Ana Sayfa > Karusel / Gündəm / M2 > Aleksandr Mirzoyan: “Azərbaycanlılar sülhsevər və yaxşı xalqdır”

Aleksandr Mirzoyan: “Azərbaycanlılar sülhsevər və yaxşı xalqdır”


21-04-2016, 15:33. Yazar: Xeberaz
Aleksandr Mirzoyan: “Azərbaycanlılar sülhsevər və yaxşı xalqdır”

Aprelin 20-si Futbol Veteranları İttifaqının prezidenti, SSRİ idman ustası, “Neftçi”, “Ararat” və Moskva “Spartak”ının, eləcə də SSRİ yığma komandasının keçmiş müdafiəçisi, Rusiya Futbol İttifaqı prezidentinin müşaviri Aleksandr Mirzoyanın 65 yaşı tamam oldu. Biləndə ki, ona zəng etmiş jurnalist həm də Azərbaycan mətbuatı üçün yazır, Aleksandr Baqratoviç fərəhləndi və bütün suallara səmimi cavab verdi.

A.Mirzoyan qeyd edib ki, Bakıda böyüyüb, boya-başa çatıb: “Biz 5-ci Dağüstü küçəsində, keçmiş “Ermənikənd”də, yəni demək olar ki, Respublika stadionunun yaxınlığında yaşayırdıq. O zaman İnqilab küçəsində tramvay işləyirdi. Hər dəfə oyun olanda, azarkeşlərin tramvayla stadiona necə getdiklərinin şahidi olurdum”.

A.Mirzoyanın sözlərinə görə, 1968-ci ildən 1974-cü ilə qədər “Neftçi”də Anatoli Banişevski, Eduard Markarov, Kazbek Tuayev, Vyaçeslav Semiqlazovla bir yerdə çıxış edib və sonra “Ararat” komandasına keçib.

Yerevan komandasına keçidində milliyyətinin rolunun olub-olmadığı ilə bağlı suala cavab verərkən keçmiş futbolçu deyib: “Nə danışırsınız? O vaxt Bakıda insanları milliyyətinə görə bölmürdülər. Azərbaycanlılar çox sülhsevər və yaxşı xalqdır. Mən indiyə qədər bakılı dostlarımla ünsiyyət saxlayıram. Məsələn, Rafiq Quliyevlə, Tofiq Abbasovla və s. Biz bakılılar bütün xalqlara yaxşı yanaşırıq. Kimsə Qarabağda nə törədibsə, Allah cəzasını versin. Axı biz – sadə ermənilər də zərər görmüşük”.

“Heç vaxt fikirləşə bilməzdim ki, iki yaxın xalqı belə bir-birinə düşmən edə bilərlər. Bütün bunları görmək mənim üçün ağrılıdır. Yeri gəlmişkən. Futbol karyeramı bitirdikdən sonra həyat yoldaşımla Bakıya qayıdıb yaşamaq istəyirdik, heyif ki, alınmadı.

Bakıda anamın qəbri var, mən isə ora gedə bilmirəm. Doğulub boya-başa çatdığın, ananın qəbri olan şəhərə gedə bilməmək çox üzücüdür. Mən heç bir xalqı baş verənlərdə günahlandırmıram. Yalnız nəyi böldüklərini anlamadığım erməni siyasətçilərini qınayıram. Düşünürdüm ki, bu münaqişə tezliklə həll olunar. Təəssüf ki, olmadı...”, - Aleksandr Mirzoyan belə deyib.
Geri dön