Ana Sayfa > Karusel / Gündəm / M2 > Ordumuz dərhal əməliyyata başlaya bilər – Konvensiya

Ordumuz dərhal əməliyyata başlaya bilər – Konvensiya


28-04-2016, 14:09. Yazar: Xeberaz
Ordumuz dərhal əməliyyata başlaya bilər – Konvensiya


Dağıdılan evlərin fotoşəkilləri çəkilərək BMT, AŞPA və digər beynəlxalq təşkilatlara göndərilməlidir.

Bu sözləri "Xəbəraz.az "-a hüquq elmləri doktoru Fərhad Mehdiyev ermənilərin cəbhəyanı ərazilərdə mülki vətəndaşları hədəfə almasını şərh edərkən deyib. Beynəlxalq hüquq üzrə ekspertin sözlərinə görə, dünyanın qəbul və əməl etdiyi konvensiyalar Azərbaycan ordusuna mülki vətəndaşlara atəş açan düşmən mövqelərini darmadağın etməyə və əhalini hədəfdə saxlayan nöqtələrə nəzarəti ələ keçirməyə imkan verir:

“Bu məsələ 1949-cu il Cenevrə konvensiyasi və 1977-ci ildə bu konvensiyaya əlavə edilmiş 1-ci protokolla tənzimlənir. Müharibə vaxtı hökumət binaları və hərbi qurğular istisna olmaqla, dinc vətəndaşları, yaşayış məntəqələrini, məktəbləri, baxçaları hədəfə almaq qadağandır. Düzdür, bəzən hərbi obyektlərin vurulması zamanı yaxınlıqdakı mülki tikililər də ziyan çəkir. Ancaq ermənilərin aprelin 28-nə keçən gecə Ağdam və Tərtərdə 110 mülki evi, 2 məktəbi, 2 baxçanı, Tərtər şəhərinin mərkəzindəki pambıq zavodunu dağıtması, fermer təsərrüfatını gülləbaran etməsi və mal-heyvanı qırması, ən əsası da 1 mülki vətəndaşı öldürməsi, 8 nəfəri yaralaması bu atışların təsadüf yox, qəsdən edildiyini göstərir.

Cenevrə konvensiyası əsas verir ki, Azərbaycan bu halda həmin atəş nöqtələrini arsenalında olan istənilən silahı tətbiq etməklə məhv etsin, həmçinin mülki əhalini hədəfdə saxlayan yüksəklikləri nəzarətə götürsün”.

Ekspert bildirib ki, ermənilərin mülki əhaliyə, evlərə, məktəblərə qarşı bu vəhşiliyini təsdiqləyən sənədlər rəsmi qaydada dərhal BMT, AŞPA və digər mötəbər qurumlara təqdim edilməlidir. Onun sözlərinə görə, bu faktların təqdimatından sonra beynəlxalq hüquq Azərbaycana müstəsna səlahiyyət tanıyır:

“1. İşğalçı dövlətin həmin ərazidə öz əhalisini yerləşdirmək hüququ yoxdur. (Cenevrə konvensiyası m. 49). Yəni Azərbaycan sabiq Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, bu gün Ermənistanın işğalı altında olan ərazilərdə hərbi əməliyyatlara başlayarsa və bu zaman erməni mülki əhali ziyan çəkərsə, buna görə Azərbaycan deyil, orda mülki əhalini zorla məskunlaşdıran Ermənistan məsuliyyət daşıyır. İşğalın təsdiqi isə İnsan hüquqları üzrə Avropa məhkəməsinin qərarıdır (“Çıraqovla Ermənistana qarşı”).

2. Azərbaycan Ermənistana işğal etdiyi ərazini boşaltmaqla bağlı xəbərdarlıq edəndən sonra öz ərazisini işğaldan azad etmək üçün hərbi əməliyyatlar səlahiyyətinə malikdir (1907-ci il konvensiyası, m.40). Bu cür xəbərdarlıq Azərbaycan tərəfindən dəfələrlə verilib: əgər işğal olunmuş ərazilər boşaldılmasa, biz özünümüdafiə hüququndan istifadə edəcəyik.

3. BMT Nizamnaməsinin 61-i maddəsində, habelə BMT TŞ-nin 1974-cü il bəyannaməsində işğalçının müəyyənləşdirilməsi barədə maddələrə əsasən, Avropa Şurasının 2016-cı ilin yanvarında qəbul olunmuş bəyannamədə göstərildiyi kimi, Azərbaycan erməni işğalçı qüvvələrinin DQMV-ə aid olmayan torpaqlardan çıxarılmasında və güc tətbiq etməsində haqlıdır və bu, BMT Nizamnasəsinin 51-ci maddəsinə, o cümlədən Haaqa və Cenevrə konvensiyalarına uyğundur”.

Xatırladaq ki, Ermənistanın kəndlərimizi və mülki əhalini atəşə məruz qoyması aprel ayında daha da intensivləşib. Yalnız son iki gün ərzində ermənilərin açdığı atəş nəticəsində Ağdam rayonunda 1 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Tərtər və Ağdam rayonlarında 110 ev, 2 məktəb, 2 bağça, 1 yarımstansiya dağılıb. Tərtər şəhərinin mərkəzindəki pambıq zavoduna iki mərmi düşüb və zavod ciddi zərər görüb. Ağır artilleriya atəşi nəticəsində Zənguşalı kəndindəki "Qara İnək" fermer təsərrüfatında 11 inək ölüb, 19 inək xəsarət alıb.Axar.az
Geri dön