Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Elza Seyidcahan: “Mən gözəl dəliyəm”

Elza Seyidcahan: “Mən gözəl dəliyəm”


14-05-2016, 18:07. Yazar: Xeberaz
Elza Seyidcahan: “Mən gözəl dəliyəm”

“Əlim aşağı olduğuna görə Namiqin toyuna gedə bilmədim”

Əməkdar artist Elza Seyidcahanın Lent.az-a müsahibəsi

- Elza xanımın yenilikləri nədən ibarətdir?

- Həmişəki kimi bütün diqqətimi sənətimə yönəltmişəm. Yeni qələbə marşları bəstələmişəm. Bilirsiniz ki, mənim musiqilərim bir az çətin alınır. Ona görə də hələ ki, üzərində işlər gedir. Tezliklə həmin bəstəni oxuyub, dinləyicilərə təqdim edəcəyəm. Baxmayaraq ki, mənim vətənpərvər musiqilərim çox olub, amma cəbhədə baş verən son hadisələrdən sonra bu mövzuda yeni bəstəyə ehtiyac duydum.

- Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişənə qədər onunla qalmaqalınız oldu. Hətta ANS-in canlı efirində çəkinmədən mərhum xalq artistinin ünvanına bir çox ittihamlar irəli sürmüşdünüz...

- (Sözümü yarımçıq kəsir...) Bilirsiniz, o insanlar ki İlhamə Quliyevadan qorxurdular, onların qorxacaq, çəkinəcək işləri var idi. Amma mənim hər zaman alnım açıq, üzüm ağ olub. Hər kəsin sözünü yerində deməyi bacaran insanam. İnsanların üzünə dik baxmağa cürətim çatır. Xalqın içində özümü heç bir zaman hörmətsiz aparmamışam, yaltaqlıq etməmişəm. Nə də heç kimin arxasınca danışmamışam. Bir də ki, qorxaqlıq başqa, özünə əminlik başqa. Mən İlhamədən niyə qorxmalı idim ki? Allah bizi yaratmayıb ki, qorxa-qorxa yaşayaq.

- Təyyarədə konsert vermək istəyirdiniz. O plan nə yerdə qaldı?

- Dediyim və vəd etdiyim bütün layihələrim gerçəkləşib. Təyyarədə də konsertim olacaq. Bu, elə bir konsert olacaq ki, hər kəs bundan danışacaq.

- AZAL rəsmisi bildirmişdi ki, bu konsertə icazə olmayacaq.

- Yox, o açıqlama başqa idi. Konsert çox güman ki, yayda olacaq. Kim həmin konsertdə iştirak etmək istəyəcəksə, biletini alacaq, oturacaq. Həmin gecəyə sənətçi həmkarlarımı da dəvət etməyi nəzərdə tutmuşdum. Amma sora düşündüm ki, konsertim hansısa həmkarıma maraqlı olsa, özü də bilet alar.

- Daha hansı layihələriniz var?

- Xeyli müddətdir ki, “Qonşular” adlı konsertimi reallaşdırmaq istəyirəm. Həmin konsertim də səs-küylü olacaq. Həmin konsertdə yalnız qonşularım olacaq. Bütün detallara qədər düşünmüşəm. Bundan başqa metroda da konsert verəcəyəm. Bu konsert də yaddaqalan olmalıdır. İnsanların böyük marağına səbəb olacaq. Bu konsertləri ilk dəfə mən edəcəyəm.

- Elza Seyidcahan müğənni olmasaydı nədən pul qazanardı?

- Yəqin ki, müğənni olmasaydım, acından ölərdim. Yaxşı ki, müğənni olmuşam. Həqiqi sözümdür. Müğənnilikdən savayı bəstəkarlığı bacarıram. Amma bəstəkarlıqdan da pul qazanmaq olmur. Başqa ölkədə yaşasaydım, bəstəkarlığımdan milyonlar qazanardım. Müğənni olduğuma görə hər gün allahıma şükür edirəm. Zamanın nəbzini tutmaq lazımdır. Bu günə qədər toy tutmaq üçün mahnı oxumamışam. Əgər oxusaydım, indi “Toylar kraliçası” olardım.

- Hazırda Elza Seyidcahanın küsülü olduğu tanınmış varmı?

- Yox, hamıyla münasibətim yaxşıdır. Bircə meyxanaçı Namiq Qaraçuxurlu və müğənni Elçin Cəfərovun toyuna gedə bilmədiyimə görə özümü pis hiss edirəm. Onlar məndən incimədilər. Namiq Qaraçuxurlu mənim balalarımın toyunda yaxşı iştirak edib. Amma mən əlim aşağı olduğuna görə onun toyuna gedə bilmədim. O vaxt seçki ərəfəsi idi, mənə pul lazım idi. Namiqə və Elçinə də demişəm, uşaqları olanda evlərinə gedəcəm, borclarından çıxacam.

- Bu günə qədər sponsorunuz olubmu?

- Mənim sponsora ehtiyacım olmayıb. Əksinə müğənniliyim bəstəkarlığıma sponsorluq edib. Bu yaxınlarda kitabım çıxmalıdır. Kitabda şeirlərim olacaq. Həmin kitabın işıq üzü görməsi üçün mənə 5 min manat pul lazımdır. İndi həmin pulu məcburən mən verməliyəm.

- Müsahibənizdə söyləmişdiniz ki, övladlarımı yerbəyer edəndən sonra ailə quracaqsınız.

- Bu qismət işidir. Bilmək olmaz. Qismətdə varsa, yenidən ailə quracam.

- Necə biri sizin həyat yoldaşınız ola bilər?

- Allah adamı olsun. Vampir olmasın, adamı geri salmasın. Adam var ki, həyat yoldaşına kömək etmir, geri salır. Mənə elə bəy lazım deyil. Belə baxanda sənətim mənə ərdir. Onun nazını çəkirəm.

- Bəzən sosial şəbəkələrdə şeirlərinizi paylaşıb tənqid edirlər. Bununla bağlı nə deyərdiniz?

- Hər kəsin öz düşüncə tərzi var. Mənim şeirlərimi hər kəs anlaya bilməz. Bu yaxınlarda yeni “Elə yataram ağuşunda” adlı bir şeir də yazdım. Bu şeiri çox adam bəyəndi. Şeirlərim də musiqilərim formasındadır. Sevinirəm ki, belədir.

- Sizə dəli deyənlər də az deyil.

- Ümumiyyətlə hərə bir cür dəlidir. Yəni hərənin öz dəliliyi var. Xasiyyətlər müxtəlif olduğu kimi, dəliliklər də müxtəlifdir. Mənim dəliliyim gözə çarpırsa, deməli yaxşı dəlilikdi. Hələ ki, dəlixanaya düşməmişəm, yaxşıyam. Mən gözəl dəliyəm. Gözəl dəli olmağı hər adam bacarmır. Adam var ki, özünü bilərəkdən dəliliyə qoyur. Sənət, insanlıq dəlisi olmaq yaxşı işdir. Hər bir dahidə bir balaca dəlilik var.

- Özünüzə dahi deməyiniz, gitaraçı Rəmişin ürəyincə olmayıb. Deyib ki, Elza yaxşı sənətçidir, amma dahi deyil.

- Onu gələcək göstərəcək. Heç bir zaman dahilər vaxtında qəbul olunmur. İllər keçəndən sonra deyirlər ki, həqiqətən də dahi imiş. Mən öz zamanımın dahisiyəm.
Geri dön