Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > DİQQƏT! Bu yazıçılarımız pulla özgəsinə əsər yazıblar - SORĞU

DİQQƏT! Bu yazıçılarımız pulla özgəsinə əsər yazıblar - SORĞU


26-04-2016, 17:31. Yazar: Xeberaz
DİQQƏT! Bu yazıçılarımız pulla özgəsinə əsər yazıblar - SORĞU

Bəzən bir əsər populyar olur, xeyli oxunur, müəllifinə böyük şöhrət qazandırır. Sonra məlum olur ki, həmin əsərin müəllifi başqa birisi imiş. Məsələ isə çox sadə baş verib: həmin adama pul müqabilində əsər yazdırıb və öz imzası ilə çap etdirib.

Bəs bizim yazarlar necə, pul müqabilində başqasına əsər yazıblarmı? Yazmayıblarsa, yazarlarmı?

Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Aqşin Yenisey: “Dünyada bu işlə məşğul olan xeyli məşhur yazıçılar olub. Onlara “ədəbi zəncilər” deyirlər. Bu adamlar pul qarşılığında sifariş olunan mövzuları başqaları üçün yazırlar. Burada pis bir iş yoxdur. Xüsusilə Azərbaycan kimi oxucu hesabına özünü maddi vəsaitlərlə təmin edə bilməyən ölkələrdə yazıçıların ən yaxşı dolanışıq yeri “ədəbi zəncilik” ola bilər. Amma gərək ölkədə ədəbi aristokratiya da olsun. Mən elə 16 ildir Azərbaycan mətbuatına zəncilik etməklə məşğulam”.

Zahir Əzəmət: “Daha çox orta məktəbdə və tələbəlik illərində olub bu. Yoldaşların xahişi ilə onların adından sevgi şeirləri yazmışam. Bir dəfə isə - təxminən 12 il əvvəl - birinin sifarişi ilə onun təklif etdiyi mövzuda, bir roman qaraladım, şərt bu idi ki, kitaba müəllif kimi hər ikimizin adına yazılacaq. Sonra isə məndən xəbərsiz öz adına çap etdi kiçik tirajla. Mən də açıb-ağartmadım. O zaman kasıb vaxtlarımız idi. 6 ay kirayə pulumuzu, yeyib-içməyimizi ona ödətdirib, əməlli-başlı kef edirdik. İndi hərdən dostlarla öz aramızda bunu danışıb-gülürük. Yenə belə biri olarsa, etiraz etmərəm. Müəyyən şərtlər daxilində indi də qəbul edərəm. Burada faciə görmürəm. Hesab edərəm ki, həmin adamın adı mənim gizli ləqəbimdir.”

Etimad Başkeçid: “Başqasının əvəzinə əsər yazmaq olayı bütün dünyada, özü də çoxdan mövcuddur. Əvvəllər qərbdə belə adamları “ədəbiyyat zənciləri” adlandırırdılar, indi siyasi ədəb naminə “ədəbiyyat ruhları” deyirlər. “Ədəbi muzdur”, “ədəbi qul” - hamısı onlardır. “Muzdur”ların əl işini tanımaq o qədər də çətin deyil. Baxırsan, ağıllı-başlı adamdır, Allah bir az istedad da verib, bir-iki babat mətni də var, amma bəzi kitabları rabitəsiz, pafoslu cümlələrlə, mənasız metaforalarla doludur. Başa düşürsən ki, sənətkar plantasiyasında “zənci” işlədir. Mənə pul müqabilində əsər yazdırmaq istəyənlər olub, amma həmişə boyun qaçırmışam. Çünki bilirəm, bu yola düşdünsə, geriyə dönüş yoxdur. Mənim çox istedadlı bir rus tələbə yoldaşım vardı, kasıblıq ucbatından ona-buna əsərlər yazmağa başladı. Hər dəfə “qonorar” alanda bizə yaxşı qonaqlıqlar verirdi. Sonra ədəbiyyatdan ayrıldı, deyəsən, sifarişləri də kəsildi. Mənə görə, sifarişlə bədii əsər yazmaq adam öldürməkdən də betərdir. Talantlı kasıb insanlara kömək eləmək əvəzinə, onları öz nəfsinə alət eləyənlərin adını isə siz qoyun.”

Namiq Hüseynov: “Düşünürəm ki, bu gizlədilsə də ədəbiyyatın populyar olduğu ölkələrdə sıx-sıx edilən bir şeydir. Etik cəhətdən doğru olmasa da, pul, yaxud bir qonaqlıq qarşılığında kimisə tərifləməkdən daha mədəni fəaliyyətdir. Məndə bir neçə dəfə belə vəziyyət olub. Ümumiyyətlə, redaktorluqla məşğul olursansa başqasının yerinə bir abzas bəzən də bir neçə səhifə yazmaq qaçılmaz işdir. İndiyədək pul qarşılığında qoca bir hərbçinin memuarlarını, gənc bir polisin detektiv romanını və bir xanımın sevgi romanını yazmaqda həmmüəlliflik etmişəm”.

Aydın Xan: “Elə təklif çox olub, sözsüz. Boynuma alıram ki, elmi-publisistik, siyasi-ədəbi sifarişlə yazdığım əsrlər olub. "Qonorar"ımı alandan sonra əziyyətə qatlaşaraq, qələmə sarılmış, intellektal-kreativ “məhsul”umu kimlərəsə satmışam. Fəqət bədii yazılarımı heç vaxt satan deyiləm. Bədii əsər sifarişini almıram, bu, mənim qəti prinsipimdir. Deyilmiş fikirdir: bədii əsərlər də adamın öz övladı kimidir. Bədii yaradıcılıq nümunələri məlhəm anlayışlara aid olan dəyərlər sayılır. Onlar satılmır, dəyişdirilmir, özgəyə verilmir. Belə bir təklif olsa, razı olmaram.”

Qulu Ağsəs: “Redaktə elədiyim əsərlər olub ki, yazmağa bərabər! Amma elə təklif almamışam. Görən neçə verərlər, maraqlıdır”.

Natiq Rəsulzadə: “Dünyada bu cür şeylər var, onlara “ədəbi zənci” deyirlər. Yaxşı da yazırlar. Rusiyada, Avropada buna yazıçılıq kimi yox, biznes kimi baxırlar. Mən yüksək idarələrin sifarişi ilə yazmışam. Sifarişlə yazmaq ayıb deyil. Ancaq elə adamlar var ki, yazıçılığa taleyi kimi yanaşır. Mən heç vaxt kiməsə əsər yazıb, onun adına çap olunmağına razı olmaram. Elmdə buna rast gəlmək olar. Hətta yazan adama sifariş gələndə sevinir. Amma kiminsə adına əsər yazmaq ədəbiyyatda fırıldaqçılıqdır. Mən alverçi deyiləm, yazıçıyam”.

Mirmehdi Ağaoğlu: “Hərdən dolanışıq çətinləşəndə fikirləşirəm ki, yaxşı pul verən olsa roman yazardım. Özüm üçün dəqiq məbləğ də müəyyənləşdirmişəm – 50 min dollar. Əlbəttə, bu məbləğ Azərbaycan reallığı üçün çox yüksəkdir, bəlkə bu addım ürəyimcə olmadığı üçün belə yüksək məbləğ seçmişəm, sifariş verən olmasın. Başqası üçün əsər yazmaq öz uşağını kiməsə övladlığa vermək kimi ağırdır. Belə deməyimə baxmayın, 50 mini alaram da, gücüm çatan qədər bir əsər yazaram da, amma təhvil vermək ərəfəsində çətin ki, özümdə o təpəri tapa biləm. Lap əsəri təhvil versəm də ondan sonra dərin depressiyaya düşərəm. Ancaq bir şeyi də deyim ki, hər bir məsələdə haqq-ədaləti qorumağa çalışsam da bu məsələdə əsla qorumaram. Əsər çap olunandan sonra görsəm məşhurlaşdı, mütləq aləmə car çəkərəm ki, bu əsər mənimdi. Zarafat bir qırağa, görün Azərbaycan yazıçısı necə ağır sosial durumdadır ki, ağlına hekayə, roman ideyası yox, belə mağmın süjetlər gəlir”.
Geri dön