Ana Sayfa > Karusel / Hadisə / M2 > Babasını öldürüb qaçan nəvə tutuldu

Babasını öldürüb qaçan nəvə tutuldu


29-02-2016, 12:49. Yazar: Xeberaz
Babasını öldürüb qaçan nəvə tutuldu
Polis əməliyyat keçirib.

Bakıda babasını qətlə yetirən nəvə tutulub.

"Xəbəraz.az " xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində 76 yaşlı Həmid Məmmədrəsul oğlunun qətlə yetirilməsi ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun nəvəsi, 23 yaşlı Hüseynov Hacıağa İldırım oğlu tutulub.

H.Hüseynov hadisənin baş verdiyi gündən 12 gün sonra tutularaq istintaqa təhvil verilib.

İlkin araşdırma zamanı məlum olub ki, H.Hüseynov babasının qətlini tamah məqsədi ilə təşkil edib. Məlum olub ki, o, cinayəti qonşusu ilə birgə təşkil edib və 76 yaşlı H.Məmmədrəsul oğlunu bağ evinin həyətində başından vuraraq öldürəndən sonra onun 2 min manatını ələ keçirərək bölüşdürüb.

Bildirilir ki, H.Məmmədrəsul oğlu şəhərdə yaşayırmış və arabir bağ evinə gedirmiş. Məlum qətl də həmin vaxta planlaşdırılıb. Əvvəllər neftçi işləyən və daha sonra təqaüdə çıxan H.Məmmədrəsul oğlunun şəxsiyyət vəsiqəsində onun soyadı göstərilməyib, əvəzinə isə "XXX" qeyd edilib.

Qeyd edək ki, məlum hadisə ilə bağlı daha əvvəl Bakı şəhər sakinləri Hüseyn Abdulzadə və Elman Qasımov tutulmuşdu.
Geri dön