdır”.
Geri dön